• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Laçınlı Sultanovların savaşı

  • 14 İyul 2025
  • comments
  • hikmet
  • Posted in ManşetTribunaYazarlar

Toğrul Mahmudlu
ADA Universitetinin tələbəsi

Qarabağın tanınmış və köklü nəsillərindən biri də Sultanovlardır. Onlar XVIII əsrdən Qarabağın Hacısamlı nahiyəsinin Qasımuşağı obasında yaşayıblar. Bu nəslin yetirdiyi dövlət adamları, ictimai xadimlər, döyüşçülər, ziyalılar onun tarixi missiyasını və mənəvi böyüklüyünü nümayiş etdirir.

Elə görkəmli şəxsiyyətlərdən biri tələbəlik zamanında sol gözünü bir qadını qorumaq naminə dueldə fəda edən, Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin baş müvəkkili, Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri, daha sonra kənd təsərrüfatı və dövlət əmlakı naziri, Qarabağın general-qubernatoru doktor Xosrov Paşa bəy Sultanovdur.

Azərbaycanın xalq qəhrəmanı, Zəngəzur Milli Polis Dəstəsinin rəisi, erməni terrorçularının qənimi Sultan bəy Sultanov və İttihad Partiyasının Təbriz komitəsinin rəhbəri, Güney Azərbaycanda mühacirlərin partizan dəstəsinin rəisi İsgəndər bəy Sultanov (Paşa bəy oğlu) da bu nəslin parlaq nümayəndələri arasındadırlar.

Sultanovların mübarizliyi onlara əcdadlarından qalmış mirasdır. Bu nəslin nümayəndələrində müşahidə olunan döyüşkənlik, müdriklik, alicənablıq, xeyirxahlıq, vətənpərvərlik və xalqa bağlılıq kimi xüsusiyyətlər Sultanovların atası Əlipaşa bəy Sultanovun xarakteri idi. Əlipaşa bəy Sultanov (qısaca Paşa bəy) 1843-cü ildə Zəngəzurun Hacısamlı mahalının Qasımuşağı obasında dünyaya gəlib (Nazir Əhmədli, “Zəngəzur qəzasının kameral təsviri”, 2022).

Sultanovlar ulu babaları Nəbi oğlu Xıdırın adı ilə əlaqədar Qasımuşağı obasının Nəbioğlu nəslinin Xıdırlar qoluna mənsubdurlar. Paşa bəyin atası Xıdır oğlu Xanmurad bəy mahalın əsas mülkədarlarından biri olaraq zəhmətlə qurduğu böyük təsərrüfata sahib idi. Zəngəzur nahiyəsinin bəylərinin 1863-cü il siyahısında Qasımuşağı obasının Qurdqacı kəndindən 20 yaşlı Paşa bəyin adı qeyd olunub (ARDTA, F.10, s.1, s.v.135 – Nazir Əhmədli, “Zəngəzur qəzasının kameral təsviri”, 2022).

Paşa bəy bəyliyini kağız üzərində deyil, qanı, canı bahasına döyüş meydanında təsdiqləmişdi. 1905-1906-cı illərdə erməni quldur dəstələri müsəlman kəndlərinə hücum edərək xüsusi amansızlıqla qətliam törətdikləri zaman Paşa bəy könüllülər dəstəsi ilə xalqın köməyinə çataraq bir çox qırğının və bölgədə baş verə biləcək daha böyük soyqırımının qarşısını alıb.

Sultanovlar yalnız döyüş meydanında deyil, elm və təhsil yolunda da irəlidə olaraq həm silahla, həm də qələmlə millətinə xidmət edən nüfuzlu nəsillərdən biri kimi tarixə həkk olublar. Beş xarici dil bilən Xosrov bəy təhsil aldığı dövrdə Gəncə Kişi Gimnaziyasını qızıl medalla bitirən yeganə azərbaycanlı olub (ARDTA, F.319, s.4, s.v.2090) və Xarkov Universitetində, daha sonra Novorossiya Universitetində tibb təhsili alıb.

