
ABŞ və Britaniya qəzetləri Donbasdan nə yazır?
- 22 Avqust 2025
- comments
- Novator.az
- Posted in Dünyanın səsiManşetTribuna
Rusiyanın dövlət başçısı Vladimir Putinin ABŞ prezidenti Donald Trampla Alyaska görüşündə Ukraynada müharibəni dayandırmaq üçün Donbasın (Donetsk və Luqansk vilayətləri) tam təslim edilməsi, Ukrayna qoşunlarının oradan çıxarılması şərti qoyduğu iddia olunur. ABŞ-ın “Vaşinqton Post”, Böyük Britaniyanın “Qardian” (“The Guardian”) qəzetlərində ukraynalıların bu iddialara münasibətini əks etdirən yazılar çıxıb.
Novator.az-ın məlumatına görə, “Vaşinqton Post”un jurnalistləri Donbasın Slavyansk və Kramatorsk şəhərlərinin sakinləri ilə, “Qardian”ın əməkdaşları isə Ukrayna Silahlı Qüvvələrinin Dobropolye yaşayış məntəqəsi yaxınlığında yerləşən kəşfiyyat-zərbə batalyonunun döyüşçüləri ilə danışıblar.
“Vaşinqton Post” yazır ki, Ukrayna prezidenti Vladimir Zelenski ərazi güzəşti ideyasını rədd edir və ukraynalılar onu dəstəkləyirlər: “Ukrayna vətəndaşlarının çoxu doğrudan da sülh, müharibənin bitməsini istəyir. Amma Donbası güzəştə getmək fikri, demək olar, hər bir ukraynalıya, xüsusilə həmin bölgədə yaşayanlara ağlasığmaz görünür.
Rusiya ordusu son həftələr Donetsk vilayətinin bütün istiqamətlərində hücumları gücləndirib, hər gün yüzlərlə insan bölgədən gedir. Onlar cəbhəyanı ərazilərdəki evlərini tərk edib Ukraynanın lap dərinliyinə doğru sığınacaq axtarmağa yollanırlar. Ancaq Kiyevin nəzarətində qalan iki böyük şəhərin – Kramatorsk, Slavyanskın sakinləri getməkdən imtina edirlər.
Rusiya hərbçiləri 2022-ci ilin fevralından başlanan genişmiqyaslı müharibədən bəri inadla Kramatorsk və Slavyanskı ələ keçirməyə çalışır. O vaxtdan şiddətli döyüşlər davam edir, hər kəs başa düşür ki, Kramatorsk və Slavyansk asan tikə deyil”.
“Vaşinqton Post” yazır ki, yerli sakinlər üçün şəhəri tərk etməmək artıq rus işğalına qarşı müqavimətin ayrılmaz hissəsinə çevrilib: “28 yaşlı Yuliyanın ailəsi müharibənin əvvəlində Slavyanskdan köçsə də, bir il sonra şəhərin işğalının mümkünsüzlüyünə ümidlənərək geri qayıdıb. Onun 54 yaşlı qaynanası Larisa deyir ki, şəhəri könüllü təhvil vermək onun uğrunda canını qoymuş qəhrəmanlara hörmətsizlik demək olar: “Donbas Ukraynadır. Mən heç nəyi heç nə ilə dəyişmək istəmirəm”.
60 yaşlı Slavyansk sakini İrina Novakova ilə jurnalistlər şəhər yaxınlığındakı gölün sahilində söhbətləşiblər. “Kim verəcək ki, Donbası Putinə? Heç kim bunu etməyəcək. Rusiya bizə lazım deyil. Bizə Slavyanskın Ukraynanın tərkibində qalması lazımdır” – İrina belə deyib.
Lakin qəzet qeyd edir ki, Donbasın kiçik yaşayış məntəqələrinin sakinləri cəbhə xətti onlara yaxınlaşdıqca köçmək məcburiyyətində qalırlar və onların nə vaxt geri dönəcəyi bəlli deyil: “Olqa Makeyeva Donetsk vilayətinin Pokrovsk rayonunda, Belozerskdə doğulub və orada mədəndə işləyib. İndi isə həyat yoldaşı və 16 yaşlı qızı Anastasiya ilə birlikdə köçürülür. Olqa da sülh istədiyini deyir, amma bildirir ki, bu sülh onun doğma şəhərinin Rusiyaya verilməsi bahasına başa gəlməməlidir.
37 yaşlı Sergey Naxalenko uzun müddət Novodonetsk qəsəbəsindəki mədəndə işləyib, burada həyat yoldaşı Nataliya və üç övladı ilə məskunlaşıb. Uşaqların balacası 1 yaşındadır. Sergey bir həftə qabaq işdən çıxıb, ailəsini xilas etmək üçün köçür. Qəsəbədə Sergeyin valideynlərinin məzarları qalır. “Mən hər şeyi itirdim. Yaxşıya ümid edirdik, amma geri qayıtmaq şansımızın olacağını düşünmürəm. Hazırda yalnız özümüzə güvənə bilərik” – Sergey deyir. Həyat yoldaşı Nataliya əlavə edir: “41 yaşım var. Yaşaya biləcəyim, “evim” adlandıra biləcəyim başqa bir yerimiz yoxdur. Övladlarımıza verə biləcəyimiz heç nəyimiz qalmayıb”.
