Kitab barədə söhbətə bir Çin nümunəsindən başlamaq istəyirəm. Bu günlərdə internet resuslarından birində oxudum ki, Çinin bəzi həbsxanalarında şərt qoyublar: hansı məhkum gündə 100 səhifə kitab oxusa, onun məhbəsdəki bir günü 4 gün sayılacaq. Yəni 4 il həbs cəzası alan şəxs təqdim olunan kitabları göstərilən miqdarda oxusa, 1 ilə həbsdən azad olunacaq. Deməli, kitab oxuyan şəxs həm savadlanır, maariflənir, həm azadlığa daha tez çıxır, həm də kitaba elə öyrəşir ki, sonra kitabsız qala bilmir.
Elə qonşu İranda da bənzər addım atılıb. Qonbade Kavus şəhərinin hakimi Qasım Nəqizadənin qəbul etdiyi qərarda məhkumlardan 5 kitab götürüb oxumaları, sonra isə bu kitablara dair icmal yazmaları və hakimə təqdim etmələri tələb olunur.
Başqa bir misal. Bir dəfə məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyey faytonu ilə Novxanı kəndinin yaxınlığından keçirmiş. Yerli sakinlər də yeni inşa etdikləri məscidin açılışını edirmiş. Hacını görüb, onu da açılışa dəvət edirlər. Yeni, çox geniş olan məscid binasına girən Hacı buradakı cavanları yanına çağırır. 25-30 cavan toplaşır. Hacı soruşur ki, ay cavanlar, bu məscidin binasına nə qədər buğda yığmaq olar? Cavanlardan heç biri cavab verə bilmir. Hacı deyir ki, bu sualı rusun uşağına versəydim, binanın enini, uzununu, hündürlüyünü bir-birinə vurub bu cavabı deyərdi. Mən sizə bir torba qızıl verirəm, gedin uşaqlarınıza məktəb açın, onları oxutduran, sonra gətirin məscidə.
Belə misallardan onlarla gətirmək olar. Peyğəmbərdən tutmuş dünyəvi alimlərədək hamısı elmin, kitabın əhəmiyyətindən danışıb və danışır. Amma biz peyğəmbərin adına hər gün on dəfə and içsək də, onun kitab haqqında dediklərindən misal çəksək də, ona əməl etmirik – kitab gözümüzün içinə girsə belə, onu oxumuruq. Kitab oxumamağımıza min cür bəhanə gətiririk.
Peyğəmbərin adını balalarımıza qoyuruq, peyğəmbər adına xor baxanın az qala gözünü deşirik, ancaq peyğəmbərin “Zülmə dözən zülümkara bərabərdir” deyiminə əməl etmirik. Peyğəmbərin “İnsan beşikdən qəbrəcən oxumalıdır” kəlamını məsciddə dönə-dönə təkrarlayırıq, lakin məscidin beş addımlığında olan kitabxanaya, kitab mağazasına baş çəkməyi heç xəyalımıza gətirmirik.
Məlum olduğu kimi, bu günlərdə Masallı şəhərinin mərkəzində, şəxsi obyektimizdə “Kitab evi” açdıq. Halbuki o binada otaqları icarəyə verib daha asan yolla pul qazanardıq. Lakin biz insanların maariflənməsini üstün tutduq. Təəssüf ki, arzuladığımız insanların çoxunu burada görmədik. Biz açılış zamanı, heç olmasa açılışdan sonra daim ziyalı adı ilə öyünən insanları, məmur adının kölgəsində qaz vurub qazan dolduranları gözləyirdik, amma ətrafı mülki forma geyinmiş polislərlə əhatə etmişdilər.
Təkcə Masallıda 3500 müəllim var. Hələ ziyalı adı ilə meydan oxuyanları demirəm. Bəs bunlar niyə kitab oxumur?
Hərənin min bəhanəsi var. Masallıda ay ərzində yüz min manatlarla “Beloçka” tumu satılır, hələ “Sevinc loto” alanları, toylara 500-1000 manat pul salanları demirəm — bircə kitaba pul çatmır.
Səbəbsiz də deyil. Bu gün hərfləri tanımayıb, “qara” satanların və onları himayə edənlərin təmtərağı göz deşir. Ömrünü oxumağa, öyrənməyə sərf edənlərin isə çoxu kasıbçılıq içində çırpınır.
Məhz bu savadsızlıq ucbatından əksər yerə ya kadr tapılmır, ya da tapılan kadrlar savadsızlığı ilə hər an problem yaradır.
Kitab mağazasının yanından hər gün yüzlərlə insan keçir. Onların ən azı 90 faizi çöldə stol üstə düzülmüş kitablara gözlərinin ucu ilə də baxmır.
Doğrudanmı, kitablar belə qorxuludur?!
Əziz dostum, bacım, qardaşım, qorxma, diksinmə, bu kitabdır, yoluxucu xəstəlik deyil, əli də yandırmır. Dünya yaranışından misilsiz kəşflər bu kitablar vasitəsilə edilib, milyonlarla insanın qəlbi bu kitablarla nurlanıb. Fasiləsiz tum çırtlayıb, gündüzlər nərd-domino çırpıb, axşamlar kredit borclarının fikrini etməklə biz hara qədər gedərik?! Belə-belə işlərlə Sabirin, Mirzə Cəlilin bağrını çatlatdıq – Sabir sağlığında bircə kitabını da çap etdirə bilmədi, Mirzə Cəlil evini qızdırmaq üçün əlyazmalarını yandırdı. Heç olmasa indi ortada olan bir-iki nəfəri qoruyun…
Sərraf
“Cənub xəbərləri” qəzeti, Masallı rayonu