Azər Qaraçənli
Bu gün üçrəngli bayrağımızı şəhərlərimizdə, kəndlərimizdə görəndə bəlkə az-az yadımıza düşür ki, bir vaxt bu bayrağı qaldırmaq nə qədər çətin, nə qədər təhlükəli olub. İndi Qız qalasının sağında da, solunda da bayrağımız dalğalanır. Qız qalasından bir azca o yanda nəhəng bayraq meydanımız var, 162 metrlik dirəyin üstündə 70 metr uzunluğunda bayrağımız dalğalanır. Amma bir vaxt – sovet dövründə, 1956-cı ilin may ayının 28-də, Cümhuriyyətimizin ildönümündə bu bayrağı Qız qalasına sancmış 28 yaşlı Cahid Hilaloğluna 10 il həbs cəzası kəsiblər, ona olmazın işgəncələr veriblər.
Bu gün çox adam kişi aktyorların qadın rolu oynamağına bayağılıq kimi baxır. Amma bir vaxt bu, fədakarlıq idi. Qadınlar teatra yaxın düşə bilmirdilər. Ona görə qadın rollarını da kişilər oynayırdı. İlk dəfə 1908-ci ildə səhnəyə qoyulan müsəlman Şərqinin ilk operasında – “Leyli və Məcnun”da Leyli rolunu da, Leylinin, Məсnunun anası rollarını da illər uzunu kişilər oynayıb. Leyli rolunun ifaçılarından olmuş Əhməd Bədəlbəyli kimliyini afişalarda “Miri Ağdamski” adı altında gizlədib. Axırda da təxəllüsü üstündə qalıb, adını üzə çıxaranda Əhməd Ağdamskiyə çevrilib. Əhməd Ağdamski düz 12 il səhnədə qadın rollarını oynayıb. Buna görə hər cür təhqirə, təzyiqə məruz qalıb.
O vaxtlar heç kişi rolunu oynamaq da asan olmayıb. Aktyorluğu seçdiyinə görə Hüseyn Ərəblinskinin ailəsində, qohum-əqrəbasında həmişə gərginlik olub. Qadın rolunu oynamaq üçün bığını qırxdırandan sonrasa onu heç bağışlamayıblar. Deyirlər 1919-cu ildə dayısı oğlu Ərəblinskini – Azərbaycanın ilk professional aktyoru, peşəkar rejissoru sayılan, 20-ci əsrin əvvəllərində dünya klassiklərinin neçə-neçə əsərini Azərbaycan səhnəsinə gətirən bu nəhəng sənətkarı, “Leyli və Məcnun”un ilk tamaşasının rejissorunu, Azərbaycan səhnəsinin Otellosunu, Qacarını, Xlestakovunu elə bu işləri gördüyünə, sənətinə görə öldürüb.
Ona görə bu gün kişilərin rahatca kişi rolu oynamağına, qadın rolu oynamağına da sevinmək lazımdı. Lap o bayağılaşmaya da sevinmək lazımdı. O bayağılaşmada dünyanın ağrıları hesabına başa gəlmiş bir uğur var. O bayağılaşma – kişinin qadın rolunu bu qədər asanlıqla, bu qədər geninə-boluna, şitini-şorunu çıxara-çıxara oynamağının özü bir xoşbəxtlikdi.
Mobil telefon, internet də belədi. Hərdən adam bezir. Səni harda istəsələr yaxalaya bilirlər. Amma bu bezikmənin özü bir xoşbəxtlikdi. Gör neçə-neçə nəsil bir-birini belə asan, belə rahat tapmağın həsrətini yaşayıb.
Suyu su kimi içirik, tumu tum kimi çırtlayırıq, elə bilirik elə belə də olmalıdı, buna heç bir uğur-filan kimi baxmırıq. Amma adam var bir dəfə dərindən nəfəs almağa həsrətdi. Adam var dustaqlıqda dörd divar arasında oturub deyir kaş indi evimdə uzanıb tum çırtlaya-çırtlaya televizora baxaydım.
Bu dünyanın su içimi kimi, tum çırtlamaq qədər asan uğurları var. O uğurların bəzisi nə vaxtsa daş daşımaq qədər çətin olub, bəzisi də nə vaxtsa daş daşımaqdan ağır olub. Tanrının və tarixin verdiyi, anadangəlmə və sonradan qazanılmış uğurlar var. Rahat nəfəs almaq anadangəlmə uğurdu. Bu şəhərdən o şəhərə, bir ölkədən o biri ölkəyə rahat gedib-gəlmək sonradan qazanılmış uğurdu.
İnsan uğurları su kimi içir, tum kimi çırtlayır – halal xoşu olsun. Amma insanın buna – olmasın həmişə, olsun hərdən – şükranlığı da olmalıdı.
Biz gecə-gündüz oturub bayrağımızın dalğalanmağına şükür eləyə bilmərik. Amma bizim mahiyyətimizdə ümumən buna bir şükranlıq olmalıdı. Belə olsa, hansısa anda, təbii şəkildə o şükranlığın bütün varlığımızı bürüdüyü an da olacaq. Dövlət işində, millət işindəsə o bayrağı dalğalandıran arzulara və ağrılara birbaşa bağlılıq olmalıdı. Dövlət, millət işində o bayrağa şükranlıq, o bayrağın arzularına və ağrılarına sadiqlik həm də bir borcdu.
Demirəm qadın rolunun şitini çıxarmış kişi aktyorların naşılığına göz yumaq. Amma o şitliyin özündə bir uğur – milli uğur, bəşəri uğur var, bu şitlikdə o uğura şadyanalıq eləmək də lazımdı.