“Vaşinqton Post”un jurnalistləri 44 yaşlı hərbçi Yuri Zubkovla Kramatorskda xəstəxanada görüşüblər. Çasov Yar şəhəri uğrunda döyüşlərdə yaralanmış Zubkov qəzetə açıqlamasında deyib: “Siz gözləyirsiniz ki, mən evimi başqasına verəcəm? Mən burada doğulmuşam. Burada yaşayıram. Bu yer uğrunda vuruşacam. Tramp başa düşməlidir ki, bu, Kaliforniyanı atıb getməyə, ABŞ ordusuna geri çəkilmək əmri verməyə bənzəyir”.
Donbasın təslim edilməsi ideyasını ön cəbhədə olan ukraynalı hərbçilər də qəbul etmir. Müharibə başlayana qədər tələbə olan, hüquq fakültəsində təhsil alan, indi isə Ukrayna Silahlı Qüvvələrinin 150-ci kəşfiyyat-zərbə batalyonuna komandirlik edən 32 yaşlı Denis Brijatı “Qardian” qəzetinə müsahibəsində deyib ki, Donbasın Rusiyaya verilməsi Ukrayna üçün əbədi fəlakət ola bilər: “Donetsk vilayəti möhkəm müdafiə olunur və belə bir yerin itirilməsi Rusiyaya yeni istiqamətlərdən hücuma keçmək üçün yol aça bilər. Bu, dəhşətli bir itki olardı, möhkəmləndirilmiş mövqelərin əldən çıxmasına gətirərdi”.
150-ci kəşfiyyat-zərbə batalyonunun “Optimus” ləqəbli döyüşçüsü də eyni cür danışıb: “Donbası Rusiyaya vermək? Bunun nə mənası var? Bütün çəkdiyimiz zülmlərdən, itkilərdən, qurbanlardan sonra? Belə idisə, elə bunu müharibənin əvvəlində edərdik də”…
2014-cü ilin fevralında Ukraynada Qərbə bağlı qüvvələr inqilab dalğasında hakimiyyətə gəlib. Rusiya dərhal ölkənin Krım yarımadasını zəbt edərək martın 18-də özünə birləşdirib, ardınca Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq işğalçı rejimlər qurub. 2022-ci il fevralın 24-də Rusiya total hərbi əməliyyatlara başlayıb, oktyabrın 5-də Donetsk və Luqansk bölgələrini, eləcə də Zaporojye və Xerson vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.
İşğalçı savaş başqa bölgələri də əhatə edib, ölkənin hər yanına dağıdıcı hücumlarla müşayiət olunur.
Kreml müharibəni dayandırmaq çağırışları qarşısında Krım, Donetsk, Luqansk, Zaporojye və Xerson bölgələrinin Rusiya ərazisi kimi tanınması tələbi ilə çıxış edib.
2017-2021-ci illərdə ABŞ-a prezidentlik eləmiş Donald Tramp 2025-ci il yanvarın 20-dən yenidən dövlət başçısıdır. Seçkidən öncə onun əsas vədlərindən biri Ukrayna müharibəsinin dayandırılması olub. Donald Tramp 2025-ci ildə rusiyalı həmkarı Vladimir Putinlə çox telefon danışığı aparsa da, onu atəşkəsə razı sala bilməyib.
Avqustun 15-də ABŞ və Rusiya prezidentləri Alyaska ştatının Ankoric şəhərində bir araya gəliblər, ancaq yenə də savaşı dayandırmaq mümkün olmayıb. İddialara əsasən, Vladimir Putin 15 avqust görüşündə Ukrayna hərbçilərinin Donetsk və Luqansk vilayətlərindən tam çəkilməsi tələbi qoyub, cəbhə xəttinin Zaporojye və Xerson istiqamətlərində indiki durumun qalmasını istəyib.
Avqustun 18-i Donald Tramp Vaşinqtonda Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb, sonra onlar geniş formatda – NATO-nun baş katibi və aparıcı Avropa ölkələrinin liderlərinin iştirakı ilə bir araya gəliblər. Ağ evdəki çoxtərəfli görüşün fasiləsində Donald Tramp Vladimir Putinə zəng vuraraq onu Vladimir Zelenski ilə danışıq aparmağa razı salıb.
Bu görüşlərdən sonra Donald Tramp Ukraynanı Krımın biryolluq itkisi ilə barışmağa çağırıb. Bəzi mənbələrə görə, ABŞ prezidenti ukraynalı həmkarını Krımı Rusiya ərazisi kimi tanımağa və başqa ərazi güzəştlərinə razılaşmağa vadar etmək istəyir.
Mənbə: Washingtonpost.com, Theguardian.com