Bu nəslin ziyalıları sırasında Azərbaycanın ilk qadın pedaqoqlarından biri (Rafiq Səfərov, “Rus-tatar qadın məktəbinin tanınmış pedaqoqu Leyla xanım Rüstəm bəy qızı Sultanovanın həyatı və pedaqoji fəaliyyəti haqqında bəzi qeydlər”, 26 yanvar 2024), fəlsəfə elmləri doktoru, repressiya qurbanı Leyla xanım Sultanovanın, Azərbaycanın ilk mühəndis-texnoloqlarından biri, Azərbaycan Xalq Cümhuriyyətinin hökumət zavodları müdiri, Azneftin mühəndisi, repressiya qurbanı Rüstəm bəy Sultanovun və Bakının azad edilməsi uğrunda Qafqaz İslam Ordusu ilə birgə döyüşmüş, 1919-cu ildə Qarabağın general-qubernatorunun yavəri olmuş, ermənilərlə döyüşdə əmisi Xosrov bəy kimi sol gözünü qurban vermiş, Osmanlının “Məcidiyyə” ordeni ilə təltif edilmiş, Azərbaycan Xalq Cümhuriyyətinin dəstəyi ilə Berlin Texniki Universitetində ali təhsil almış, repressiya qurbanı, mühəndis İsgəndər bəy Sultanovun (Rüstəm bəy oğlu) adlarını xüsusən qeyd etmək lazımdır (Misir Mərdanov, Ədalət Tahirzadə, “1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar”, VII cild, 2022).

Sultanovlar Zəngəzurda ilk genişmiqyaslı ticarətin, köklü iqtisadiyyatın təməlini qoyanlardandırlar. Onlar böyük fermer təsərrüfatı qurmaqla Avropadan cins mal-davar gətirib Zəngəzur yaylaqlarında saxlayırdılar. Daha sonra işi təkmilləşdirib yeni iribuynuzlu heyvan cinsi yetişdiriblər. Bu yeni cins Hacısamlı bölgəsinin adı ilə “Hacısamlı cinsi” adlandırılıb. Sultanovlar bu işi o qədər inkişaf etdirmişdilər ki, təsərrüfat indiki Laçın rayonunun böyük ərazisini, neçə-neçə kənd və yaylağı əhatə edirdi. Hətta onlar kənddə süd emalı zavodu tikdirib yaylaqdan bu zavoda saxsı boru xətti çəkdirmişdilər. Yaylaqda heyvanlardan əldə edilmiş süd bu boru xətti vasitəsilə zavoda gəlib emal edilirdi.

Sultanovların geniş imkanlara malik təsərrüfatları Azərbaycan Xalq Cümhuriyyəti dövründə də diqqətdən kənarda qalmayıb. AXC parlamentinin üzvü Qara bəy Əliverdilər 1919-cu ildə Şuşada ümumqarabağ müəllimlərinin qurultayında Şuşa qəzasının Ağdam və Zəngəzur qəzasının Hacısamlı kəndlərində kənd təsərrüfatı məktəblərinin açılması haqqında məsələ qaldırmışdı. O belə bir fikri parlamentdə də səsləndirmişdi (Ənvər Çingizoğlu, “Qara bəy Əliverdilər: Cümhuriyyət deputatı”, 12 iyun 2020).

Sultanovlar iribuynuzlu heyvan təsərrüfatından əlavə atçılıqla da məşğul olublar. Böyük ilxılara malik olan Sultanovlar Hacısamlıda naxırları saxlamaq üçün inşa etdirdikləri təsərrüfat binaları ilə yanaşı at saxlama və yetişdirmə binaları da inşa etdiriblər. Həmin binalardan bəzilərinin qalıqları bu günə qədər qalır. Sultanovlar Azərbaycan Xalq Cümhuriyyəti zamanında öz ilxılarını döyüşçülərə paylayaraq süvari dəstələrin formalaşmasına dəstək olublar. Sovet dövründə isə Laçın rayonunun ən böyük südçülük və damazlıq sovxozu olan Nağdalı sovxozu məhz Sultanovların müsadirə edilmiş təsərrüfatları üzərində qurulmuşdu. Nağdalı sovxozu çox böyük olduğu üçün nəinki digər kəndlərdən, hətta digər bölgələrdən də işləmək üçün buraya gələnlər olub.

