“Google”, “Apple” və “Microsoft” xüsusi xidmət orqanının hədəfində
ABŞ-ın texnoloji şirkətləri, o cümlədən “Google”, “Apple” və “Microsoft” ölkənin Ədliyyə Nazirliyinin və Federal Təhqiqatlar Bürosunun sorğularını dəfələrlə rədd ediblər. Həmin sorğular istifadəçilərin ismarışlarına girişin təqdim olunması barədə olub. Texnoloji şirkətlər dövlətə bu imkanı verməyiblər. Novator.az bildirir ki, sentyabrın 7-də “New York Times” qəzetinin elektron versiyasında dərc olunmuş məqalədə belə deyilir.
“New York Times”ın yazdığına görə, ABŞ hakimiyyəti son aylarda müntəzəm şəkildə müxtəlif şirkətlərdən vətəndaşların elektron yazışmaları haqda məlumatları tələb edir. Belə sorğular istifadəçilərə qarşı aparılan araşdırmalarla bağlı verilir. Amma “Apple” və “Google” kimi şirkətlər istifadəçi məlumatlarının verilməsindən boyun qaçırıblar və bu, xüsusi xidmət orqanları ilə onlar arasında mübahisələrə səbəb olub.
Məqalədə bildirilir ki, ABŞ hüquq mühafizə orqanlarının sabiq və hazırkı əməkdaşları analoji sorğuların əvvəllər da imtina ilə qarşılaşdığını deyiblər. Ədliyyə Nazirliyi və Federal Təhqiqatlar Bürosu belə hallarda şirkətlərin məhkəməyə cəlb olunmasını istəyiblər. Amma bu təşəbbüs həyata keçməyib. Hazırda Ədliyyə Nazirliyi “Microsoft” şirkətinin bir kompüterində saxlanan elektron məktubları məhkəmə yolu ilə almağa çalışır.