“Hazırda “Elektron hökumət” portalında 409 e-xidmət vətəndaşların istifadəsindədir. Avqustun 1-nə olan məlumata görə, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 454 xidmətdən 335-i portala inteqrasiya edilib və siyahıda əks olunan digər xidmətlərin elektron formada portala inteqrasiyası üçün operativ işlər davam etdirilir”. Novator.az xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov AZƏRTAC-a müsahibəsində belə deyib.
“Elektron hökumət” portalı 3 ildir yaradılıb. Onun idarə olunması, fəaliyyətinin təşkili və inkişafı portalın operatoru kimi Məlumat Hesablama Mərkəzi tərəfindən icra olunur.
Mərkəzin direktoru Nail Mərdanov müsahibəsində bildirib ki, 2015-ci il “Elektron hökumət” portalı üçün dinamik inkişaf ilidir: “Portalın istifadəçi sayı və e-xidmətlərdən istifadə sayı dinamik şəkildə artmaqdadır. Hazırda portalın istifadəçilərinin sayı 2,4 milyon nəfərdən çoxdur və onlar 15,5 milyon dəfədən çox e-xidmətlərdən istifadə üçün müraciət edib. Bu gün portala 80-dən artıq fiziki qoşulma var. Bunlardan 48-i dövlət qurumları, digərləri isə özəl sektorun nümayəndələri və banklardır”.
Direktor onu da qeyd edib ki, portalda yeni bölmə – “Elektron arayışlar” yaradılıb. Nail Mərdanovun sözlərinə görə, artıq Azərbaycan vətəndaşı yaşayış, iş yerindən, diplom və təhsili haqqında, kommunal borcun olmaması barədə və sair arayışlar üçün digər qurumlara müraciət etmək məcburiyyətində deyil: “Tezliklə vətəndaşlar bir çox digər arayışları da portal üzərində formalaşdırmaq imkanı əldə edəcəklər”.
Nail Mərdanov portalın çağrı mərkəzinin – 157 xidmətinin yenidən qurulduğunu söyləyib: “Həmçinin bu ildən “Elektron hökumət” portalının inkişaf çərçivəsi genişləndirilib, ölkədə “E-Gov 3.0” mərhələsinə başlanıb. Belə ki, yanvar ayında data.gov.az açıq məlumatlar portalı vətəndaşların istifadəsinə verilib və hazırda data.gov.az portalında 5 dövlət qurumu tərəfindən 25 adda məlumat bazası istifadəyə açıq edilib. Hökumət məlumatlarının açıq ediməsində əsas rol, həmişə olduğu kimi, xidmət təminatçılarının, yəni dövlət orqanlarının üzərinə düşür. Qurumlar özləri hansı xidmətlərin açıq verilə biləcəyini müəyyənləşdirməli və onu portala təqdim etməlidirlər”.
Nail Mərdanov deyib ki, bu il informasiya sistemlərinin fərdi identifikasiya nömrəsinə (FİN) uyğunlaşdırılması, informasiya sistemlərinin vahid identifikator üzrə formalaşdırılması istiqamətində ciddi işlər görülüb, kommunal xidmət təqdim edən qurumlara bu sahədə köməklik göstərilib: “Eləcə də, bu ilin yay aylarında mobil operatorların informasiya sistemlərinin portal üzərindən aparılması üzərində ciddi iş həyata keçirilib və tezliklə mobil nömrələrin satışı, nömrələrin digər operatora daşınması və nömrələrin addan-ada keçirilməsi prosesi zamanı məlumatların ilkin mənbədən formalaşdırılması tamamilə “Elektron hökumət” portalı üzərindən həyata keçiriləcək. Bu gün mobil operatorların informasiya sistemlərinin FİN-ə və digər identifikatorlara uyğun olmaması səbəbindən ünvanlı SMS göndərilməsində böyük çətinliklər var. İnformasiya sistemlərinin FİN-ə uyğunlaşdırlıması isə bizə elektron xidmətlərdən istifadə zamanı müxtəlif SMS xidmətlərdən ünvanlı istifadə üçün geniş imkanlar yaradacaq. Əminliklə deyə bilərəm ki, “Elektron hökumət” portalının fəaliyyəti istifadəçi tələbatına uyğun şəkildə aparılır”.
Məlumat Hesablama Mərkəzinin direktoru daha sonra bildirib: “Yeni mövsümdə daha çox istifadə olunan xidmətləri və xüsusən də elektron arayışları özündə birləşdirən portalın mobil əlavələrinin istifadəyə verilməsini planlaşdırırıq. Yəni vətəndaşlarımız gündəlik həyatımızda daha çox istifadə etdiyimiz bir çox xidmətlərdən mobil qurğular vasitəsilə, rahat interfeysdən istifadə etməklə yararlana biləcəklər”.