Professor: “Bu, monopoliyanın tədricən aradan qalxmasına gətirib çıxaracaq”
İqtisad elmləri doktoru, professor Fikrət Yusifov prezident İlham Əliyevin gömrük sahəsində yoxlamaların sadələşdirilməsi haqqında fərmanını şərh edib. O, AZƏRTAC-a deyib ki, prezidentin oktyabrın 22-də imzaladığı fərmanla fiziki şəxslərin ölkənin gömrük ərazisinə gətirdiyi və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10 min ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2 min ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçiriləcək: “Bu günə qədər mövcud olan qaydalara əsasən, vətəndaşlar ölkədən 10 min dollara qədər vəsait apara bilsələr də, ölkəyə cəmisi hər bir nəfər üçün 1500 dollar (müşayiət edən hər bir həddi buluğa çatmayan üçün isə 500 dollar) ekvivalentində mal-məhsul gətirə bilərdilər. Məsələnin bu qaydada qoyuluşunda yanlışlıq var idi. Hər dəfə ortaya sual çıxırdı ki, ölkədən 10 min dollar aparan vətəndaş bu pulun cəmi 1500 dollarına mal-məhsul alıb gətirə bilərsə, onda o həmin pulun yerdə qalan hissəsindən necə istifadə etməlidir?
Prezidentin imzaladığı fərman təkcə bu uyğunsuzluğu aradan qaldırmadı. Hər bir vətəndaşın ölkəyə 10 min dollar, onu müşayiət edən həddi buluğa çatmayanların hər birinin isə 2 min dollar məbləğində mal-məhsul gətirmək şansının olması o deməkdir ki, idxal edilən analoji məhsulların ölkə daxilində qiymətləri avtomatik aşağı düşəcək. Buna qədər vətəndaş həmin malları və məhsulları ölkəyə özünə lazım olan miqdarda gətirə bilmədiyindən onları xaricdən topdan ticarət yolu ilə gətirib daxili bazarda satan monopolistlərin diktə etdikləri qiymətlərlə — yəni bəzən öz real dəyərindən bir neçə dəfə baha almaq məcburiyyətində qalırdılar. İndi isə vətəndaş həmin malı gömrük vergisi ödəmədən xaricdən real qiymətlə alıb gətirə biləcək. Bu isə ölkədə monopoliyanın tədricən aradan qalxmasına gətirib çıxaracaq. Prezidentin fərmanı bu problemin həllinə yönələn çox mühüm addımdır.
Fərmanda aksizli malların, avtonəqliyyat vasitələrinin və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olunur. Aksizli malların gömrük vergisi ödəməkdən azad olunacaq 10 min ABŞ dolları məbləğindəki mal və məhsulların sırasına aid edilməməsini sosial şəbəkələrdə şişirdib insanlara yanlış izahat verənlər bilməlidirlər ki, bizdə yalnız pivə və spirtli içkilərin bütün növləri, tütün məmulatları, neft məhsulları, minik avtomobilləri (xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı avtonəqliyyat vasitələri istisna olmaqla), istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr aksiz vergilərinə cəlb olunur. Göründüyü kimi, bu sırada insanları narahat edə biləcək əsas istehlak malları yoxdur”.