Novator.az saytı 2016-cı ilin ilk günündə 50 yaşını tamamlayan jurnalist Hikmət Sabiroğlunun “Qarabağ söhbətləri”ni oxucuların diqqətinə təqdim edir.
Hikmət Sabir oğlu Zeynalov 1 yanvar 1966-cı ildə Şuşada doğulub. 1983-cü ildə Şuşa şəhər 4 nömrəli orta məktəbini bitirib, Şuşa Elmi Bərpa İstehsalat İdarəsində fəhlə işləyib. 1984-1986-cı illərdə SSRİ Silahlı Qüvvələrində qulluq edib. 1991-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirən Hikmət Sabiroğlu “Azadlıq” qəzetində (müxbir, şöbə müdiri, redaktor müavini), “Press-Fakt” qəzetində (müxbir), “Avropa” qəzetində (baş redaktor müavini), “III Sektor” jurnalında (redaktor), Mediaforum.az xəbər saytında (baş redaktor müavini) çalışıb.
2007-ci ildə kitab şəklində çapdan çıxmış “Qarabağ söhbətləri”ni Hikmət Sabiroğlu indi qismən yeniləyib.
Hikmət Sabiroğlu
O günü bütün təfərrüatı ilə yadda saxlamamışam. Stepanakertin girəcəyindəki Şuşa avtovağzalınacan, deyəsən, avtobusla düşdük. Şəhərin yuxarı başında yerləşən Kərkicahan qəsəbəsinə isə taksiylə qalxdığımız dəqiqdir.
1988-ci il fevralın 4-üydü. Ağdamlı xalam oğlu İntiqamlaydıq. Kərkicahanda xalamız olurdu, həm də İntiqamın bacısı Vüsalə orda ərdəydi. Çoxdan görmədiyim qohumlara dəymək ürəyimdəniydi, üstəlik, belə bir vaxtda camaatın ovqatını öyrənmək fürsəti düşmüşdü. Payızda SSRİ rəhbəri Qorbaçovun köməkçisi Aqanbekyan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi zərurəti haqda bəyanat səsləndirmiş, ardınca ermənilərin eyni tələblə imza toplaması xəbəri yayılmışdı. Yanvarda Şuşa ətrafındakı yüksəkliklərə kimlərinsə sancdığı ağ bayraqlar isə təslimçilik rəmzi və bu gün-sabah xoşagəlməz hadisələr olacağına işarə kimi narahatlıq doğurmuşdu.
***
Erməni sürücü Kərkicahana maşın sürməyə o qədər də həvəs göstərmədi. Ona çox pul verəsi olduq. Yol həqiqətən kələ-kötür və palçıqlıydı. Abad, səliqə-sahmanlı Stepanakertə bitişik qəsəbənin yolları Bakının Alatavalarını xatırladırdı, hərçənd burdakı tikililər “samastroyka” deyildi, evlər gözəgəlimliydi (Son illər Kərkicahan xeyli böyümüşdü. Bunun fərqinə sonralar, Şuşadan əl içi kimi görünən Stepanakerti nəzərlərimizdə ikiyə bölməyə başlayanda vardıq. Qarabağ hadisələrinə qədər Şuşadan ancaq Stepanakertin arta-arta getdiyini görürdük, şəhəri bizimkilərə və ermənilərə aid hissələrə ayırmamışdıq).
Kərkicahan qarışıq obaydı. Dağlıq Qarabağın müxtəlif kəndlərindən, həmçinin qonşu rayonlardan (əsasən də Laçından) köçüb burda yurd salmışdılar. Stepanakertdə iş və dolanışıq sarıdan problem azıydı, bu şəhərdə, sovet dövrünün ifadəsiylə desək, düzlük vardı. Zəhmətkeş və mərd camaatı vardı Kərkicahanın. Münaqişə illərində bunu bütün Azərbaycana sübut elədilər – 1988-ci ilin fevralından 1991-ci ilin dekabrına kimi düşmənlə üz-üzə, göz-gözə dayanıb torpağı qorudular.
