Oqtay Qorçu
Orada, hər gün gəlib-keçdiyim həmən yerdə, pişiklərin səhər-axşam top olduğu, kölgəsində xumarlandığı məkanda, onları hər gün yemləyən qadının hər gecə gəlməsini gözlədikləri ərazi – heyvanların daldalanacağı daha yoxdur. Pişiklər asfaltın ortasına tökülüşüb yolu kəsirlər indi, çünki dünən bir ağac da öldü…
Adamlar hər şeydən söz açırlar. Və adamlar hər mövzunu deyinməklə bitirməyi sevirlər. Çoxu deyir yediyi-içdiyi nə varsa hamısı zəhərdir, yəni indiki qidaların 90 faizinin tərkibi zərərli maddələrdən ibarətdir, hətta orqanizmə həmişə ziyan vurmuş siqaretin (“Siqaret çəkmək sizin sağlamlığınıza ziyan vurur” xəbərdarlığını unutmayın!) də tərkibi bambaşqadır. Deyilənlərin çoxunda həqiqət var və bütün bunları söyləyən həmin adamlar həmən zəhərli qidaların artığını çölə-bayıra, ağacların dibinə atmaqla sanki dünyanın sonunu tezləşdirmək istəyirlər. Dünyanın axırına çıxmaq istəyən bu qədər müharibənin, bombanın, kimyəvi zavodun, nüvə obyektinin, avtomobillərin, gəmilərin, dənizlərə, çaylara, okeanlara axıdılan zəhərli tullantıların içində, bir gün artıq yaşamağa ümidimizi kəsənlərin içində ağac kəsənlər də var. Mənim gördüyüm ağacların kökünə nə qədər spirtli, qazlı içki, “Koka-kola”, “Fanta”, “Redbul” süzülür, qara gübrəli torpağa işləyən ağacın kökünə nə qədər zibil tökülür… Ağacları dirigözlü boğan, dibində tüstülənən atılmış siqaret kötüklərini, plastik qabları görəndə isə adam lap dəhşətə gəlir…
Biz sonu yaxın edənlərin varisləriyik. Biz Tanrının bizlərə bəxşiş etdiyi yer üzündə yaşaya-yaşaya qada-balamızı yerə tökən naşükürlərik. Zəhər hazırlamaq, zəhərləmək də bizim ixtiramızdır.
Getdiyimiz yerə, son dayanacağa çatmamışıq hələ, indən sonra nələrin baş verəcəyini də bilmirik, amma qənim kəsilmişik ətrafımıza, üstündə gəzdiyimiz torpağa, havasını udduğumuz məkana. ”Cəhənnəmə gedən özünə yoldaş axtarar” prinsipi ilə əlimizə keçəni, ətraf mühitə xeyirli nə varsa kəsib tökürük yerə, və kəsdiyimiz ağacları döyüşdə məğlub edilən düşmən ölüsü təki arxamızca sürüyüb aparırıq. Həmən ağaclar bizi irəlidə gözləyən cəhənnəmi daha da alovlandıracaq.
Bakıda 40, 60 illik, hətta zamanında yüz yaşını haqlayan ağaclar olub. İndi də ağac çoxdur Bakıda, şəhər elə də çılpaq görünmür, ancaq dədə-babadan xeyrini, yaxşılığını gördüyümüz, mənfəət verən o köklü-köməcli ağaclar daha azdır. Çinarın, palıdın, qara ağacın, əncirin, iydənin, tutun, cökənin, köhnə zeytun və şam ağaclarının, şanı üzüm tənəklərinin kökü kəsilir. Kəsirlər ki, yerində ev tiksinlər…
Sonra da evlər düzəngahdakı kimsəsiz komaya bənzəyir.
