• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

QHT-lərin kitabı niyə bağlanır? – “Foreign Affairs”

  • 11 İyul 2025
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetTribuna

ABŞ-ın beynəlxalq münasibətlər və xarici məsələlər üzrə ixtisaslaşmış “Foreign Affairs” jurnalında “QHT-lərin dövranı başa çatır?” başlıqlı analiz dərc olunub. Məqalənin müəllifləri amerikalı siyasətşünaslardır: Pensilvaniya Universitetinin politologiya üzrə professoru Sara Buş, Braun Universiteti nəzdində Beynəlxalq Münasibətlər və Dövlətlərarası Əlaqələr İnstitutunun politologiya kafedrasının dosenti Cenifer Hedden.

Novator.az-ın məlumatına görə, yazıda qeyd olunur ki, SSRİ-nin çökdüyü, “soyuq müharibə”dən sonrakı dövr – 1990-cı illər beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) üçün “qızıl dövr” olub – QHT-lər güclənib, fəaliyyətlərini bütün dünyaya yayıb, büdcələrini birə-beş artırıb: “1990-2000-ci illər arasında minlərlə yeni QHT yaranıb, beynəlxalq QHT-lərin sayı 42 faiz çoxalıb”.

Bu QHT-lərin əksərinin liberal dəyərləri müdafiə etdiyini vurğulayan müəlliflər eyni dövrdə mühafizəkar baxışların keşiyində duran QHT-lərin də formalaşdığını diqqətə çatdırır.

Məqalədə deyilir ki, QHT-lərin sayı artdıqca siyasi proseslərə təsir imkanı da genişlənib, hətta bəziləri dövlət siyasətini dəyişdirməyi bacarıb: “1992-ci ildə yaradılan Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya 1997-ci ildə “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan edilməsi və onların məhv olunması” haqqında BMT Konvensiyasının qəbuluna nail olub və buna görə Nobel sülh mükafatına layiq görülüb.

1993-cü ildən korrupsiya ilə mübarizə sahəsində beynəlxalq ictimai rəyə təsir göstərməyi bacaran, Berlində yerləşən Beynəlxalq Şəffaflıq Təşkilatı (“Transparency İnternational”) 2003-cü ildə BMT-nin Korrupsiya Əleyhinə Konvensiyasının qəbulunda məxsusi rol oynayıb”.

Sara Buş və Cenifer Hedden 1990-cı illərin ikinci yarısına aid araşdırmalara istinadla yazırlar ki, “soyuq müharibə”dən sonrakı dövrdə əsasən QHT formasında zühur edən vətəndaş cəmiyyəti qrupları dövlət hakimiyyətlərini əməlli-başlı məhdudlaşdırmış, dövlətlərin təsir gücünü azaltmış, humanitar yardım kimi bəzi sosial sahələri bir xeyli ələ keçirmişdi: “QHT-lər beynəlxalq danışıqlarda hökumətləri sıxışdırır, insan hüquqları və ətraf mühit məsələlərində gündəmi müəyyənləşdirirdi. Ancaq indi vəziyyət tamam başqa cürdür. 2010-2020-ci illərdə beynəlxalq QHT-lərin sayı cəmi 5 faiz artıb. Son 20 ildə ictimaiyyətin bu təşkilatlara inamı zəifləyib, üstəlik, hökumətlər QHT-lərə mane olmağın effektiv yollarını tapıb. QHT-lərə donorluq edən mənbələrin imkanları ya tükənir, ya da onlar tamam sıradan çıxıb gedir. Elə bu yaxınlarda bağlanan ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAİD) yada salaq”.

Müəlliflər qeyd edirlər ki, indi QHT-lər siyasi proseslərə təsir baxımından heç vaxt olmadığı qədər zəifləyib: “Özü də söhbət təkcə ondan getmir ki, QHT-lər əvvəlki gücünü itirib, söhbət həm də ondan gedir ki, QHT-lərin ələ keçirdiyi güc yenidən dövlətlərin ağuşuna qayıdıb, o gücə yenidən dövlət hakimiyyətləri sahiblənib. Beləliklə, QHT dövranı başa çatıb”.

