Müəllifin Gürcüstandan Novator.az-a ərməğan etdiyi başqa yazılarına da bax: • Bu dağların Abbası (retro) • Təkayaq (izomorfizm) • Borçalıda Overton pəncərəsi (maddeyi-tarix) • Bilbaoda Bayraq günü (olimpias) • “Kor xəlifə” Tiflisdə (antipod) • Oturduqca oyun oynamaq (reaksiya)
İbrahimxəlil
Süsən-Sünbül söyüşləri cəmi cahanda olmasa da azından Əyriqarın ətəklərinə yaxın şeypurburun məşhurdur. Amma Süsən-Sünbüldə son zamanlar daha dördayaq işlənən bir söyüş də var ki, onu indiyənəcən eşitmiş olarsan; yəni azından küləklər arazbarı çatdırmış olar. Bilirəm sənin də digər möminlərtək söyüşdən zəndeyi-zəhlən gedir. Axı söyüş Allahın altında ən aşağı məqam sayılır.
…Müxtəsəri, Süsən-Sünbüldə Hökumətə elə çoxmərtəbəli söyüşlər yağdırırlar ki, Sibir soyuqları sayağı adamın qanı donur; məsələn: adın batsın, ay Hökumət, səni görüm sabaha sağ çıxmayasan! Andıra qalasan, ay Hökumət, görüm səni qarayellər aparsın! Xeyrin şərə dönsün, pəjmürdə papağın da hərmədə qalsın, ay Hökumət!
Bu bir üzü də qarğışa bənzəyən söyüşləri bir yerə yığsan Qulammirzənin qancalmış qatırı da götürməz. Üstəlik, hətta tərzi-hərəkət zərfliyində belə, bu cür sürçütmə söyüşmü söymək olar?
Padşah da eyləmə tənbəllik, adam göndərdi ki, bəs deməzsənmi, belə deyək, gedin görün bu nə marksist məsələdir?
Adam da gəlib qayıtdı ki, padşah sağ olsun, Süsən-Sünbüldə sənin hökumətinə söymürlər, söyə bilməzlər axı! Çünki sənin hökumətin işləri məsləhət-məşvərət üstündə aparır. Süsən-Sünbüldə bir nəfər Hökumət Hökmdaroğlu adında fısqırıq feodal var. Süsən-Sünbüllülərə görə, yaman da mizantrop adamdır; sanki adamsevməzliyi, adamlara nifrət etməyi də elə bu yazıb-yaradıb. Hətta az qala belə çıxır ki, “mizantrop” ifadəsini də dünyalarca məşhur Molyer yox, o kəşf edib. Süsən-Sünbülün cəmi əkin sahəsinin səksən faizi ona məxsus olduğundan torpağı arendaya verdiyi eloğlularına da od qiymətinə satır. Tarixən mizantropların da pozitivi olub (məsələn, Conatan Svift, Artur Şopenhauer), amma o Hökumətdə bircə damcı da olsun hökumətlik, Mirzə Qələmin dili ilə desək, “rəhbərin xalq üzərində və xalqın rəhbər üzərində olan haqqından xəbəri yoxdur”. Padşah sağ olsun, indi Siz gərək Süsən-Sünbüldə batili öldürüb haqqı dirildəsiniz.
Padşahın əlindən nə gəlmirdi? Sərəncam (oğlunun adı Fərman olduğuna görə, daha fərman yox, sərəncam imzalayırdı) imzaladı ki, belə deyək, bəs deməzsənmi, adlar təcili surətdə dəyişdirilsin – Süsən-Sünbül də daxil olmaqla – təbəələrimə indən sonra yalnız və yalnız gözəl adlar qoyulsun; məgər Qiyamətdə bu adlarla çağırış olmayacaqmı? “Filankəs oğlu filankəs, qalx, öz nuruna tərəf get! Mizantrop oğlu mizantrop, otur, sənin nurun yoxdur”!
Hökumət Hökmdaroğlu da qaldı pəjmürdə papağının altındakı qara başına döyə-döyə. Həm “yeni torpaq islahatı” adıyla torpağını əlindən aldılar, həm də yeni əlifbaya keçid bəhanəsiylə adını-soyadını dəyişdirdilər.
…Sonra da bəzi ağzı Bağdad xirniyi boyda ağzıgöyçəklər deyirlər ki, belə deyək, bəs deməzsənmi, padşahımız ədalətsiz padşahdır… ay inandıq ha!..
P.S. Yüz dəfə demişdik, bu da olsun yüz birinci: ad adamı bəzəməz, adam adı bəzəyər. Qoy bəzən “yuxarı dairələr”ə, ya da kiməsə xoş gəlmək xətrinə uşağına xətirli ad qoyanlara dərs olsun! Hökumətin atası Hökmdar da hakimiyyətə yaxınlığını göstərmək naminə, darğalığını gözə çarpdırmaq üçün oğluna “Hökumət” adı vermişdi. Axırı axurda qalmadımı?
Aradan neçə müddət keçib? Bilmirəm. Eşitmişəm ki, köhnə Hökumət (keçmiş Hökumət Hökmdaroğlu) indi də paytaxtda təzəcə hakimiyyətə gəlmiş padşahın familinə keçmək istəyir. Onun babasının babası da hələ Sovetin sovet vaxtında razü-niyaz rəhbər İvan İvanoviç İvanova xoş gəlmək üçün nəvəsinə “İvan” adını (!) vermək istəmişdi. Amma soydaşlarının snobizmindən və… qapazından qorxmuşdu.
Adı hələlik dəyişdirilməmiş, yüz iki minnətlə hələlik saxlanılmış Süsən-Sünbüldə nələr olmur?..
Oktyabr 2015, Borçalı