***
Qohumlar, lap çox da xalam qızının əri İsgəndər məndən ötrü özünü həlak elədi. İntiqam onun evində, təbii ki, çox olmuşdu, mən birinci dəfəydi gəlirdim. Həm də yeznə məni bir növ Bakıdan gələn adam (universitetin ikinci kursunda oxuyurdum) kimi qəbul eləmişdi, ağzımdan çıxan hər kəlmədən bu torpaq haqq-hesabının nə söhbət olduğunu almaq istəyirdi. Mən də bildiyimdən danışır, amma ən çox ondan nəsə eşitməyə can atırdım – şəhərdə vəziyyət necədir, ermənilərin münasibətində nə dəyişib…
Gün ötənəcən qohum-əqrəbanın əl-ayağı o evdən çəkilmədi. Bizi görməyə gələnlərin hər biri dizini qatlamamış erməni söhbətini təzələyir və bu gərgin axarlı söhbətdə mən hərdən lap qızışıb “ekstremistlik” eləyirdim.
***
Dönmək məqamı gələndə İsgəndər bizi Şuşayacan öz maşınında aparacağını dedi. Buna heç bir ehtiyac yoxuydu, Şuşa taksiləri gecəyə kimi işləyirdi. Amma əl çəkmədi. İsgəndər, biz tərəf demiş, “ləyaxlı” oğlandır, amma mənə elə gəldi ki, bu artıq əziyyətə başqa səbəbdən girişir – bizi tək buraxmağa ürək eləmir.
Stepanakertin hər tini kom-kom yığışıb nəyisə qızğın müzakirə eləyən adamlarla doluydu. Bu şəhəri əvvəllər heç belə görməmişdim, elə maşınımızı qəribə-qəribə süzən baxışlar da yeniydi. Səhər biz gələndə bu mənzərə yoxuydu, deməli, iş vaxtı qurtaranda yığışırlar…
***
Stepanakertdə mən elə də çox olmamışam. Hərdən özüm kimi futbol xəstələrinə qoşulub SSRİ çempionatının ikinci dəstəsində oynayan yerli “Qarabağ”ın oyunlarına baxmağa getmişəm. Arada dükan-bazara, xəstəyə baş çəkməyim də olub. Yeri gəlmişkən, mən böyrəyindən yatan bibim oğlunun yanına getdiyim həmin gün xeyli təsirlənmişdim – o xəstəxanada gördüyüm təmizliyi və qayda-qanunu ona qədər nə Şuşada görmüşdüm, nə də Azərbaycanın ayrı yerində.
Nisbətən ilıq xatirələr də var – səkkizinci sinifdə oxuyanda basketbol yarışına getməyimiz. Onda Stepanakertdə bir həftə qaldıq. “Qarabağ” mehmanxanasının pəncərəsindən Şuşanın teleqülləsində közərən işığa baxıb necə də kövrəlirdik.
Şaxtada-boranda tibb texnikumunun qabağında var-gəl eləməyim də yadımdan çıxmayıb (orda nə itim azdığını ağartmayaq).
Amma Stepanakert yadımda məhz son səfərimdəki kimi qalıb – Kərkicahandakı o narahat söhbətlərlə, hər tində dayanan topa-topa adamlarla…
***
Dolamaları ürəyimdən qara qanlar axa-axa geridə qoyub Şuşaya yetişəndə doğma şəhərdə də adamları topa-topa gördüm. Amma bizdə elə həmişə topa-topa dayanıb Allah-bəndə söhbəti eləyərdilər. Şəhərdə elə bir narahatlıq yoxuydu. Camaat ermənilərin qalxa biləcəyini ağlına gətirmirdi. Bizim başımıza gələnlərin çoxu elə ağlımıza gəlmədiyindən gəlir axı…
***
Şuşadan çıxmaq hər vaxt mənə çətin gəlirdi, bir neçə gün canımı qoymağa yer tapmırdım. Amma o semestr tətilindən Bakıya çox dilxor qayıtdım. Elə hey bu işlərin axırını düşünürdüm.
***
Qrup və otaq yoldaşım Əlisəfayla söz vermişdik ki, qış tətilindən qayıdanda “boş-boş söhbətləri” buraxıb mütaliəyə girişəcəyik. İl yarım ərzində biz Şimali Azərbaycanı müstəqil dövlət “eləyib” cənubla “birləşmiş”, rüşvətin kökünü “kəsmiş”, mənəvi pozğunluğu “aradan qaldırmış” və bu əsnada bir-birimizi yorub bezdirmişdik. Hətta Qarabağdan təzə xəbərlə gəlməyim də vədimizi pozmağa bəhanə ola bilməmişdi, Əlisəfa kitabxanadan rus klassiklərinin bir yığın əsərini gətirib otağı qiraət zalına çevirmişdi. Bu mütaliə sükutu üçcə gün çəkdi – fevralın 13-ü Stepanakertdə mitinqlərin başladığı xəbərini elə həmin Əlisəfa gətirdi.