Neçə ildir QHT sektorunda geniş araşdırmalar apardıqlarını, yüzlərlə təşkilatın məlumat bazasını, vergi hesabatlarını, büdcəsini analiz etdiklərini, ən müxtəlif sahələr üzrə ixtisaslaşmış QHT-lərin rəhbərləri ilə ətraflı söhbətləşdiklərini, sorğular keçirdiklərini, ciddi müzakirələr təşkil etdiklərini bildirən Sara Buş və Cenifer Hedden yazırlar: “Biz bu araşdırmalar nəticəsində çox qəribə bir çevrilmənin şahidi olmuşuq. QHT-lər ilk dəfə beynəlxalq arenaya çıxanda, beynəlxalq miqyasda tanınmağa başlayanda öz prinsiplərinə sadiq idi. Qeyri-kommersiya xarakteri onları hökumətlərdən, şirkətlərdən, biznes qurumlarından fərqləndirirdi. Onların sayəsində beynəlxalq institutlar vətəndaşların səsini eşidirdi. Beləliklə, QHT-lər legitimlik qazanır, qlobal idarəetməyə töhfə verirdi. Hökumətlər QHT-lərlə əməkdaşlıq edir, bəzi fəaliyyətləri onların öhdəsinə buraxır, tutalım, xaricə humanitar yardımların çatdırılması prosesinin icrasını onlara etibar edirdi.

Lakin XXI əsrin əvvəllərindən QHT-lərin ünvanına tənqidlər artmağa başladı. Onların effektivliyi, şəffaflığı, neytrallığı, siyasi təsir gücü sual altına düşdü. Bəzi təşkilatlar islahatlara cəhd göstərdi: maliyyə xərclərini və qərar qəbuletmə prosesini ictimailəşdirdi, səlahiyyətlərinin bir qismini yerli tərəfdaşlarına ötürməyə çalışdı. Amma bu da Qərb liderlərini qane etmədi. Avropa Parlamentində xüsusilə ekoloji sahədə fəaliyyət göstərən QHT-lər korrupsiyada, qeyri-şəffaflıqda və Avropa İttifaqının maraqlarına qarşı çıxmaqda ittiham olundu”.

Məqalədə Almaniyanın hazırkı kansleri Fridrix Mertsin dövlətdən maliyyə alan bir sıra vətəndaş cəmiyyəti institutlarının siyasi cəhətdən neytral olmadığı, ayrı-ayrı partiyaların tərəfini tutduğu haqda dediyi sözlər yada salınır və bildirilir ki, bu tənqidlər heç də əsassız deyil: “Əvvəla, sayı artdıqca QHT-lər arasında resurslar uğrunda rəqabət də artıb, onlar donordan pul qoparmaq, hökumətə çıxış əldə etmək, medianın diqqət mərkəzində qalmaq yarışına giriblər, bu isə vətəndaş cəmiyyəti institutlarını əsas missiyasından yayındırır”.

Sara Buş və Cenifer Hedden hesab edirlər ki, QHT dünyasını sarsıdan, gözdən salan ən ciddi məsələlərdən biri də vətəndaş cəmiyyəti nümayəndələrinin təmasda olduqları əhali qrupları ilə münasibətlərdə etikaya zidd hərəkətlərə yol verməsidir. Bu sırada yoxsulluqla mübarizə aparan beynəlxalq QHT əməkdaşlarının Haitidə, Konqoda insanları cinsi istismara məruz qoyması, dələduzluqla məşğul olması misal çəkilir və vurğulanır ki, bu cür qalmaqallar QHT-lərə etimadın daha da itməsinə, adamların həm etik, həm də effektivlik baxımından biznes qurumlarını QHT-lərdən üstün tutmasına gətirib çıxarıb.

Daha sonra məqalədə bildirilir ki, son illər dünyada demokratiya zəifləyə-zəifləyə gedir, bu da öz növbəsində QHT-lərə qarşı məhdudiyyətlərin artmasına, onların fəaliyyətini daraldan qanunların qəbul edilməsinə yol açır. Ümumən son 30 ildə 130-dan çox ölkədə beynəlxalq QHT-lərin və xaricdən maliyyələşən vətəndaş cəmiyyəti institutlarının fəaliyyətini məhdudlaşdıran qanunların qəbul edildiyi diqqətə çatdırılır.

Müəllifləri fikrincə, Çin və Rusiyanın beynəlxalq siyasətdə artan rolu da hökumətlərin QHT-lər əleyhinə strategiyaları daha rahat tətbiq etməsinə imkan yaradır.

Qeyd olunur ki, bir yandan dövlətlərin öz prioritetlərini dəyişməsi, digər yandan da dövlət büdcələrində kəsirlərin ortaya çıxması səbəbindən hökumətlər xaricə yardımları azaldır: “İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan aparıcı donor ölkələrin 2024-cü ildə xarici dövlətlərə yardım üçün ayırdığı vəsait 7 faizdən çox azalıb. Gələcəkdə bu vəsaitin daha da aşağı düşəcəyi gözlənir.

Ən kəskin azalma ABŞ-da müşahidə olunur. Donald Tramp hakimiyyətə qayıdandan sonra demək olar xaricə bütün yardım proqramları ləğv edilib. Lakin bu tendensiya Trampdan əvvəl də başlanmışdı və yalnız ABŞ-la məhdudlaşmır. Avropada da oxşar vəziyyətdir. Özü də buna Norveç və İsveçdəki kimi təkcə sağlar səbəb olmur. Avropanın digər ölkələrində mərkəzçi və sol partiyalardan qurulan hökumətlər də eyni addımları atır.

