İbrahimxəlil
Elə götürək Çini, ya da Yaponiyanı. Sənin də yadında qalmış olar: oralarda ölüm hadisələrini əks etdirən kompyuter oyunları illərlə qadağan olunmuşdu. İndi baxsaq, hazırda ən çox oyun diski satılan ölkələrin siyahısına Yaponiya və Çinin başçılıq etdiyini görərik.
Bəzi pürxümar psixoloqlar iddia edirlər ki, bəs deməzsənmi, əgər əfsanəvi “Əbədiyyətin astanasında”, “Günəbaxanlar”, “Doktor Qaşenin portreti”, “Ulduzlu gecə”, “Məhbusların gəzintisi” – siyahını unudulmaz rəssamın vətəni Hollandiyadan mənim Əyriqarımın ətəklərinəcən uzatmağa ehtiyac duymadım – rəsmlərinin müəllifi Van Qoqun vaxtında kompyuter oyunları olsaydı o dahi də intiharın yolunu tutub Allaha asi olmazdı. Amma XIX əsrdə depressiyanın dərmanımı var idi? Ruh düşkünlüyü, bədbinlik, ümidsizlik, ruhla “qaçdı-tutdu” oyunu, diqqəti cəmləşdirmək qabiliyyətinin düşməsi, özünə inamsızlıq, bitib tükənmək bilməyən sıxıntılar… birdimi? beşdimi? Beynəlxalq Səhiyyə Təşkilatının tərtib etdiyi “xəstəliklərin təsnifatı”na baxmaq kifayətdir ki, bu zalım zəmanəmizdə depressiyanın adamların başına açdığı “oyunlar”la üzbəsurət dura biləsən…
Müxtəsəri, unudulmaz Əbdürrəhim bəy Haqverdiyevdə olduğutək, and olsun Allaha, depressiya adamın başına elə bir oyun açır ki, “adamın yadına atasının toyu düşür”, az qala tamam dastanlarda danışılır… Amma ucqar sözümün toz-tozanaq təkrarı bunda deyil…
Eşidəndə ki, Mirzə Səməndər (Allah Cəfər Cabbarlıya reyhanəli rəhmət eləsin) dörd divar arasına qapanıb qalıb, narahatlıq məni bürüdü, nə bürüdü. Təbərrik təsəlli verən tapıldı ki, ay müəllim, niyə bu qədər narahat olursan, Mirzənin dörd divar arasına çəkilməyi depressiyadan deyil, o, sadəcə olaraq tənhalıqla qoz-qoz oynayır. Depressiya ilə bihudə bəhsləşib dikbaşlıq eləmək, yəni qoz-qoz oynamaq əvəzinə psixoterapiyaya müraciətin gərək olduğunu öz siyahtel təcrübəmdən bildiyim üçün günah yazan mələyin qələminin ucundakı ümidimi mürəkkəbə batırdığı çiyinlərimi çəkdim. Doğrudur, mən də heç zaman depressiya ucbatından qoz qabığına girmədim; yəni qorxudan qaçıb özümə bir sığınacaq tapmaq həvəsində olmadım. Amma ciddinin adı niyə ciddidir ki, sən onu belə əhəmiyyətsiz və vecsiz biləsən?..
Sonra da eşitdim Mirzə Səməndər öyrənib ki, kompyuter oyunları – yenə də Nyu-York mütəxəssislərinin araşdırmalarına görə – depressiya ilə mübarizədə əvəzsiz rol oynayır, onda başlayıb dörd divar arasına çəkilməyə…
Mirzə Qələm də demirdimi ki, videoəyləncələr, kompyuter oyunları ABŞ-da rəsmi olaraq hələ 2011-ci ildən incəsənətin tərkib hissəsi elan edilib, kütləvi mədəniyyətin (pop-kultura) bir parçası sayılır.
Arazbarı dəxli oldu-olmadı, burasını da deyim ki, nəvəm Orxanın oynadığı videooyunlar siyahısında ilk sırada “Puzzle” (bulmaca-başsındıran) oyunları durur…
P.S. Əlbəttə, sən uşaqların udub-uduzmaqla qazandıqları qozu yeməyin haram buyrularaq qadağan olunduğunu bilirsən. Amma Süsən-Sünbüllü Məmmədqulunun arada-sırada qoz-qoz oyununda udulan qozu imansız iştahla uddatdığını da bilirsən.
Hər halda komyuterdə qoz-qoz oynamağın acısı (elə şirini də) Filan-Fəsmanda mallarını qumara qoymağın acısından arazbarı az deyilmi?
Qaldı oyun konsepsiyası, pedaqogikası, psixologiyası və xüsusi hazırlanmış psixoterapiya oyunları… Bu haqda, yazıçı dostum Əlabbas demiş, “sonun başlanğıcı”nda danışarıq…
________
Müəllifin başqa yazıları: • Borçalıda Overton pəncərəsi (maddeyi-tarix) • Təkayaq (izomorfizm) • Bu dağların Abbası (retro) • Bilbaoda Bayraq günü (olimpias) • “Kor xəlifə” Tiflisdə (antipod)