Əvvəl belə deyildi, bu şəhərdə uzunömürlü, qollu-budaqlı bir ağac görəndə kimsə təəccüblənməzdi, əksinə sevinərdi ki, gövdəli qocamanlar hələ də öz yerlərində dik durublar. Əvvəl belə deyildi, Azərbaycanda Tanrının bəxş elədiyi köklü-köməcli bir yaşıllar hərəkatı var idi – qəhrəmanları da uzunömürlü adamlar və onların əkdikləri ağaclar. İndi də adamlar ağac əkir, hətta kollektiv surətdə kampaniyalar aparılır, özü də deyərdim ki, lap çox əkilir, fəqət yerli ağaclar xaricdən gətirilən ağaclarla müqayisədə çox az əkilir. Belə ağac əkmə kampaniyalarına peşəkar təsərrüfatçıları, ağac biliciləri olan xüsusi bağbanları cəlb etmək, mütləq onlardan məsləhət almaq gərəkdir. Hər ağacın harada, necə və hansı ərazidə əkiləcəyini təcrübəli adamlara tapşırmaqla biz Bakının şəraitinə, iqliminə uyğun və yerində əkilmiş xeyli ağac görə bilərik. Şəhərdəki ağacların əksəriyyəti, xüsusən də meyvə ağacları tələsik, əlverişsiz şəraitdə əkilib. Belə yerlərdə ağacların çoxuna vaxtında qulluq olmadığından həmən ağaclar bir az keçməmiş ya quruyur, ya da maneəyə çevrildiyinə görə kəsilib məhv edilir. Əvvəllər adamlar da, ağaclar da uzunömürlü idi, ağacların öz yeri, mühitinə uyğun öz saf, təmiz havası, oksigeni adamları, adamların mərhəməti isə ağacları saxlayardı.
Bu şəhərdə vaxtsız çürüyən, kəsilən ağacları tez-tez görmək olar. Artıq ağaclara yanaşma da fərqlidir. Çoxları üçün ağac indi sadəcə kölgəlik, həyət üçün yaşıl bəzək vasitəsi, yaxud da fonu tamamlayan təbii, yaraşıqlı dekorasiyadır. Müxtəlif, əlverişsiz məkanlarda, neft və qaz kəmərləri, kanalizasiya xətləri keçən, elektrik dirəkləri basdırılan ərazilərdə əkilmiş, indi real təhlükə mənbəyinə çevrilmiş ağaclara tez-tez rast gəlinir ki, bu da qeyri-peşəkarlığa bir sübut sayılmalıdır.
Bu yaxınlarda gördüm ki, iki cavan ağacı kəsirlər. İki yaşlı ənciri və birillik iydə ağacını. Səbəbini sordum, “ölüm cəzası” aktını həyata keçirənlər mənə bu prosesi təbiətə xidmət kimi təqdim edib kəsilən ağacların dərin kök atmadığını, xəstələnib vaxtsız quruduğunu söylədilər. Əncir sağalmaz dərdə mübtəla olmuşdu deyə qapqara qaralmışdı, gövdəsi xərçəngli xəstənin cisminə bənzəyirdi, iydə isə vaxtsız qocalan bir uşaq idi sanki. Ağacları kəsib doğrayandan sonra buyruqçular getdilər. Onları qınayan sakinlərə üzümü tutub bu adamların ancaq verilən tapşırığı yerinə yetirdiklərini, heç bir şəxsi təşəbbüsdə olmadıqlarını söyləyib kəsilən ağacların qonşularını sakitləşdirməyə çalışdım. Adamlar da haqlı idi dediklərində: ”Özləri gəlib başdansovdu əkirlər, sonra da kəsib qaçırlar”. Nəhayət, ağac kəsənlərin arxasınca asıb-kəsənlər danışıb-danışıb yoruldular. Və həmən axşam televizorda, kanalların birinin verdiyi xəbərlərdə də qollu-budaqlı ağacların necə kəsildiyini gördüm. Ancaq süjetin şərhi başqa idi. Gediş-gəlişə mane olan, təhlükə mənbəyinə çevrilən ağacların aradan götürülməsindən, bu işdə fəallıq göstərən icra nümayəndəsindən fəxrlə söz açılırdı. Ekranda gözə dəyənlərin hamısı vaxtsız qocalmış cavan yaşlılar idi. Kəsənlər də, kəsilənlər də. Ağaclar da adamlar kimidir. Bu boyda vur-çatlasına dözə bilmirlər, ağır yük bellərini tez əyir.
Ağaclar da adamlar kimi bu zalım dünyadan vaxtsız köçür…
_________
Müəllifin başqa yazılarına bax: • Kamanın babası • 81-ci dairə • Köhnə kişinin hikkəsi • Qara daş ustası • Sil-süpür zamanı • Rusiyaya qarşı savaşan Nobel • Qanını verənlərin tarixi • İçərişəhərin rəngi •Toyda ehsan • Dili bəlaya çevirənlərin növbəti qurbanı • Tabuta kim girməlidir?!