Sultanovlar təkcə kənd təsərrüfatı ilə deyil, eyni zamanda taxta istehsalı ilə də bölgənin iqtisadi inkişafına ciddi töhfələr veriblər. Hacısamlı bölgəsi dünyaca məşhur Qırmızı palıd meşələri ilə zəngindir. Nadir ağac növlərindən biri olan Qırmızı palıd ağaclarının dəyəri, keyfiyyəti qədər tələbatı da yüksəkdir. Bunun fərqində olan Paşa bəy Sultanov Qarabağın təbii sərvətini xaricdə tanıtdırıb bölgə əhalisinin rifahını yüksəltmək məqsədilə müasir Hacısamlı kəndi ərazisində taxta emalı zavodu inşa etdirib. Zavodun inşasını və onun qurğularının quraşdırılmasını alman mütəxəssislər həyata keçirib. Hacısamlı zavodunda emal edilmiş taxtalar, eləcə də təsərrüfatdan əldə edilmiş yağ-pendir məhsulları Avropaya ixrac edilib və əsas alıcılar sırasında fransızlar üstünlük təşkil edib. Fransaya ixrac edilən məhsulların aparıldığı yolu yerli əhali “Firəng yolu” adlandırıb. Zavodun fəaliyyəti bolşevik işğalı nəticəsində dayandırılsa da, İkinci Dünya müharibəsindən sonra bərpa edilib. Hacısamlıdakı taxta emalı zavodunun qalıqları və Qırxqız yaylağındakı “Firəng yolu” bu günə qədər qalır.

Sultanovlar iqtisadi sahədəki uğurları ilə yanaşı, həm də vətənin və millətin müdafiəsi naminə döyüş meydanında göstərdikləri fədakarlıqla seçiliblər. Paşa bəy Sultanov 1905-1906-cı illərdə ermənilərin törətdikləri qırğınlar zamanı öz könüllü dəstəsi ilə önə çıxaraq erməni terrorçularına qarşı qətiyyətlə mübarizə aparıb. Şuşalı tarixçi, yazıçı, alim Mir Möhsün Nəvvab da özünün “1905-1906-cı illərdə erməni-müsəlman davası” kitabında Paşa bəyin mübarizəsi haqqında təfərrüatlı məlumatlar qeyd edib. Bu döyüşlərdə Paşa bəyin ən yaxın silahdaşlarından biri böyük oğlu Sultan bəy olub.

Sultan bəy Sultanov 1871-ci ildə Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qasımuşağı obasının Qurdqacı kəndində dünyaya gəlib. Onun anası Qarabağın Pərioğlu bəylərinin qızı Bəyim xanım olub. Atası Paşa bəy isə Qasımuşağı tayfasına mənsub olub və öz dövrünün mütərəqqi, müdrik, səxavətli bəylərindən idi. Digər övladları kimi Sultan bəyi də uşaq yaşlarından elm, təhsil yoluna yönəldib. Sultan bəy Şuşada və Gəncədə oxuduqdan sonra Sankt-Peterburq şəhərində hərbi təhsil alsa da, naməlum səbəbdən təhsilini yarımçıq qoyub. O, Qarabağ və ətraf bölgələrdə 1905-1906-cı illərdə ermənilərə qarşı mübarizə aparması ilə tanınıb. 1918-ci ildə Şuşaya soxulub bütün Qarabağı Ermənistana birləşdirmək istəyən erməni silahlı birləşmələrinin başçısı Andranik Ozanyanın bir neçə minlik qoşununu cəmi bir neçə yüz nəfərlik könüllülər dəstəsi ilə indiki Laçın rayonu ərazisində darmadağın edib. Döyüş zamanı işğalçı qüvvələr o qədər itki verib ki, hadisə baş verən dərədə çay bir neçə gün qanlı axıb. Ona görə el arasında bu yerə “Qanlı dərə” deyilir. Bu hadisədən sonra Sultan bəyin şöhrəti, nüfuzu Qarabağı aşıb və xalqın ona olan etimadı, rəğbəti daha da artıb. Hətta bu döyüş bolşeviklər arasında da böyük əks-səda yaradıb. Şiddətli qarşıdurmanın nəticəsindən təşvişə düşən Stalinin yaxın yoldaşlarından Serqo Orconikidze 1918-ci il oktyabrın 12-də Vladimir Leninə ünvanladığı teleqramda Andranikin Qarabağda öldürüldüyünü və ermənilərin Sovet Rusiyasından kömək gözlədiklərini bildirib (Телеграмма Г.К. Орджоникидзе В.И. Ленину о положении на Кавказе и Кубани. Владикавказ, 12 октября 1918 г. // Г.К. Орджоникидзе. Статьи и речи, 1956, т. I, стр. 44-45.).

