ABŞ-ın xarici siyasət üzrə ixtisaslaşmış “Foreign Affairs” jurnalında “Rusiya yeni xof içində: müharibə ölkə elitasında təmizləmələrə və intihar dalğasına rəvac verib” başlıqlı təhlil dərc olunub.
Novator.az-ın məlumatına görə, məqalənin müəllifi Andrey Kolesnikov girişdə tarixə ekskurs edir: “1920-ci illərdə bolşevik iqtisadçı, Kommunist Partiyasının sevimlisi Nikolay Buxarin Stalinin (1924-1953-cü illərdə Sovet İttifaqına rəhbərlik etmiş İosif Stalin – Novator.az) ən yaxın müttəfiqlərindən idi. Amma Stalin hakimiyyətini möhkəmləndirdikcə Buxarin də digər həmkarları kimi diktatorun qəzəbinə tuş gəldi. 1937-ci ildə ona “sui-qəsd” ittihamı irəli sürüldü, bir il sonra güllələndi”.
Andrey Kolesnikov qeyd edir ki, bugünkü Rusiyada da bənzər proseslər gedir: “İyulun 7-də nəqliyyat naziri Roman Starovoyt prezident Vladimir Putinin sərəncamı ilə vəzifədən çıxarılandan bir neçə saat sonra odlu silahla intihar etdi. Ondan az əvvəl “Transneft” şirkətinin vitse-prezidenti Andrey Badalov çoxmərtəbəli binanın pəncərəsindən yıxılmışdı. O, 2022-ci ildə Ukraynaya qarşı başlanmış “xüsusi hərbi əməliyyat”dan sonra aradan götürülən, yaxud müəmmalı şəkildə ölən neft-qaz sektorunun yüksək vəzifəli şəxslərindən biridir. “Novaya qazeta”nın hesablamasına görə, 2022-ci ilin fevralından bəri 56 iş adamı və məmur müəmmalı şəraitdə həyatını itirib. Çoxu pəncərədən yıxılıb”.
Müəllif Putinə sədaqətlə xidmət etmiş adamların indi korrupsiya ittihamı ilə təqib olunduğunu da vurğulayır: “2024-cü ildə Müdafiə Nazirliyi genişmiqyaslı korrupsiya təqibinə məruz qaldı. Həmin ilin mayında uzun illər Putinin yaxın çevrəsində olan müdafiə naziri Sergey Şoyqu vəzifədən azad edildi. Şoyquya Təhlükəsizlik Şurasının katibi postu verildi, onun müavini Timur İvanov isə ağır taleyə düçar oldu: iri həcmdə korrupsiya ittihamı ilə həbs olundu və 13 il həbs cəzası aldı. Bölgələrdə də həbslər aparılır. Rejim öz adamlarını sıradan çıxara-çıxara onların yerinə yeni loyal kadrlar gətirir.
Dörd ilə yaxındır bitməyən Ukrayna müharibəsi və iqtisadi çətinliklər fonunda Putinin əsas məqsədi korrupsiya ilə mübarizə deyil, daxili təhlükələri önləməkdir. Bunun üçün o, elitanı qorxu içində saxlayıb idarəolunan sinfə çevirmək istəyir. Starovoytun ölümü göstərdi ki, artıq heç kim sığortalanmayıb: sədaqət belə hər zaman yetərli deyil. Stalin dövründə olduğu kimi növbəti hədəf bəlli deyil.
Starovoytun intiharı təcrübəli məmurlar üçün belə anlaşılmaz oldu. Rəsmi ittiham irəli sürülməmişdi, amma görünür, həbs qorxusu onu intihara vadar edib. Sabiq nazirin dəfnində Sankt-Peterburq meri Aleksandr Beqlov da daxil olmaqla bir sıra yüksək fiqur iştirak etdi. Dövlət agentlikləri Putinin mərasimə əklil göndərəcəyi xəbərini versələr də, sonra təkzib etdilər. Bu, iştirakçılar arasında narahatlıq yaratdı: prezidentin etimadını itirmiş adama hörmət göstərmək nə dərəcədə doğru idi?
Starovoyt 2024-cü ilin yazına qədər Kursk vilayətinin qubernatoru olmuşdu. Sonrakı aylarda onun komandasından bir çox məmur sərhəd müdafiəsi üçün ayrılmış yüz milyonlarla dollar vəsaiti mənimsəməkdə ittiham edilmişdi.
Amma bu, yeganə hal deyil. 2025-ci ilin əvvəlindən bir sıra məmurlar pəncərədən yıxılıb ölüb və ya odlu silahla intihar edib. İyun-iyul aylarında isə 140-a yaxın orta və yüksək ranqlı məmur həbs olunub, əsasən korrupsiya ittihamı ilə. Putinin hakimiyyətində korrupsiya əvvəllər normal sayılırdı. İndi isə xüsusilə müdafiə sahəsində maliyyə mənimsəmələri onun üçün qırmızı xəttə çevrilib”.
Yazıda qeyd olunur ki, adi rusiyalıların gündəlik həyatında qorxu həlledici rol oynamır: “Cəmiyyət indiki şəraitə uyğunlaşıb: ya açıq dəstək göstərir, ya da problemlərdən yayınmaq üçün dəstək imitasiyası yaradır. “Levada” mərkəzinin avqust sorğusuna görə, respondentlərin 69 faizi ölkənin “düzgün istiqamətdə hərəkət etdiyini” düşünür.
Elita üçün isə durum fərqlidir. Onlar yalnız dövlət icazə verdiyi müddət ərzində var-dövlətə sahib ola bilərlər. Kreml müharibəyə yeni maliyyə mənbələri axtarır. Son vaxtlar dövlət əlçatan özəl aktivləri açıq-aşkar milliləşdirir. İyunda Moskvanın Domodedovo hava limanının səhmlərinin müsadirə olunması buna misaldır. Belə addımlar elitalara açıq mesajdır: var-dövlət sizə məxsus deyil.
Bütün bunlar yeni imkan qapıları da açır. Stalin dövründə olduğu kimi boşalan yerləri tezliklə yeni gənc və iddialı kadrlar tutur. İndi də müharibə iştirakçıları üçün təhsil və karyera üstünlükləri yaradılır.
Ancaq maliyyə idarəçiliyi hələ də peşəkar texnokratların əlindədir. Məsələn, maliyyə naziri Anton Siluanov və Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina kimi fiqurlar Rusiyanın iqtisadi sabitliyini qoruyur. Yüksək faiz dərəcələri inflyasiyanı müəyyən qədər cilovlayıb. Putin onların peşəkarlığının vacibliyini anlayır, amma böhran dərinləşərsə, onlar da qurban verilə bilər.
İqtisadi idarəetmədə peşəkarların sıradan çıxarılması böhranı qaçılmaz edəcək. Çünki artıq səhiyyə, təhsil, istehsalat, nəqliyyat və demoqrafiya böhranı dərinləşir. Müharibə qəhrəmanlarının vacib dövlət postlarına gətirilməsi isə bu prosesi sürətləndirə bilər.
Putinin sistemi indi qaydasız oyuna çevrilib. Elita artıq rahat nəfəs ala bilmir. Onların müharibədən sonrakı yumşalmaya ümid bəsləməsi isə boş illüziyadan başqa bir şey deyil. Son təmizləmələrin əsas dərsi budur: Putin üçün geri dönüş yoxdur”.
Mənbə: Foreignaffairs.com