***
Bundan sonra nələr baş verdi, hamıya bəllidir. Dastan açmaq, siyasət girdabına qayıtmaq istəmirəm. Mən Qarabağ söhbəti eləyirəm. Bu, 1988-ci ilin fevralında, Stepanakertə son səfərindən 9 gün sonra həyatının növrağı pozulmuş bir adamın hekayətidir.
***
Əsgərliyin çoxunu Ermənistanda keçirmişəm – Eçmiədzində. Hərbi hissəmiz bütün ermənilərin baş məbədi olan kilsəylə divar qonşusuydu. Mən o kilsədə olmuş, hətta katolikos Vazgeni görmüşdüm. Marağa getmişdim. Əsgər panamasını sol qolumun üstünə, sağ əlimi sinəmə qoyub kilsəni gəzəndə evimizin beş addımlığındakı Aşağı Gövhər ağa məscidini xatırlamışdım – onu ərzaq anbarına çevirmişdilər, minbərində isə qumar oynayırdılar.
Eçmiədzindən ayrılıb evə qayıtdığım günün də Qarabağa dəxli var. Əmrimi aldığım axşam yır-yığış eləyib səhər saat 5-də “çast”dan çıxdım. Eçmiədzindən Yerevana yarım saatlıq yoluydu. Ordan Stepanakert avtobusuyla evə gedəcəkdim. Avtobusun saat 7-də çıxdığını mənə “çast”dakı Qarabağ erməniləri demişdilər.
Şəhər boşuydu. Qarşıma ilk çıxan milis maşını oldu, məni görən kimi səkiyə yan alıb saxladı. İki nəfəriydilər. Gərək ki, kapitanıydı soruşan:
– Soldat, kuda idyoş?
Bizim hərbi hissə “bespredel”də ad çıxarmışdı – Eçmiədzində ev də yarmışdılar, qız da zorlamışdılar, ona görə hava işıqlaşmamış şəhərdə yol ölçən əsgərin milisə şübhəli görünməsini təbii qəbul elədim:
– Uvolilsya, domoy yedu.
Azərbaycanlı olduğumu göydə tutdu – gözlərindən oxudum. Diqqətlə məni süzdü. Əynimdəki “paradnı” formadan, əlimdəki diplomatdan “uvolit” olduğum yəqin ki, bilinirdi, amma görünür, tam əmin olmadı:
– Dokumenti pokaji.
Döş cibimdən hərbi bileti çıxarıb verənə qədər sorğu-sual davam elədi:
– Poçemu tak rano?
– Stepanakertskim avtobusom poyedu, sem çasov.
Bayaqdan sifətini turşutmuş kapitanın üzündən işıq ötdü:
– İz Karabaxa?
– Da.
– Kakoqo qoroda?
– Şuşa.
Biletin üzünü də açmamış geri uzatdı:
– Zemlyak!
Çıxıb getdilər, mən də bir xeyli karıxmış yoluma davam elədim. Həlbət Martuni, ya da Mardakert ermənisidir deyə düşündüm. Görünür, qarabağlının sənədini yoxlamağı özünə sığışdırmadı.
***
Qarabağ ermənilərinin Ermənistan ermənilərindən müəyyən qədər fərqləndiyi haqda çox danışılıb. Hətta bu qədər hadisədən, Qarabağ ermənisinin mataha minməsindən, Ermənistanı ələ keçirməsindən sonra da “köklü” ermənilər onlara yuxarıdan aşağı baxır. Britaniyalı jurnalist Tomas de Vaalın kitabından oxuyuram ki, Ermənistan erməniləri qarabağlı soydaşlarını sevmir, onlara tərsliklərinə görə eşşək deyirlər. Öz aramızdır, bizlərdə də Qarabağ azərbaycanlılarını bəyənməyənlərin “eşşək qarabağlı” ifadəsi var.
Nə isə, Qarabağ ermənisinin başqa ermənidən fərqi bizə maraqlı deyil, sadəcə, Qarabağ söhbəti eləyirik, bu söhbət də onlarsız alınmır.
***
Ermənilərlə sən deyən oturub-durmamışam. Mehriban dolandığım qonşular, yaxın məhlə yoldaşlarım, çox isti salam-əleyk elədiyim adamlar olub.