Xosrov bəy Sultanov Qarabağın general-qubernatoru təyin ediləndən sonra qardaşı Sultan bəy Sultanov Zəngəzur Milli Polis Dəstəsinin rəisi təyin edilib və qısa zaman ərzində iki min nəfərədək təlim görmüş silahlı dəstə formalaşdırıb. Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olan “Azərbaycan” qəzetində ölkəsi üçün göstərdiyi xidmətlər sayəsində sağlığında xalq qəhrəmanı adı almış Sultan bəyin şəninə təriflər, alqış və dualar dərc edildiyi kimi onun polis rəisi olmasını bildirən yazılar da var.

Sultan bəy Sultanov tarixdə daha çox Qarabağda işğalçı erməni dəstələrinə qarşı apardığı mübarizə ilə tanınır. Onun bolşeviklərə qarşı apardığı mübarizəsi, həyata keçirdiyi əməliyyatlar haqqında məlumat azdır, xüsusən 1920-1923-cü illərdəki fəaliyyəti az araşdırılıb. Xarici qəzet arxivlərindən əldə etdiyim məlumatlardan aşkar olur ki, Sultan bəy Sultanov 1920-ci ilədək erməni işğalçılarına qarşı uğurla mübarizə apardığı kimi 1920-ci ildən sonra da sovet işğalına qarşı dəyanətlə müqavimət göstərib. Sultan bəyin antibolşevik mübarizəsi dünya qəzetlərində gündəm yaradacaq qədər böyük təsirə malik olub. O nəinki sovet işğalını qəbul etməyib, eyni zamanda Şuşa şəhərinə daxil olaraq Qarabağın hakimiyyətini bolşeviklərdən geri alıb. Bu barədə Böyük Britaniyanın “The Guardian” qəzeti 4 iyun 1921-ci ildə belə yazır: “Tiflisdən məlumat verildi ki, çoxsaylı dəstələr məşhur Sultanovun rəhbərliyi altında Şuşa şəhərinə daxil oldu. Beləliklə, bütün Qarabağ bolşeviklərdən azad edildi”.

