İsrail Demokratiya İnstitutu İranla müharibə mövzusunu əhatə edən internet sorğusunun nəticələrini açıqlayıb.
İranı nüvə silahı hazırlamaq niyyətində ittiham edən İsrail iyunun 13-dən bu ölkəyə qarşı kəskin hərbi hava hücumları aparır.
Novator.az-ın məlumatına görə, ictimai rəy üzrə ixtisaslaşan “Viterbi Family” Mərkəzinin iyunun 15-dən 17-dək israillilər – 594 yəhudi və 143 ərəb arasında keçirdiyi sorğu müharibəyə münasibətdə kəskin fikir ayrılıqlarını üzə çıxarıb.
İsrailli yəhudilərin 82 faizi hökumətin İrana zərbə endirmək qərarını dəstəkləyib və hücumun vaxtının düzgün seçildiyini bildirib.
Respondentlərin daha 10 faizi hücumu doğru qərar saysa da, vaxtın düzgün seçilmədiyini iddia edib. Onların fikrincə, bu addım Qəzza müharibəsinin davam etdiyi, HƏMAS-ın əlində israilli girovların qaldığı bir şəraitdə atılmamalı idi.
HƏMAS (İslami Müqavimət Hərəkatı) Fələstinin hərbi-siyasi təşkilatıdır. 2023-cü il oktyabrın 7-də HƏMAS Fələstinin Qəzza bölgəsindən İsrail ərazilərinə hərbi müdaxilə edib, bir çox şəxs öldürülüb və ya girov götürülüb, ardınca böyük savaş başlayıb.
“Viterbi Family” Mərkəzinin sorğusuna əsasən, yəhudi respondentlərin 68 faizi İsrailin baş naziri Benyamin Netanyahunun hücum qərarını obyektiv təhlükəsizlik maraqları əsasında verdiyini düşünür, yalnız 19 faiz hesab edir ki, hökumət başçısı hücumda daha çox siyasi məqsədlər güdür.
İsrailli ərəb respondentlərin cəmi 11 faizi İrana zərbə endirilməsini dəstəkləyib. Onların 12,5 faizi hücumun vaxtını uğursuz saydığını qeyd edib, 65 faizi isə tamamilə bu addıma qarşı çıxıb.
Ərəblərin 20 faizi Netanyahunun qərarını təhlükəsizlik zərurəti ilə əlaqələndirib, 68 faizi siyasi niyyətlər güdüldüyünü vurğulayıb.
Sorğu həm yəhudilər, həm də ərəblər arasında ortaq narahatlıq olduğunu göstərib. Yəhudi respondentlərin 66 faizi, ərəb respondentlərin 89 faizi yaxın gələcəkdə özlərinin və ailələrinin təhlükəsizliyi ilə bağlı “çox narahat” və ya “xeyli narahat” olduğunu deyib.
Mənbə: Haaretz.com