Oqtay Qorçu
Azərbaycan ordusunun, komandanlarımızın, əsgərlərimizin səngərdən boy verən hikkəsi, savaşcıl ovqatı məni sevindirir. Belə vətəndaş mövqeyi, qisası qiyamətə qoymayan kişilər hər zaman, keçmişdə də olub, indi də var.
Vətəndaş mövqeyi ilə seçilən, barəsində hələ də danışılan bir adamdan söz açacam… XX əsrin yaddaqalan əyalət hekayətlərindən biri.
Laçının Qorçu kəndində bir Almurad kişi varmış, hazırcavab, söhbətcil. Güzəranı çətin olan, kolxozdan dolanan, tutatut və aclıq illərinə mərdanə sinə gərən bu kəndli babadan danışılası çox söhbət var. Bir gün Almurad kəndlilərinə qoşulub karvanla bazara, Ağdama gedirmiş. Vəng yolunda çörək yeməyə otururlar. O dövr çoxlarının yaxşı tanıdığı erməni nalbənd Mişa qəfildən böyürdən çıxır, harasa gedirmiş. Bu vaxt Almuradgilin karvanında olan kəndlisi – balaca uşaq üzünü erməni nalbəndə tutub deyir: “Mişa dayı, gəl çörək ye”. Erməni çörəyə oturmur, heç cavab da vermir, keçib gedir. Həngamə də elə burdan başlayır. Almurad kişinin rəngi-rufu dəyişir, əlini çörəkdən çəkib ayağa qalxır, hikkəylə şinelinin öncə sol, sonra sağ ətəyini kəmərinə sala-sala “Oğlanın “dayı”sı (uşaq Mişaya “dayı” demişdi axı – O.Q.), gəl çörək ye!” deyə-deyə yaxınlıqdakı arxa yaxınlaşır, qışın soyuğunda dizəcən çırmanıb girir bumbuz suya, qəzəblə ayağını ovxalaya-ovxalaya böyür-başını, gah da fağır uşağı gözaltı süzə-süzə durmadan təkrar edir: “Oğlanın “dayı”sı, gəl çörək ye! Oğlanın dayısı, gəl çörək ye, eləmi?!”
Almurad kəndlilərini də, nə dediyini, yol boyu onun qara qoyununu daşıyan bu kişinin niyə belə qəzəbdən, hirsdən boğulduğunu anlamayan uşağı – Əliqəmə oğlu Ağanı da peşman edir. Axşama yaxın zorla yedizdirə bilirlər bu kişini.
Torpağımızda yurd-yuva salıb, sonra namərdə çevrilən erməninin əməlini, kimliyini gözəl bilən, qanlı tarixin şahidi olmuş Almurad kişi bir uşağın qarı düşməni “dayı” deyə çağırmasına belə dözə bilməyib. Qeyrətindən, ürəyini deşən qəzəbdən, hikkəsindən iki bölünəcəkmiş az qala.
Bu köhnə kişi həmin adamdır ki, Moskvanı görüb tərif edənlərin, Rusiyadan bəh-bəhlə söz açanların hüzurunda Moskvada hər şeyin əcaib göründüyünü, “Ən əcaib özümdüm ki, düşmüdüm ora” söyləyib bir zaman. Və bu həmən Almurad kişidir ki, “Niyə ölünüzə Quran oxudursunuz?” soruşan, adətə-ənənəyə töhmət edən otryad komandirinə belə bir sual verib: “Bəs Kremldə əsgərlər niyə ölünün qapısında durur?!”
Bizim əsgərdə köhnə kişilərin hikkəsi var. Allah qorusun onları!