Fransanın “Le Temps” qəzeti isə 30 iyun 1921-ci ildə yazır ki, Qarabağın keçmiş general-qubernatorunun qardaşı Sultan bəy Sultanovun rəhbərlik etdiyi üsyan yatırıla bilmir və getdikcə daha geniş ərazilərə yayılır. Qəzetdə üsyançıların yüksək manevr qabiliyyəti, çətin relyef, rabitə çatışmazlığı və əhalinin bolşeviklərə qarşı düşmənliyi səbəbindən Qırmızı Ordunun üsyançıları dayandırmaqda aciz qaldığı bildirilir. Bolşeviklərin irəli sürdüyü bütün təklifləri rədd etdiyi üçün onlar Sultan bəyi hədələrlə qorxutmağa çalışıblar. Həmçinin qəzetdə Qarabağda yaşayan xalqların həmrəyliklə Sultan bəyin rəhbərliyi altında bolşeviklərə qarşı birgə mübarizə apardıqları qeyd olunub. Xəbərdən belə məlum olur ki, bolşeviklər Sultan bəyi silah gücü ilə özlərinə tabe edə bilməyərək yeni təzyiq metodlarından istifadə ediblər. 11 iyun 1921-ci ildə Sultan bəy Sultanovun qardaşı Rüstəm bəyin qızı, tanınmış pedaqoq Leyla xanım Sultanova həbs edilib (Şəlalə Məmmədova, “Anaların fəryadı”, 2006). Böyük ehtimal ki, bolşeviklər Leyla xanımı həbs etməklə Sultan bəyin müqavimətini qırmaq istəyiblər, fəqət faydası olmayıb. Sultan bəy sadəcə bir sərkərdə kimi deyil, həm də xalqının milli qürurunu təmsil edən lider kimi davranırdı. Onun rəhbərlik etdiyi və gündən-günə sayı artan könüllü dəstələr təkcə hərbi baxımdan deyil, eləcə də mənəvi baxımdan xalqın dayağına çevrilmişdi.

5 iyul 1921-ci ildə Almaniyanın “Deutsche Allgemeine Zeitung” qəzetinin yazdığına görə, Sultan bəy Sultanovun rəhbərliyi altında birləşmiş hərbi qüvvələr Qarabağda bolşeviklərə qarşı uğurlar əldə edib. Müxtəlif xalqlar, tayfa süvariləri Sultan bəyin silahlı qüvvələrinə qoşulub. Bolşeviklərə qarşı üsyanlar həm Qara dəniz sahilindəki dağlıq ərazilərdə yaşayan abxazlar, həm də Qafqaz və Dağıstandakı zabitlər arasında baş qaldırmaqdadır. Xəbərdə həmçinin Batumi dairəsinin və Acarıstanın Sovet Gürcüstanından ayrılması da əhalinin bolşevik iqtisadi sistemindən narazılığının artmasının sübutu kimi qiymətləndirilib.

Böyük Britaniyanın “Evening Standard” və “The Guardian” qəzetləri də Sultan bəydən yazır. 19 iyul 1921-ci il: “Londondakı Azərbaycan İnformasiya Bürosunun məlumatına görə, Zaqafqaziya dövləti olan Azərbaycanda antibolşevik üsyanı genişlənir. Bütün Qarabağ bölgəsi hərəkatın başında duran Sultanovun nəzarətindədir. Beş yüz bolşevik əsir götürülüb, qalanları isə geri çəkilməyə məcbur olub”.

London qəzetlərində dərc edilmiş bu xəbərdən aydın olur ki, bolşeviklər Qarabağda tam nəzarəti əlində saxlayan Sultan bəy Sultanova növbəti dəfə məğlub olublar. Onların 500 əsir verərək geri çəkilməsi siyasi sadəlövhlük və hərbi-strateji xamlıq əlaməti kimi qiymətləndirilir.

