“Avroviziya 2026” beynəlxalq mahnı müsabiqəsində iştirakını təsdiqləmiş ölkələrin siyahısı yenilənib: Albaniya, Almaniya, Avstraliya, Avstriya, Azərbaycan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Fransa, Xorvatiya, İsrail, İsveç, İsveçrə, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Monteneqro, Norveç, San Marino, Serbiya, Ukrayna, Yunanıstan.
1956-cı ildən keçirilən “Avroviziya” yarışması ictimai teleradioları cəmləyən Avropa Yayım Birliyinin layihəsidir.
İrlandiya, İspaniya, Niderland və Sloveniyanın ictimai yayım qurumları İsrailin “Avroviziya 2026”ya buraxılmaması tələbi qoyub, əks halda yarışı boykot edəcəklərini açıqlayıb.
Başqa bir neçə ölkədən də oxşar mövqe və ya tərəddüd anonsu gəlib.
Fələstin torpaqlarının xeyli hissəsi işğal edən İsrail 2023-cü ilin payızında Qəzza bölgəsində qanlı hərbi əməliyyatlar aparır. Dünya ictimaiyyətinin bir hissəsi fələstinlilərin soyqırımına məruz qoyulduğunu iddia edir.
Avstriyanın paytaxtı Vyananın ev sahibliyi edəcəyi “Avroviziya 2026”nın birinci yarımfinalı mayın 12-nə, ikinci yarımfinalı 14-nə, finalı 16-na təyin olunub.
1956-cı ildən başlayaraq “Avroviziya” müsabiqəsində İrlandiya və İsveç 7, Niderland, Fransa, Lüksemburq və Böyük Britaniya 5, İsrail 4, İsveçrə, Danimarka, İtaliya, Avstriya, Norveç və Ukrayna 3, İspaniya və Almaniya 2, Monako, Belçika, Yuqoslaviya, Estoniya, Latviya, Türkiyə, Yunanıstan, Finlandiya, Serbiya, Rusiya, Azərbaycan və Portuqaliya 1 dəfə qalib gəlib.