Avropa İttifaqının Statistika Xidməti (Eurostat) əhali hesabatı yayıb. Novator.az bildirir ki, açıqlamaya görə, 2025-ci il yanvarın 1-nə ittifaq ölkələrinin əhalisi 450,4 milyon nəfərə çatıb. Bu, bir il öncəkindən 1 milyon 70 min 702 nəfər çoxdur. 1960-cı illə müqayisədə artım 95,9 milyon nəfər göstərilir.
Artım tempinin 1960-cı illərlə müqayisədə düşdüyü qeyd olunur. Statistikaya əsasən, 1960-cı illərdə hər il əhali orta hesabla 3 milyon nəfərə yaxın artıb, 2005-2024-cü illərdə isə artım tempi orta hesabla 0,9 milyon nəfərə yaxın olub.
Avropa İttifaqı əhalisinin 47 faizinın Almaniya, Fransa və İtaliyanın payına düşdüyü vurğulanır.
Əhali artımı tempində Malta (hər 1000 nəfərə 19 nəfər artım), İrlandiya (16,3) və Lüksemburq (14,7) önə çıxıb, əhalisi ən çox azalan ölkələr kimi isə Latviya (hər 1000 nəfərə 9,9 nəfər azalma), Macarıstan (4,7), Polşa və Estoniya (3,4) rəsmiləşib.
Avropa İttifaqının 27 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.
Qurumu Belçika, Fransa, İtaliya, Qərbi Almaniya, Lüksemburq və Niderland 1957-ci ildə Avropa İqtisadi Birliyi kimi yaradıb.
1973-cü ildə Böyük Britaniya, Danimarka və İrlandiya, 1981-ci ildə Yunanıstan, 1986-cı ildə İspaniya və Portuqaliya birliyə qoşulub.
1990-cı ildə Şərqi Almaniya və Qərbi Almaniya vahid Almaniya dövlətində birləşib.
1992-ci ildə Avropa İqtisadi Birliyinin əsasında Avropa İttifaqı təsis olunub.
1995-ci ildə Avstriya, Finlandiya və İsveç Avropa İttifaqına qəbul edilib.
2004-cü ildə Çexiya, Estoniya, Kipr, Latviya, Litva, Macarıstan, Malta, Polşa, Slovakiya və Sloveniya Avropa İttifaqına qoşulub.
Bolqarıstan və Rumıniya 2007-ci ildən, Xorvatiya 2013-cü ildən Avropa İttifaqının üzvüdür.
Böyük Britaniya 2020-ci ildə Avropa İttifaqını tərk edib.
Mənbə: Ec.europa.eu