Sultan bəy Sultanovu sovetlərin gələcəyi üçün təhlükə hesab edən bolşeviklər ona qarşı daha ciddi tədbirlər görmək qərarına gəlirlər. Qızıl Ordu komandanlarından general Mixail Levandovski qoşunu ilə birlikdə Sultan bəy Sultanovun üzərinə göndərilir. General Levandovski Qızıl Ordunun peşəkar zabitlərindən idi. Hərbi təhsil aldıqdan sonra Birinci Dünya müharibəsində müxtəlif cəbhələrdə döyüş yolu keçib və daha sonra Rusiyadakı vətəndaş müharibəsində fəal iştirak edib. O, 9-cu Qızıl Ordunun və Bakını işğal edən 11-ci Qızıl Ordunun komandanı, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsinin əsas icraçılarından biri olub. General Levandovski Gürcüstanda sovet hökumətinin qurulması üçün hərbi əməliyyatlarda iştirak etdiyi kimi Dağıstanda da antisovet qiyamın yatırılmasına rəhbərlik edib. “Müqəddəs Vladimir” ordeni, “Müqəddəs Anna” ordeni, iki dəfə “Müqəddəs Stanislav” ordeni, “Qırmızı Bayraq” ordeni və digər mükafatlarla təltif edilib. General Levandovski güclü komandan olsa da, nə Sultan bəyi devirə, nə də onun müstəqillik qiyamını yatıra bildi. Sultan bəy Qarabağa soxulan Qızıl Ordu hissələrinin 4000 nəfərini yararsız hala saldı. 1000 ölü, 3000 yaralısı olan bolşevik qoşunu dağıdıldı və onların 6 topu, 18 pulemyotu və bütün sursat ehtiyatları qənimət olaraq götürüldü. Bununla da işğalçı general Levandovskinin rütbəsi, bütün hərbi təltifləri və cəbhələrdə qazandığı nüfuzu Qarabağda heçə çevrildi. Bu döyüş qətiyyət və vətənpərvərlik ruhunun qalib gəldiyi iradə savaşı idi.

General Levandovski bu döyüş zamanı yalnız Qarabağ döyüşçülərinin əzmini deyil, eyni zamanda Qurdqacı kimi münbit və sərt təbiətə malik bir məkanda doğulub böyüməyin nə demək olduğunu da yaxından gördü. Sultan bəyin doğulub böyüdüyü, dağlarla əhatə olunmuş Qurdqacı kəndinin adı etimoloji baxımdan “qurd dərəsi”, “qurdlar oylağı” anlamına gəlir. Elə o da bu vəhşi təbiətin sərtliyini və azad ruhunu özündə daşıyaraq el-obasını işğal etməyə gələnlərə qarşı həmin təbiətin formalaşdırdığı möhkəm xarakterlə – dönməzlik və cəsarətlə cavab verdi.

Sultan bəyin qazandığı qələbə Avropa və Amerikanın aparıcı mətbu orqanlarından olan “The Washington Post” (Vaşinqton, ABŞ), “Tampa Bay Times” (Florida, ABŞ), “Le Matin” (Paris, Fransa), “Daily Chronicle” (London, Böyük Britaniya) kimi nüfuzlu nəşrlər də daxil olmaqla 20 müxtəlif qəzetdə dərc edilib. Xəbərlərin məzmunca eyni olmasını nəzərə alaraq bu yazıda onlardan yalnız birini təqdim etməyimiz kifayətdir.

“Daily Chronicle” (London) 6 oktyabr 1921-ci ildəki yazısını “Sovetlərin geriləməsi. Azərbaycandakı döyüşlərdə 1000 ölü və 3000 yaralı” başlığı ilə dərc edib: “Azərbaycan İnformasiya Bürosunun verdiyi bəyanata görə, Azərbaycan Respublikasında baş qaldıran antisovet üsyanı getdikcə daha da güclənir və intensivləşir. Qarabağda son döyüşlərdə Rusiya Qırmızı Ordusu ağır itkilər verib – 1000 nəfər həlak olub, 3000 nəfər yaralanıb. Bundan əlavə, sovet qoşunları 6 top, 18 pulemyot və bütün sursat ehtiyatlarını itirib. Üsyançı hərəkata Azərbaycan vətənpərvəri Sultan bəy Sultanov rəhbərlik edir”.

Sultan bəy üçün vətənin müdafiəsi milli hökumətin mövcud olub-olmamasından asılı olmayıb. O, istər çar Rusiyası dövründə, istər Azərbaycan Xalq Cümhuriyyəti dövründə, istərsə də sovet hakimiyyəti dövründə vətəninin, millətinin müdafiəsi naminə qətiyyətlə mübarizə aparıb. O, sanki “Dövlət süqut etsə də, burada dövlət yerindədir!” deyərək özü var olduqca vətəninin, millətinin, dövlətinin müstəqilliyini qoruyub yaşadıb.