İnkişaf proqramlarına dövlət yardımının ayrılması baxımından dünyanın ikinci ən böyük donoru olan Almaniya 2024-cü ildə büdcə ixtisarları zamanı həm humanitar, həm də inkişaf proqramlarına ayrılan vəsaiti xeyli aşağı salıb. Onda Almaniya hökuməti sağ mərkəzçilərin, yaşılların və təkamülçülərin koalisiyasından ibarət idi. 2025-ci ildə Almaniyada hökumət dəyişib, mühafizəkar Merts kansler postuna yiyələnib, amma ən azı hərbi xərclərin artması səbəbindən inkişaf proqramlarına yanaşmanın dəyişəcəyi ağlabatan görünmür.

Birləşmiş Krallıq koronavirus pandemiyası dövründən – 2020-ci ildən xaricə yardımı azaldır. Hazırda hökumət bu ixtisarları hərbi xərclərin artırılması fonunda davam etdirir. Fransa isə zəif iqtisadi artım və büdcə kəsirinin şişməsi səbəbindən 2024-cü ildə xaricə yardımlarını əhəmiyyətli dərəcədə aşağı salıb.

Beləliklə, bir tərəfdən QHT-lərin maliyyə mənbələri azalır, digər tərəfdən də hökumətlərin ümumiyyətlə xaricə yardım məsələsində QHT-lərdən istifadə etməyin lazım olduğuna şübhəsi artır. ABŞ hökuməti USAİD-i bağlayanda dövlət katibi Marko Rubio demişdi ki, USAİD-in saysız-hesabsız QHT-ləri dəstəkləməsi bircə həmin QHT-lərin rəhbərlərinin vəziyyətini yaxşılaşdırıb, təkcə onların gün-güzəranı düzəlib, guya onların yardım göstərdikləri insanların isə güzəranı daha da pisləşib.

Niderlandda hazırkı xarici ticarət və inkişaf naziri dövlətin tək xaricə yardımları yox, ölkədəki vətəndaş cəmiyyəti institutlarına ayırdığı vəsaiti də azaltması məsələsini qaldırıb”.

Məqalədə deyilir ki, QHT-lər dövlət yardımı azalan kimi büdrəməyə, işçiləri ixtisar etməyə başlayıb. QHT-lərin dövlət yardımı olmadan duruş gətirə bilməyəcəyini, ayrı-ayrı xeyriyyə fondlarından aldıqları vəsaitin onların köməyinə çatmayacağını vurğulayan müəlliflər yazırlar ki, əgər QHT-lər situasiyanı dəyişmək, cəmiyyətin gözündə yenidən legitimlik qazanmaq istəyirlərsə, öz səhvlərindən nəticə çıxarmalı, gördükləri yaxşı işləri ictimaiyyətə göstərməyi bacarmalı, köklü islahatlara getməli, maliyyə hesabatlarında şəffaflığı artırmalı, fəaliyyətlərinə cavabdehlik mexanizmlərini gücləndirməlidirlər: “Həm cəmiyyətdə QHT-lərə inamsızlığın yaranması, həm dövlətlərin onları zəiflətmək üçün məqsədyönlü siyasət yürütməsi, həm də maliyyə imkanlarının daralması bu qurumları qlobal arenada geri salıb. Onlar gücdən düşüb. Bu güc yenidən dövlətlərin əlinə keçib.

“Soyuq müharibə”dən sonrakı dövrdə fəal və resurslarla yetərincə təmin olunmuş vətəndaş cəmiyyəti hakimiyyəti ələ alanda belə bir ümid yaranmışdı ki, bu, dünyanın yaxşılığa doğru dəyişməsinə gətirib çıxaracaq. Ancaq QHT sektoru heç vaxt siyasi çağırışlardan, maliyyə sıxıntılarından sığortalanmayıb. Optimistlər bunu görməyi bacarmamışdılar. Onlar başa düşmürdülər ki, hakimiyyət bir gün əldən gedə də bilər…”

Mənbə: Foreignaffairs.com

Orta maaş nə qədər artıb?

  • 11 İyul 2025
  • comments

Hasilat, qiymət

  • 11 İyul 2025
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Saakaşvilinin cəzaları

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstana ən çox haradan gəlirlər?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Ukraynada Çin casusları tutulub

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ukraynaya dəstək fondu gündəmə gəlib

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Saakaşvilinin cəzaları

Son materiallar

comments
Dünyanın səsiXəbər

Saakaşvilinin cəzaları

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstana ən çox haradan gəlirlər?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Ukraynada Çin casusları tutulub

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda