Azər Qaraçənli
Kim ön cəbhədə deyilsə, arxa cəbhədədi. Çünki ölkəmiz müharibə vəziyyətindədi.
Ön cəbhədə olan hərbi, mülki adamlarımız cəbhədə olduqlarını yaxşı bilirlər, bunu hər an duyurlar. Amma arxa cəbhədə olanlar arxa cəbhənin olduğunu unuda da bilərlər. Arxa cəbhədə olanlarda “cəbhə” hissiyyatı, “arxa cəbhə” hissiyyatı zəifləyə də bilər, hələ ola bilsin, kimlərsə ön cəbhənin olduğunu da yaddan çıxara bilər.
Azərbaycanda bu çatışmazlıq açıq görünür. Arxa cəbhə duyğusu korşalıb. Bizim ölkəmizdə ön cəbhədə olmayan adamlarda “arxa cəbhə” duyğusunu oyatmaq lazımdı. Ölkəmizdə ön cəbhə var, deməli, arxa cəbhə də olmalıdı. Ölkəmizdə ön cəbhə reallığı var, ona görə arxa cəbhə reallığı da olmalıdı. Ön cəbhədə olmayanlar ön cəbhənin olduğunu hiss eləməlidilər. Ön cəbhədə olmayanlar arxa cəbhədə olduqlarını hiss eləməlidilər. Azərbaycanda arxa cəbhə reallığı yaradılmalıdı. Gerçək ön cəbhəsi olan ölkənin gerçək arxa cəbhəsi də olmalıdı. Bizdə arxa cəbhə gerçəkliyinin zəiflədiyi yəqin ki, ön cəbhədə də duyulur və bu, ola bilsin, ön cəbhənin ovqatına pis təsir göstərir.
Belə şey olar?! Az qala hər həftə düşmən bir əsgərimizi öldürür, biz də bütün günü kefdə-damaqdayıq!
Azərbaycan dövləti arxa cəbhə proqramı qəbul eləməlidi. Həmin sənəddə arxa cəbhəni formalaşdırmaq, möhkəmləndirmək üçün görülməli olan işlər sadalanmalıdı, arxa cəbhənin ön cəbhə üçün görməli olduğu işlər göstərilməlidi. Dövlət, hökumət təşkilatlarının arxa cəbhədəki vəzifələri, ön cəbhə üçün öhdəlikləri müəyyənləşməlidi. Qeyri-dövlət, qeyri-hökumət təşkilatları, özəl sektor, ayrı-ayrı vətəndaşlar arxa cəbhədə ön cəbhə üçün iş aparmağa həvəsləndirilməlidi. Hakimiyyətlə müxalifət, hökumətlə qeyri-hökumət təşkilatları arasında arxa cəbhə əməkdaşlığı qurulmalıdı. Bu, hakimiyyətlə müxalifət, hökumətlə qeyri-hökumət təşkilatları arasında dialoqun aparılması demək deyil, ona görə buna dialoq adı qoymaq da lazım deyil. Bu proses dialoqdan daha əhəmiyyətli, daha zəruri prosesdi, ona görə o, daha yüksək sözlə ifadə olunmalıdı, “dialoq” bu proses üçün zəif termindi.
Ayrı-ayrılıqda hər dövlət, hökumət təşkilatında arxa cəbhə komissiyası (şöbəsi) yaratmaq olar. Yaxud dövlət-hökumət təşkilatlarını qruplaşdırıb qrup-qrup arxa cəbhə komissiyaları (komitələri) formalaşdırmaq olar.
Siyasi partiyalar da ayrı-ayrılıqda və ya bir yerdə arxa cəbhə komissiyaları yarada bilər.
Qeyri-hökumət təşkilatları, özəl şirkətlər, yaradıcı birliklər, ailələr, nəsillər, məhəllələr toplaşıb arxa cəbhə üçün iş apara bilər. Kənd-kənd, küçə-küçə, bina-bina qruplaşmaq olar. Xəstəxanalar, apteklər, universitetlər, məktəblər, teatrlar, kinoteatrlar, kitabxanalar, idman klubları, restoranlar, kafelər, dükan-bazarlar öz aralarında qruplaşa bilər.
Müxtəlif kampaniyalar keçirmək olar. Bir sözlə, elə eləmək olar ki, ön cəbhə arxasız qalmasın, arxa cəbhənin ön cəbhədən xəbəri olsun.
Ön cəbhəsi olan ölkənin arxa cəbhəsi də olmalıdı. Sadəcə olaraq, bu işi təşkil eləmək, buna stimul vermək, meydanı açmaq lazımdı ki, adamlar cəbhəyə arxa dura bilsinlər, hər kəs əlindən gələni, qolundan qopanı, gücü çatanı eləyə bilsin. Cəbhəyə arxa durmağın milyon variantı ola bilər, çıxarıb milyon manat verməkdən tutmuş oturub bir yaralı əsgərə məktub yazmağa qədər hər kəs bacardığını, gücü çatanı eləyə bilər. Dünyanın heç bir yerində belə iş özbaşına əmələ gəlmir. Elə çıxmasın ki, hardasa özününkünə diqqətcil, hardasa laqeyd millət yaşayır. Yox, belə deyil. Əgər hardasa müharibə aparan millət ön cəbhəsinə arxa dura bilibsə, bilirsə, deməli, bunu təşkil eləyənlər olub. Təşkil eləyən olmasa, əmələ gələn deyil.
Təkcə milyon manatları yox, bax o məktub yazan qolları da hərəkətə gətirmək üçün təşkilatçılıq lazımdı. Reallıq belədi. Millət laqeyd deyil, milli təəssübkeşliyin üzə çıxmağının qanunauyğunluğu belədi – onun həmişə təşkilatçılığa ehtiyacı olur.
Arxa cəbhə proqramının olmağı bir də ona görə yaxşıdı ki, bu proqram birbaşa vətənin müdafiəsiylə məşğul olmayan adamlara da vətəni müdafiə eləməyə imkan verir. Adamların çoxu elə sahədə çalışır ki, bu sahə birbaşa vətənin müdafiəsinə bağlı deyil. Amma belə adamlar da vətənin müdafiəsinə öz töhfələrini vermək istərdilər. Arxa cəbhə proqramı bu cür adamlara vətənin müdafiəsinə qoşulmaq imkanı verərdi. O adamlar da az-çox vicdan rahatlığı tapardılar ki, dar gündə qıraqda durmayıblar, vətəni qorumaq üçün onlar da nəsə eləyiblər.