Oqtay Qorçu
Bu ölkənin ən böyük özəlliyi elə onun rəngarəng cəmiyyətidir. İdeal deyil, amma nəhəng sütunlu bir dünyadır, yaşamaqdan ötrü mübarizə aparmaq üçün azad seçimlər var burada – Amerika Birləşmiş Ştatlarında.
Amerikalılar çox fərqli və orijinaldırlar, bu dövlətin vətəndaşları barədə söz açılanda sanki seçilmiş bir nəslin davamçıları, yaxud da Yer kürəsinə nəzarət edən yadplanetlilər yada düşür. Onlar avropalılara bənzəmirlər, ümumiyyətlə heç kimə bənzəmək istəmirlər. Və buna görə də qlobal dünyada baş verənlərin hamısında hər dəfə Amerika iddiasına rast gəlirik. Amerikalılar stabil deyil, onlar, bir filmlərinin adındakı kimi, “Yaxşı, pis və zalım” olmağı ustalıqla bacarırlar.
ABŞ öz ictimai-siyasi modelini bütün dünyaya yaymaq uğrunda çarpışır və indiyədək neçə-neçə dəyər, prinsip bu ideyanın ağzında qənd təki əriyib gedib. Bizlərin birmənalı olaraq qəbul etdiyi bəzi mənəvi dəyərlər, toxunulmaz inanclar, sülh dövrünün bəşəri insan arzusu, hətta Qiyamət günü barədə düşüncələr amerikalıların çoxu üçün köhnəlmiş mövzu və keçilmiş proses hesab edilir. Amerika vətəndaşı üçün vacib olan qüdrətli dövlət və qüdrətli insan obrazı yaratmaqdır.
Amerika Birləşmiş Ştatları nöqsanlarını etiraf etmir, ancaq səhvlərini düzəltməyi bacarır. Onun böyük potensialı var, məğlubedilməz obrazını qoruyub saxlamaqdan ötrü qüdrətli rəqibləri belə çökdürməkdən çəkinmir. Neft bazarında söz sahibidir, hətta kimlərəsə dərs vermək üçün əzəli düşməni İranla da dil tapmağı bacarır. Uzun illərdir Amerika xarici və daxili siyasətinə, hətta mənəvi prinsiplərinə böyük redaktələr etməkdədir.
Amerika öz insanlarının qarşısına hər gün yeni qiyafədə çıxmağı bacarır. Və bu dövlət məsuliyyəti vətəndaşlarıyla bölüşməklə yanaşı, onların qarşısında konkret insani vəzifələr də qoyur. Bir zaman təsadüfən kəşf edilən bu ərazi, sonradan Amerika adlanan nəhəng dövlət ekzotik cazibədarlığı ilə yanaşı hələ də böyük sirr, qorxulu müəmma kimi qəbul olunur.
Bütün bunlarla bərabər bu ölkədə hələ də Allahını və insanları sevən çoxlu adam var…
Cəmiyyətin sərt üzü var. Amerika vətəndaşı olan ya kimliyini təsdiqlətməli, ya da göydələnlərin kölgəsində zibilliklərə sığınıb ömrünü bomj kimi yaşamalıdır. Amerikalılar heç öz dövlətlərinə bənzəmirlər. Dünyada gedən prosesləri izləyəndə, super güc olan Birləşmiş Ştatlarının xarici siyasətinə nəzər salanda, zaman-zaman ölkə daxilində baş verən irqi qarşıdurmaların xronologiyasını gözdən keçirəndə belə bir qənaətə gəlmək olar ki, amerikalıların bir qismi dünyanın gəliş-gedişinə etinasız, öz həyatını yaşayanlar, bir qismi isə öz taleləri, gələcəkləri ilə birlikdə böyük dünyanın ayrılmaz hissəsi olduğunu anlayan, insanlığa hörmətlə yanaşanların toplusudur. Onlarda şeytani etinasızlıq, anarxizm meylləri, həm də xristian təəssübkeşliyi, Zərdüşti sayağı bəyaz və əyləncəli xoşbəxtlik, Musanın dininə xas inadkarlıq, islam sayağı əxlaq və Budda rahatlığı, səbri var.
Dördüncü islam xəlifəsi Həzrət Əlinin bir məşhur kəlamı yada düşür. İmam belə buyurur: ”İnsanlar ata-babalarından çox zəmanələrinə oxşayırlar”. Bu da xəbərdarlıqdır, həm də dəyərlərin itəcəyi kor gələcək haqqında nigarançılıqdır. Bir kimsə haqqında rəy bildirəndə, onun fəaliyyətini çözələyib mənfi aspektdən yanaşanda “zəmanə adamı” ifadəsini işlətməyi xoşlayarıq. Ancaq belə çıxır ki, zəmanə adamlarının heç də hamısı öz dövrlərinə oxşamayıb, yəni müasir insanlar var ki, onlar hələ də ata-baba dəyərlərini qoruyub saxlayırlar.
Amerikada bir kişinin oğlu 35 min dollar xərc çəkilən toyu başlayanda (bizim varlı insanları güldürəcək məbləğdir hər halda) qəfildən fikrini dəyişib. Təzə bəy olmağa hazırlaşan cavan hamıya bəyan eləyib ki, o elə indi evlənmək fikrindən daşınır. Sonrası isə yəqin ki, məlumdur. İsterikaya düşən gəlin, ata-anaların, dostların həyəcanı, ailələr arasında qırğın-qiyamət və bəysiz toy. Toy davam eləyib, bu ideyanın müəllifi isə gəlinin anası olub. Gəlin Quinn Duanenin anası yaxşı bir iş görüb, yəni toyu çevirib xeyriyyə aksiyasına. Şəhərin mərkəzində, bahalı məkanda bahalı toyun xərcini faydalı istiqamətə yönəltmək məqsədilə tanıdığı, tanımadığı, gördüyü, eşitdiyi, yoldan qabağına çıxan bütün evsizləri, bomjları, dilənçiləri yığıb doldurub evinə. 120 nəfərin həmən gün ac qarnı doyub, 90-dan çox ehtiyacı olan təsadüfi adam toyda verilən ehsandan dada bilib. Bu təklifə görə şükran olduğunu gizlətməyən Erika Kraykraft adlı qadın isə mediaya söyləyib ki, o hər gün üç dəfə yemək üçün beş övladıyla birlikdə həyat mücadiləsi aparır. Qadın toyda doyunca yediyini və balalarıyla birgə bolluca şirniyyat daddığını da məmnunluqla qeyd edib.
Ehtiyacı olanların qarnını qızının uğursuz toy günündə doyduran yaşlı ana Amerika vətəndaşıdır. Və stresini yaxşılıq etməklə aradan götürən bu qadının baş verənlərə görə peşman olmadığı şəksizdir.
Azərbaycanda da hər gün ehsana ehtiyacı olan xeyli ev-eşiksiz yaşlı dilənçi, bomj var.
___________
Müəllifin başqa yazılarına bax: • Kamanın babası • 81-ci dairə • Köhnə kişinin hikkəsi • Qara daş ustası • Sil-süpür zamanı • Rusiyaya qarşı savaşan Nobel • Qanını verənlərin tarixi • İçərişəhərin rəngi