Oqtay Qorçu
Bir yandan müharibələr, bir yandan da təbii fəlakətlər. Belə davam etsə, yaxın illərdə dünya elə silinib-süpürüləcək ki, insan adlı bəşər övladı nə koma, nə meşə, nə də bir çay qırağı tapacaq daldalanmağa.
Bəzi ölkələrin canına vəlvələ düşüb dünyanın bu qarışıq vaxtında. Adamlar bilmirlər ki, müharibənin, aclığın dərdini çəksinlər, yoxsa qəfil bəla təki onları haqlayan meşə yanğınlarından, çölləri, düzləri silib-süpürən seldən, daşqınlardan qaçıb canlarını qurtarsınlar. Belə çıxır ki, yaşından, cinsindən, dilindən, dinindən asılı olmayaraq adamlar ümumiyyətlə heç nə bilmirlər. Və yaxud adamlar eşitdiklərini, bildiklərini bilərəkdən unutduqlarının cəzasını çəkirlər.
Yer kürəsinin başı üstündə qara buludlar, böyük bəlalar dolaşır. Bizi gələcəkdə nələr gözlədiyini də tək Allah bilir. Bütün bəlaların bir adı var – Tanrı qəzəbi. Adam var qonşusu acından ölür, vecinə də deyil, adam da var milləti, dindaşları bir-birini qırır, şəhərlər, kəndlər yandırılır, dinc əhali bombalanır, o isə dinmir, amma bank hesabına pulu gec yatırılanda etiraz əlaməti olaraq… küçə süpürür.
Belə yazırlar ki, Türkiyəyə dincəlməkdən ötrü ayaq basan Səudiyyə Ərəbistanı vətəndaşı, ərəb biznesmeni Qazi Mersudin əl-Əhmədi ailəsiylə bu ölkədə bir müddət könül xoşluğuyla istirahət etmək istəyib. Ancaq tezliklə pullu kişinin qanını qaraldan hadisə baş verib. Varlı ərəb pullarını xərcləyib qurtarıb, bir də gözünü açıb görüb ki, heç kirayələdiyi evin borcunu da ödəməyə dollar tapmır. İş adamı təcili onun hesabına pul köçürülməsi üçün öz ölkəsinin banklarından birinə müraciət edib və “əmma” da elə bundan sonra yaranıb. Bank pulu göndərmədiyindən müsəlman biznesmen təlaşlanıb, tələsik birtəhər arvad-uşağı vətəninə yola salıb. Sonra qəzəbli Qazi Mersudin Türkiyədən çıxa bilməməyinin günahını Səudiyyə bankında gördüyündən etiraz kimi orijinal bir üsula əl atıb. Varlı-hallı ərəb vətəndaş qaldığı məhəlləni süpürməyə başlayıb. Bununla da ərəb iş adamı sanki nə qədər yenildiyini nümayiş etdirmək istəyib. Yəqin ki, o, Türkiyədə həmişəlik qalmayacaq, bəlkə də indi evində oturub sulu qəlyan sümürür.
Bu ərəb sıradan birisi də deyil məncə, çünki belə orijinal jesti ancaq güclü yumor hissi və tez alışıb, tez də sönən adam düşünüb tapa bilərdi. Üstəlik, iş adamı bəlkə də ömründə bircə dəfə faydalı iş görüb, məhəllə sakinlərinə təmənnasız xidmət göstərib, onların küçəsini silib-süpürüb. Əsl sil-süpür zəmanəsinin adamı elə belə olur.
Etiraz anlamının bətnində elə əzəldən bir süpürgə fenomeni var əslində.
Müəllifin başqa yazıları: Kamanın babası 81-ci dairə Köhnə kişinin hikkəsi Qara daş ustası