Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) nəzdində fəaliyyət göstərən Animus Azərbaycan Fəlsəfə Akademiyasının eksperti, gənc müəllif Həbib Heydərin qələmə aldığı “Ulduz Tozu” fəlsəfi avtobioqrafik gənclik romanının təqdimat mərasimi keçirilib.
AGAT katibliyindən Novator.az-a verilən məlumata görə, “Ulduz Tozu” 80-dən artıq oxucu və ictimai fəal gəncin qatıldığı təqdimat mərasimində əsərin ədəbi-bədii xüsusiyyətləri ilə yanaşı, çağdaş ədəbiyyatımızla bağlı fikirlər də səsləndirilib.
“Ulduz Tozu” nihilist-ekzistensialist romandır. Əsərdə vacib ontologiya problemləri fəlsəfi dialoq və polemikalar şəklində təsvir edilib. Əsər boyu “İnsan kimdir?”, “Azadlıq nədir?”, “Fərd və Cəmiyyət”, “Həyat və Ölüm”, “Tanrı və İnsan”, “Xoşbəxtlik və Bədbəxtlik”, “Ümid və Arzu” kimi məsələlərə dair müəllifin mühakimələri, gəncliyin şübhə və etirazları əksini tapıb.
Rüğu Rügzö təxəllüsü ilə yazan Həbib Heydər bir il ərzində ərsəyə gətirdiyi kitabının təqdimatında əsərini “hər şey və heç nə haqqında roman” kimi xarakterizə edib. O bildirib ki, romanın hədəf kütləsi intellektual azlıqlardır. Zidd düşüncəyə mənsub iki gəncin sevgi dramı fonunda fəlsəfə və din toqquşması romanın ana mövzusudur. Kitabda vacib nüanslardan biri də romanın yeni orfoqrafik prinsiplər əsasında nəşr olunmağıdır. Belə ki, əsər müəllifin ərəb mənşəli sözlərin orfoqrafiyasına təklif etdiyi dəyişikliklər əsasında çap edilib.
Animus Azərbaycan Fəlsəfə Akademiyası gənclər arasında fəlsəfənin təbliği və öyrənilməsi, eləcə də fəlsəfə sahəsində gənclər üçün mühüm layihələrin təşkil edilməsi məqsədi ilə nəzərdə tutulmuş təsisatdır.