Sultan bəy daha iki il də Qarabağda yaşayaraq mübarizəsini davam etdirib. Rusiya Dövlət Hərb Arxivində saxlanılan, 1922-ci ilə aid sənəddə qeyd olunur ki, kəşfiyyat məlumatlarına əsasən, 1921-ci ildə Qırmızı Orduya qarşı əməliyyatlar aparan Sultan bəy Sultanov yenidən dəstə təşkil edir, onun adamları Şuşada və ətraf ərazilərdə tələsik silah və patron alır. Məlumatda Sultanovun qərargahının Şuşadan 3 verst aralıda, Çurmanda (Çormanda) yerləşdiyi bildirilib (Mustafazadə T., Əliyeva F., 2023. Rusiya Dövlət Hərb Arxivi Materialları: 1920-1922-ci illərdə Azərbaycanda hərbi-siyasi durumu öyrənmək üçün mənbə kimi. Akademik Tarih ve Düşünce Dergisi, 10(2), 43-61). Bu arxiv sənədindəki məlumatdan da görünür ki, Sultan bəy növbəti illərdə də geri çəkilməyib, əksinə, yenidən dəstə formalaşdıraraq mübarizə üçün səfərbər olub. Sultan bəy Sultanovun indiki Laçın rayonu Yuxarı Çorman kəndi ərazisindəki mülkünün qalıqları bu günə qədər qalmaqdadır.

Hərbi güclə Sultan bəyi özlərinə tabe edə bilməyən bolşeviklər digər təzyiq yollarına əl atıblar, fitnə-fəsad yaymaqla, nəsillər arasında düşmənlik, dostlar arasında kin-küdurət yaratmaqla və həvəsləndirici vədlər verməklə Qarabağın vətənpərvər müdafiəçilərini daxildən sarsıdıb parçalamağa çalışıblar. Şura hökuməti Sultan bəyə də Sovet Azərbaycanında yüksək vəzifə təklif etmişdi, lakin Sultan bəy nə sovet hakimiyyətini tanıdı, nə də onların təklifini qəbul etdi. Sovet xüsusi xidmət orqanlarının çevrəsinə yeridə bildiyi casuslar Sultan bəyə sui-qəsd də edib. Ağır yaralanmasına baxmayaraq tez zamanda ayağa qalxır, lakin birliyin pozulduğunu, fitnə və parçalanmanın dərinləşdiyini gördükdə mübarizəsini Güney Azərbaycanda sürdürmək qərarına gəlir.

1923-cü ilin noyabr ayında Araz çayını keçərək qardaşları İsgəndər bəy, Zülfüqar bəy və bəzi tərəfdaşları ilə birgə Qacarlar İmperiyasına mühacirət edir. Onlar digər qardaşları Xosrov bəy Sultanovun da dəstəyi ilə Azərbaycandakı sovet rejiminə qarşı 1931-ci ilədək Güney Azərbaycanda mübarizə aparırlar. Sultanovlar İranda İttihad Partiyasının Tehran və Təbriz komitələrini yaradırlar. İsgəndər bəy Sultanov İttihad Partiyasının Təbriz komitəsinin sədri olmaqla yanaşı partizan dəstəsinə də rəhbərlik edir. Eləcə də Sultan bəy mühacirləri ətrafına toplayaraq təşkilatlandırır. “Odlu Yurt” jurnalının 1 dekabr 1930-cu il buraxılışına əsasən, 1930-cu ilin noyabr ayında partizan dəstəsinin rəisi Sultanov (böyük ehtimal ki, İsgəndər bəy Sultanov) Qarabağda Qızıl Ordu birləşmələri ilə şiddətli çarpışmada həlak olur. Sultan bəy isə Təbrizdə həbs edilir (Musa Qasımlı, “Azerbaycan Türklerinin Milli Mücadele Tarihi. 1920-1945”, 2006) və Документы внешней политики СССР. Т. XIII. 1 января-31 декабря 1930 г. /М-во иностр. дел СССР. — М.: Политиздат, 1967.— 886 с.). Həmin dövrdə azərbaycanlı üsyançıları zərərsizləşdirmək məqsədilə sovet hərbi birləşmələri sərhədləri aşaraq İran ərazisinə yeridilir və antibolşevik hərəkatı zəiflətmək üçün başqa tədbirlər görülür. Mərhum tarixçi, professor Nəsiman Yaqublunun Xosrov bəy Sultanovun 140 illik yubiley tədbirində söylədiyi fikrə görə, Azərbaycan-İran sərhədinə tikanlı məftillərin çəkilməsi Sultanov qardaşlarının Güney Azərbaycandakı antibolşevik fəaliyyətləri ilə bağlıdır.

