M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi münasibətilə “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Bəxtiyar Vahabzadə” biblioqrafiyasını hazırlayaraq nəşr edib. Xalq şairi haqqında ilk biblioqrafik vəsait 1997-ci ildə BDU-nun professoru İfrat Əliyeva tərəfindən hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, oxuculara təqdim edilən bu biblioqrafik göstərici tamamilə yenidən işlənib və çoxlu sayda əlavələr edilərək təkmilləşdirilib.
Biblioqrafik göstəricidə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, xalq şairi Bəxtiyar Vahabzadənin 1943-cü ildən 2015-ci ilədək dərc edilmiş əsərləri, həyat və yaradıcılığı haqqında çap edilmiş materiallar toplanıb. Azərbaycan və rus dillərində tərtib edilmiş vəsaitdə şairin həyat və fəaliyyətinin əsas tarixləri, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri də öz əksini tapıb.
Göstərici “Bəxtiyar Vahabzadənin əsərləri”, “Bəxtiyar Vahabzadə haqqında” və “Köməkçi göstəricilər” adlı 3 hissədən ibarətdir. Kitabda şairin yaradıcılığı, ictimai fəaliyyəti haqqında müfəssəl informasiya verilir.
Kitaba AMEA-nın müxbir üzvü Nizami Cəfərov “Bəxtiyar Vahabzadə yaxud millətin şairi” adlı “Ön söz” yazıb.
Biblioqrafiyanın “Bəxtiyar Vahabzadənin gündəliyindən” başlıqlı bölməsində xalq şairinin etiraf etdiyi kimi qırx ildən artıq bir müddətdə yazdığı gündəliyindən müxtəlif görkəmli şəxsiyyətlər haqqında fikirləri seçilərək verilib. “Görkəmli şəxsiyyətlər Bəxtiyar Vahabzadə haqqında” sərlövhəli bölmədə isə tanınmış insanların, qələm dostlarının, onu sevənlərin ədibin yaradıcılığı haqqında fikirləri, səmimi ürək sözləri toplanıb.
Kitabın birinci hissəsindəki maraqlı bölmələrdən biri də şairin “Şeirlərinə yazılmış mahnılar”dır. Şairin sözlərinə yazılmış dörd yüzə yaxın mahnı toplanaraq oxucuların istifadəsinə verilib.
İkinci hissədə B.Vahabzadənin həyat və yaradıcılığı haqqında materiallar – kitablar, kitablarda nəşr edilən materiallar, dissertasiya və avtoreferatlar, haqqında dövri mətbuatda və məcmuələrdə dərc olunan məqalələr toplanıb.
Biblioqrafiyada “Bəxtiyar Vahabzadənin xarici dillərdə nəşr edilən və haqqında çap edilən materiallar” bölməsində rus dili də daxil olmaqla, ümumilikdə 21 xarici dildə nəşr olan ədəbiyyat haqqında məlumat oxucuların ixtiyarına verilib.
Biblioqrafiyada zəngin köməkçi göstəricilər tərtib olunub ki, onlar biblioqrafik vəsaitdən istifadəni asanlaşdırmaq məqsədi daşıyır.
Mədinə Vəliyeva, Sevgiyə Əsədova və Gülbahar Misirovanın tərtib etdiyi biblioqrafiyanın ixtisas redaktoru və buraxılışına məsul professor, əməkdar mədəniyyət işçisi Kərim Tahirov, redaktoru əməkdar mədəniyyət işçisi Gülbəniz Səfərəliyevadır.
Görkəmli xalq şairi, akademik Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə töhfə olan bu kitab ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.