İbrahimxəlil
Şagirdlərə şişirdilmiş qiymətlər yazan müəllimlər həmişə əslində pambıqla baş kəsiblər. Guya fənlərin mənimsənilməsi yüz faizdir, guya bu tərəflərin təlimində geriqalma yoxdur və sairə və ilaxır…
Amma sözüm bunda deyil. Sözüm mənim keçmiş məktəbimdəki tənbeh üsullarındadır.
Biz falaqqa görmədik, amma çubuq gördük. Bir də bizdə cəza növü olaraq “müqəssir” şagirdləri təkayaq üstündə saxlamaq var idi. Yaxşı yadımdadır. Bizimlə paralel sinifdə kimləri təkayaq üstündə dayanmağa məcbur edirdilərsə, onlar çox uzaq getdilər; var-hal sahibi oldular, həmişə diqqət mərkəzində dayandılar.
Mirzə Qələm də, mən də bir dəfə də olsun təkayaq üstündə dayanmadıq. Amma hayıf! Məsələn, iki dərsə görə – “İngiltərədə çəpərləmələr” və “Rusiyada təhkimçilik hüququ” dərslərini bilmədiyinə görə sinfin yarıdan çoxu təkayaq üstündə dayanmalı olmuşdu. Xatalı kimi dərslikdə bu dərslərin biri ilə bağlı təkayaq üstə dayanmış yoxsulun karikaturası da verilmişdi; yəni həmin dövr İngiltərəsində də, həmin dövr Rusiyasında da kasıblar öz ikinci ayaqlarını qoymağa yer tapmırmış: hər yer ağalar və bəylər (dərslikdə burjuylar və kapitalistlər) tərəfindən elə çəpərlənib, elə tutulubmuş… Hətta şahlıq quşunun kasıbın başına qonmaq şansı üçün də yer qalmayıbmış: çünki kasıbın bədəninə ağırlıq edən başı cəllad kötüyündə imiş. Yaxşısı budur, bir az da uzaqlara gedim…
İngiltərə ilə bağlı “qoyunlar adamları yeyir” ifadəsini elə arazbarı əzbərləmişdik ki, arada-sırada öz qoyunlarımıza da məlul-məzlum Panurq sürüsütək baxırdıq. Çəpərləmələr dövrü İngiltərəsində əmrə müntəzir dayanmayan yoxsulları – Yaradanın bu günahsız dostlarını – səfillər, avaralar adıyla kütləvi edam edirmişlər. Hətta XVI əsrdə edama baxmağa gedənləri indiki dövrdə “Çelsi”nin oyununa gedənlərlə müqayisə edən müəllimimizə də şübhə ilə baxanlarımız olurdu. Sən demə, bu gün dünyaya etika və estetika dərsləri keçən İngiltərədə vaxtilə təkayaq üstündə dayanmağa məcbur edilənlərin qanı oralarda leyboristləri, buralarda biz əkinçiləri indinin özündə belə, beymürvət tuta bilirmiş!
Müxtəsəri, məktəbdə təkayaq üstündə durmaq məcburiyyəti həyatda təkayaq üstündə dayanmağın yanında toy-şan imiş. İndi Süsən-Sünbüldəki (və düzü-dünyadakı) kasıbların sayına baxsaq, çox adamın əslində təkayaq üstündə dayanmaq, nəinki dayanmaq, hətta yaşamaq məcburiyyəti də anlaşılandır…
Təkayaq – yəni təkcə sabaha deyil, həm də bu günə ümidsiz, təkayaq – yəni az qala çəpərləmələr və təhkimçilik hüququ dövrünün adamı, təkayaq – yəni bir həsir, bir Məmmədnəsir (“İPhone” markalı mobil telefonuna baxmayın), təkayaq – yəni vilayəti cəhənnəm, vicdanı cənnət, təkayaq – yəni qışın oğlan çağında təkpəncə dayanan və sabah kəsiləcək qaz, ya da ördək misallı…
Dünən Mirzə Qələmdən eşidəndə ki, yaponiyalı milyarder Haruki Murakami (dünyalarca məşhur yazıçı ilə ad və soyad eyniliyi təbərrük təsadüfdür) təkayaq üstündə davamlı dayanmaq məşqləri keçir, onda çox təəccüb etdim. Dedim bəlkə göbək yağlarını əritmək üçün qaydalara əməl edir, bəlkə Ginnesin Rekordlar Kitabına (The Guinness Book of Records) düşmək istəyir, bəlkə sadəcə olaraq məktəb illərinin cəza, töhmət və tənbeh üsullarını xəyalında yenidən canlandırmaq istəyir.
Sən demə, təkayaq üstündə ancaq sağlam adam dayana bilirmiş. Sən demə – yenə də yapon alimlərinə görə – əgər adam təkayaq üstə 20 saniyədən artıq dayana bilmirsə, deməli, onun xırda beyin damarlarında koqnitiv funksiyaların pozulmaları var; yəni təcili olaraq nevroloqun qəbuluna yazılmalıdır. Axı bütün hallarda insult və infarkt təhlükəsi aradan qaldırılmalıdır.
Hərdən-hərdən TRTSpor televiziya kanalında əlil idmançılar arasında futbol üzrə Türkiyə çempionatına – ucqarda ürək ağrısı ilə – da baxıram. Bu təkayaqlı, amma az qala “ikiürəkli” oğulların iradə və əzmkarlığına heyrət edə-edə öz vaqiflər anladığı mənada olan “təkayaqlı”lığımın xəcilliyi məni dara çəkir… Arada-sırada bədənimə ağırlıq edən başım ayaqlarıma doğru əyilir: ayaqlarıma sanki çilik-çilik şüşələr üstündə yeriyən Şuşanın şüşəsi batıb.
P.S. İndi bütün sosial ədalət əskikliklərinə rəğmən, çəpərləmələr və təhkimçilik dövrlərindən çox keçib. Amma “təkayaq” üstə dayanmağa məcbur olanların sayı arazbarı azalmaq əvəzinə, artmaqda deyilmi? Günbəgün çoxalan münaqişə zonalarında ayağını itirən qoltuq ağaclıları hələ saya salmıram.
Burasını da deyim ki, dinimizdə ayaqüstə dayanmağın “təkbirətül-ehram” anına qiyam deyilir. Yox-yox, Əyriqarın ətəklərınə yaxın nə Mirzə Qələmin, nə də mənim – “təkayaq” həyat tərzimizə rəğmən – qiyam eləməyə gücümüzmü var?..
Hazırda İngiltərədəki “Al qızılgül və ağ qızılgül müharibələri”nin tarixini gözdən keçirməklə məşğuluq. İstəsəniz bəzi məşğulluq mərkəzlərinə siz də yazılın…
….amma Sınıq körpünün bəri üzündə, Əyriqarın ətəklərinə yaxın “Təkayaq” heykəli yapmaq təklifi Mirzə Səməndərin yox, Mirzə Qələmin təklifidir.