Sultan bəy Sultanov 1931-ci ildə Türkiyəyə mühacirət etməli olub. Sultan bəy özü vətənindən didərgin düşdüyü halda ailəsi və qohumları da 1937-ci ildə repressiyaya məruz qalıb, vətəndən sürgün ediliblər. Sultan bəyin ailə üzvlərindən bəziləri 1956-cı ildə vətənə geri dönsə də, qardaşı Rüstəm bəy Sultanov və onun oğlu İsgəndər bəy sürgündə müəmmalı şəkildə həyatlarını itirib və bir neçə qohumuna sovet xüsusi xidmət orqanlarının qərarı ilə güllələnmə hökmü verilib.

Sultanovların zirvə şəxsiyyətlərindən biri olan Sultan bəy Sultanovun vətəni, milləti uğrunda keçən şərəfli və məşəqqətli ömrü 1942-ci ilin aprel ayında Türkiyədə başa çatıb.

Sultan bəy Sultanovun xidmət etdiyi, uğrunda mübarizə apardığı vətəni bu gün müstəqildir və gündən-günə dirçəlir. Ali baş komandan İlham Əliyevin rəhbərliyi, müzəffər ordumuzun qüdrəti, xalqımızın həmrəyliyi, şəhidlərimizin və qazilərimizin qanı hesabına Qarabağ, Şərqi Zəngəzur və o cümlədən Sultan bəyin doğma yurdu Laçın erməni işğalından azad edilib.

Azərbaycan sovet əsarətindən xilas olub öz müstəqilliyini bərpa edəndən sonra Sultanovlara layiqli dəyər verilib. Prezident Heydər Əliyev 6 may 1996-cı ildə Şuşa və Laçın rayonları sakinlərinin bir qrupu ilə görüşəndə Azərbaycanın xalq qəhrəmanı Sultan bəy Sultanovu xüsusi xatırlamış və onun xidmətlərini yüksək qiymətləndirmişdi. 2012-ci ildə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Sultan bəy Sultanovun 140 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçirilib. 28 may 2023-cü ildə isə prezident İlham Əliyevin iştirakı ilə Laçın şəhərində Xosrov bəy Sultanov küçəsinin açılışı olub.

Mən inanıram ki, Qarabağın iqtisadi və hərbi quruculuğunda mühüm izlər qoymuş Sultanovlara məxsus, müsadirə edilmiş və işğal dövründə erməni vandalizminə məruz qalmış bütün mülklər dövlətimizin nəzarəti altında tarixi həqiqətlərə və ilkin görkəminə uyğun şəkildə bərpa olunacaq.

Avropa İttifaqı: əhali statistikası nə göstərir?

  • 14 İyul 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Avropa İttifaqı: əhali statistikası nə göstərir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetTribuna

QHT-lərin kitabı niyə bağlanır? – “Foreign Affairs”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Ukraynada Çin casusları tutulub

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

NATO başına çarə qılır – “Financial Times”

GLOBALS:0

Tags

  • Anım
  • Ordu
  • Siyasət
  • Tarix
  • Yazarlar

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

Avropa İttifaqı: əhali statistikası nə göstərir?

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Avropa İttifaqı: əhali statistikası nə göstərir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetTribuna

QHT-lərin kitabı niyə bağlanır? – “Foreign Affairs”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Ukraynada Çin casusları tutulub

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda