İbrahimxəlil
“İspaniyanın yeganə həqiqi çayı onun şairləridir”. Bu vasitəsiz nitq nümunəsi unudulmaz Çili şairi Pablo Nerudaya məxsusdur. Və unudulmaz Çili şairi Pablo Nerudanın İspaniya kimi bədii sözü ötkün bir ölkənin çayı barədə olan faris fikri dərin dərs aldığım “Atletik” (Bilbao) ilə “Atletiko” (Madrid) futbol klubları arasında oynanılan oyunun canlı yayınına baxdığımız axşam yadıma düşdü.
Bu oyun NTV (Türk) televizya kanalı ilə canlı translyasiya olunurdu və bu oyuna Mirzə Bayramla (Allah Əbdürrəhim bəy Haqverdiyevə reyhanəli rəhmət eləsin) baxdığım üçün anamdan əmdiyim süd bu dəfə də burnumun hər iki qanadından gəldi. Matç mümkün bərabərliyə (1-1) qaldı, amma üstünlük, təbii ki, madridlilərin tərəfində idi. Bunu da deyim ki, mən “Barselona” tərəfdarıyam və oyuna da əslində məcburi “qış nağılı” misallı baxırdım. Amma Mirzə Bayram 90 dəqiqə ərzində – uzatma dəqiqələrini nəzərə almıram – az qala 99 dəfə madridlilərin şərəfinə şüarlar səsləndirdi. Birdən elə bilərsiniz “Atletiko” Madridin şərəfinə, xeyr, əlbəttə, “Real” Madridin şərəfinə; çünki o, “Real” tərəfdarıdır. Mən də “barselonalı” olduğum üçün “Barselona”nın hayıfını pərəstiş etdiklərimizin birbaşa yarışında deyil, yad bir oyunda, yəni Bilbao-Madrid görüşündə almaq istəyi xətrimə çox dəydi. Burasını da deyim ki, hər şey stadionda dalğalandırılan bayraqlar üstündə oldu. Üzərində “La Muy Noble y Muy Leal e İnvicta” yazılan bir transparantı mənə göstərərək hiddətlənən Mirzə Bayram dedi ki, bəs deməzsənmi, İspanyanın evini yıxmağa çalışan sənin “Barselona”nla bu Bilbaolulardır. Deyirəm ki, ay qardaş, axı mən sadəcə olaraq “Barselona” tərəfdarıyam, gözəl futbol azarkeşiyəm. Axı siyasətin futbola nə dəxli? Əgər Barselona İspaniyanın tərkibindən çıxmaq istəyirsə, bunda mənim nə günahım? futbolun nə təqsiri? İspan dilini az-çox bilən də sənsən. Mən heç ispan əlifbasında neçə hərfin olduğunu da bilmirəm. Mənimki gözəl futbola tamaşa eləməkdir, sağlam idman mübarizəsini görməkdir. Vəssalam! Melanxolik – xəstəhal pərəstişlə mənim nə işim var axı?
…sən demə, 17 muxtar vilayətdən ibarət olan İspanyanın bir vilayəti də “Basklar diyarı” (ispanca: Pais Vasco) adlanırmış. Və bu diyarın da ən böyük şəhəri ayırımçılıq ideyaları ilə dopdolu Bilbao imiş. Axı mənim nə günahım? Elə ki, Bilbao (baskca: Bilbo) cavab topunu vurdu, onda Mirzə Bayram coşdu, nə coşdu!
Deyirəm ki, ay Mirzə, mənim etnoxoronimlərlə, tarixi kontekstlərlə nə işim? Allah atana qəni-qəni rəhmət eləsin! İkimiz də Gürcüstan vətəndaşı ola-ola Gürcüstan futbolunda, azərbaycanlı ola-ola Azərbaycan futbolunda təskinlik tapa bilmədiyimizdən ispan futbolunda – əlbəttə, yüksək səviyyəli olması səbəbindən – idman rahatlığı qazanmışıq. Allahı sevərsən qoy futbolumuza baxaq. Elə vətənpərvərsənsə, get “Dinamo” Tbilisiyə, ya da “Neftçi” Bakıya azarkeşlik eylə! Hələ “Çikura” ilə “Qarabağ” da bir artıq!..
Odur, “Atletiko” Madrid Azərbaycan rəmzləri ilə (“Odlar yurdu Azərbaycan”), İngiltərə “Çelsi”si ərəb simvolları ilə, Almaniya “Şalke-4”ü Rusiya atributları ilə çıxış edir. Amma bütün bunlara siyasətpərdazlıq lentləri dolamağın nə faydası?..
P.S. Bayraq – hər hansı milli bayraqdan söhbət gedir – təkcə siyasi-ideoloji baxımdan deyil, həm də mənəvi baxımdan hər hansı millətin və bu milləti təmsil edən dövlətin rəmzlərindən biridir. Məhmət Akif Ərsoyun bircə misrasını xatırladıram:
Sönməz bu şəfəqlərdə üzən al bayraq…
…İspan “atlet”lərinin (yunan mənşəli) görüşündən düz yeddi gün sonra aramıza barışıq salan Mirzə Bayram mənə bir yazı göstərdi. David Mxeidzenin qismən bayrağa da aid olan yazısı belə adlanırdı: “Gürcüstan xarabalıqları üzərində türk bayrağı dalğalanacaq”. Mən Mirzə Bayrama irad tutdum ki, hər hansı bayraq heç zaman xarabalıqlar üzərində dalğalanmaz. Bu bir. İkincisi, sən Donetsk aeroportu üzərində az qala növbə ilə dalğalanan Ukrayna və “Donetsk Xalq Respublikası” bayraqlarına baxma!
Sən Almaniyanın, Argentinanın, Hollandiyanin, Braziliyanın (İspaniyanı dedim) ağzınadək dolu stadionlarında əzəmətlə dalğalanan və sağlam idman mübarizəsinə, cüdamlığa deyil, adamlığa səsləyən bayraqlara bax!..
________
Müəllifin başqa yazıları: • Borçalıda Overton pəncərəsi (maddeyi-tarix) • Təkayaq (izomorfizm) • Bu dağların Abbası (retro)