Evimizdə çox erməni ustası işləyib, yadımda halal adam kimi qalıblar.
Amma atamın yaxın erməni dostları vardı – Şuşada da, Stepanakertdə də, qıraq yerlərdə də. Bəzilərini tanıyırdım, evimizə gələrdilər. Bəzilərinin yalnız adını eşitmişdim, üzünü görməmişdim. Onların biri də çoxdan köçüb Rusiyada yaşayan, Şuşaya hərdən gəlib-gedən Lenort idi. Haqqında çox eşitdiyim bu adamı mən axıracan görmədim də. Əvəzində bir neçə il bundan qabaq xəbərini aldım.
Bu əhvalatı Rostovda yaşayan qohumlarının yanından qayıdan Mehman adında bir şuşalı balası danışdı. Deyir, ticarətlə məşğul olan qohumlarımın dükanlarında vaxt keçirirdim: “Günlərin birində dükanın qabağında iki xarici maşın dayandı. Maşından düşən adamların biri, pəzəvəng cavan bizə yaxınlaşıb salam verdi, sonra da qayıtdı ki, eşitmişəm bura bir şuşalı gəlib, onu görmək istəyirəm. Dedim, mənəm. Əl uzatdı ki, mən də şuşalıyam, Lenortun oğluyam”.
Mehman danışır ki, böyür-başda bir xeyli erməni alver eləyirdi. Görünür, elə onlardan söz çıxıbmış ki, burda bir şuşalı var. Durub Krasnodardan Rostova gəliblər: “Lenortu çox görmüşdüm. Dədə-baba qonşumuz olub. Bir qolu yoxuydu. Rusiyada yaşadığını bilirdim”.
Xoş-beşdən sonra erməni dirənir ki, mütləq Krasnodara getməliyik, atam mənə şuşalısız qayıtmamağı tapşırıb. Mehman deyir, qaldım qırıla-qırıla: “Bilirəm ki, bunlar mənə hörmət eləmək istəyirlər, qorxacaq bir şey yoxdur, amma basa-basa Krasnodara getmək də istəmirəm, özü də erməniylə”.
Çox dirəşsələr də, xeyri olmur. Axırda erməni əl çəkir, amma qayıdır ki, bəs atam dedi gəlməsə, ondan bir şeyi mütləq soruş:
– Sabir müəllimi tanıyırsan? Kəllə Sabiri…
– Tanıyıram, yaxşı tanıyıram, atanla möhkəm dost olublar. Rəhmətə gedib.
– Nə vaxt rəhmətə gedib?
– Şuşa çıxmamış ölüb, 91-ci ildə, xəstəydi.
Mehman deyir, erməni elə bil yüngülləşən kimi oldu:
– Atam Şuşaya gedəndə Sabir müəllimin evini dağılmış görüb, o vaxtdan bir şuşalı axtarır ki, öyrənsin-görsün Sabirə bir şey olmayıb?..
***
Evimiz Şuşanın işğalına iki ay qalmış yanıb külə döndü. Köçəköç vaxtı, demək olar, heç nə çıxarmadıq. Hətta şəkilləri götürmədik, atamın qəbrindən artıq deyildilər. O ev yüz əlli ilə qurulmuşdu. Bir nəslin tarixinə güzgü tutan şəkillərlə birgə yandı. Atamın qəbri də vətəndəykən qürbətdə qaldı. Lenortun dostu Sabirə bundan artıq nə olmalıydı müharibədə?..
***
Qarabağ hadisələri başlayandan sonra ilk dəfə Şuşaya 88-ci ilin aprelində getdim. Evdə möhkəm tapşırmışdılar ki, qatarla gəlsən, mütləq Ağdamda düş.
***
Dünyanın düz vaxtında Bakı-Stepanakert qatarı həmişə Ağdamdan Stepanakertəcən çox yavaş gedirdi, ona görə adamlar hövsələsizlik eləyib Ağdamda düşərdilər. Mənsə hövsələsizlik eləməzdim, Şuşaya Stepanakert vağzalından gedərdim.
***
Amma həmin gün Ağdam vağzalında düşəsi oldum. 1988-ci ilin apreliydi.
14 fevral 2006
“Qarabağ söhbətləri”nin davamı:
Balalar
Adamlar
Niyyət
Bizim sinif
Mahnılar
Almatıya məktub
Güllələr, toylar, şəkillər
Sərçələr qaldı
Sevgilər
Yol üstündə
Yay yağışı