Oqtay Qorçu
Dəhşətli bir ölkə kimi tanınan, özü boyda işgəncə məngənəsi olan Şimali Koreya da dünya tibbinə öz töhfəsini vermək istəyir…
Belə məlum olur ki, bu ölkədə hər gün 40 nəfərdən çox koreyalı özünü öldürür. Hələ bu, yəqin ki, tam dəqiq olmayan, bilərəkdən azaldılmış statistikadır. Çox güman, bu ölkədə intiharların sayı rəsmi rəqəmlərdə göstəriləndən də artıqdır.
Əslində intihar aktı özlüyündə şəxsiyyətə təcavüzdür, subyektin depressiya halında qəbul etdiyi qəsddir. İntiharın böyük günah olduğu, insanlığa qarşı ədalətsizlik təki qəbul edildiyi məlumdur. Nə Tanrı, nə də bəşər övladının qanunlarında belə addımın bəraəti yoxdur. İntihar edən adam Allahın yaradıcı nizamını pozmaqla özünü bütün mənəvi və maddi hüquqlardan məhrum edir. İntihar həm də anlaqsızlıq vəziyyətidir, mövcud şəraiti dəyişmək cəhdi olaraq seçilmiş son, faciəvi və səhv addımdır. Nələrə qadir olduğuna inanmayan, ümidsizliyə qapılıb tükənməz enerjisini, potensialını dəyərləndirməyi bacarmayanlar özünə, taleyinə qarşı qiyam qaldırıb intihar yolunu seçirlər.
İnsan güclü olmağı bacarır. İnsan güclü və inadkar olmalıdır. Tarixdə bunu sübut edən xeyli fakt var. Bəşəri dəyərlərə söykənməklə insan min illər boyunca təsəvvür edilməz sərhədləri aşıb. Neçə-neçə təbii fəlakətdən, qlobal iqlim böhranından, aclıqdan, kütləvi qırğına gətirən xəstəlikdən, müharibədən, inqilabdan keçib gəlib insan. Və dünyanın əşrəfi sivilizasiyanın qurucusuna çevrilib, əxlaq dəyərlərini, ideya və prinsiplərini yaradıb, yer kürəsinə sahib çıxıb. İnsan ən mükəmməl və ən iradəli canlıdır.
Əgər insanların bir qismi “suyu bulanmış” bu müasir dünyada mübarizəni dayandırıb intihar yolunu seçirsə, deməli, şər bizlərdən bəzimizin düşüncəsinə sahiblənmək əzmindədir. Şər xeyli güclənib. İnsan oğlunun müqəddəs vəzifəsi, böyük missiyası var. Bəşər övladı şərin, od saçan qırmızı iblisin qarşısından geri çəkilib özünə qəsd etməyi yox, şəri çökdürməyi qarşısına məqsəd qoymalıdır.
Bütün mənzərəsiylə böyük qara tabutu xatırladan, intiharın sayına görə dünyada ikinci ölkə olan Şimali Koreyada adamları intihar fikrindən daşındırmaq üçün qorxuyla müalicə etməyə başlayıblar. Yenə də hökmlü səsin tabutda belə eşidilən xəbərdarlığı. Cəza maşınının vahiməli qaranlığından boylanan Şimali Koreya səhiyyəsindən özünəməxsus müalicə üsulu. İnsanları diri-diri tabutun dar rahatlığına öyrəşdirən kommunist ölkəsi psixoloji baryerləri aşanları sağaldır. Canlı ölülər ordusu yaratmaq istəyən Şimali Koreya rejimi hətta intihara qədər davam edən iradə çarpışmasının, düşüncələrinin gömülməsi prosesinə başlayıb. Bu qəddar hakimiyyət artıq canına qıyan vətəndaşlarından da qorxur.
Bütün ədalətsiz rejimlər kimi Şimali Koreyanın çapqınçı sistemi də gec-tez çökəcək. Şimali Koreyanın atadan oğula – Kim Çen İnə miras qalan hakimiyyəti dövlətə və vətəndaşlara şəxsi mülkiyyəti kimi baxır. Bu ölkənin ən qiymətli “sərvəti” insan yox, atom bombaları, nüvə başlıqlı raketləridir.
Şimalın kommunist rejimi xəstə Koreyanı müalicə etmək üçün vətəndaşlarına tabuta girməyi tövsiyə edir, Cənubi Koreya isə hər gün inkişaf edir, bu ölkədə tabutla müalicə yoxdur, intihar halları da çox deyil, çünki insanların sağlamlığına zərbə vurmayan demokratiya və azadlıq var. Şimali Koreyada həyata keçirilən, adı belə dəhşət doğuran “ölümdən əvvəl ölüm hissi verən terapiya kursları”na gündə 40-dan çox adam qəbul edilir. Bunlar əsasən 20-40 yaş arasında olanlardır. Koreya həkimlərinin fikrinə görə, intihar fikri məhz bu yaşlarda formalaşır. Şimali Koreya mütəxəssislərinin gəldiyi nəticəyə görə, pasiyent meyit kimi bürünüb tabutda uzananda həyatın qiymətini daha çox anlayıb dəyərləndirmək imkanı qazanacaq və bu ona intihardan daşınmağa yardım göstərəcək. Onlar ölümü hiss edirlər, onlar həyatın dəyərini anlayırlar, sonra da partiyaya, hökumətə, ulu rəhbərə təşəkkür edib yollanırlar tabuta oxşayan komalarına. Hətta uğurlu nəticə də varmış. Müalicəyə cəlb edilən iki uşaq anası, 42 yaşlı koreyalı qadın sevincək söyləyib ki, daha intihar barədə düşünmür.
Sistem müalicə olunmasa, xeyri yoxdur. Şimali Koreyada mövcud şərait intiharlara son qoymağa qadir deyil, əksinə, belə halların artmasına imkan yaradır. Şimali Koreya cəmiyyətində intiharı üstün tutanların psixoloji durumunu anlamaq çətin deyil: onlar uçuruma sıxışdırılmış adamlardır, onsuz da dəhşətli, işgəncəli ölümün bir addımlığındadırlar, buna görə onlara haradasa bəraət qazandırmaq da olar. Onlar rəzillikdən, istismardan, kasıbçılıqdan, ağız güdənlərin içində hər saat, hər dəqiqə şərə düşməkdən, zindanda işgəncə ilə qətlə yetirilmək, nəslinin kəsilməsi qorxusundan, şəxsiyyətə pərəstişin ən idbar formasından, qırmızı cəhənnəmdən can qurtarmaq uçun yol axtarırlar.
Tabuta kim girməlidir?!. Tabut yalnız sadə koreyalılar üçündürmü, ona ancaq intihar fikrinə düşənlərmi girməlidir? Tabutlar boş qalmır…
Tarixin qocaman ironiyası var. Tarix çoxlarına gülüb, çoxlarını ağlar qoyub. Gün gələcək Kim Çen özü də tabuta girməli olacaq. Və sözsüz ki, müalicə məqsədi ilə yox.
_________
Müəllifin başqa yazılarına bax: • Kamanın babası • 81-ci dairə • Köhnə kişinin hikkəsi • Qara daş ustası • Sil-süpür zamanı • Rusiyaya qarşı savaşan Nobel • Qanını verənlərin tarixi • İçərişəhərin rəngi •Toyda ehsan • Dili bəlaya çevirənlərin növbəti qurbanı