Ukraynada təcavüzkar müharibə aparan Rusiyanın sülh üçün əsas şərtlərindən biri özünə birləşdirdiyi torpaqların rəsmən Rusiya ərazisi kimi tanınması, həmin ərazilərdən Ukrayna qoşunlarının çıxarılmasıdır.
Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi sosioloji sorğuya görə, ukraynalıların 52 faizi Rusiyaya hər hansı ərazi güzəştinin tam əleyhinədir. Respondentlərin 68 faizi ərazilərdən hüquqi cəhətdən imtinaya qarşı çıxıb, 78 faizi Rusiyanın tuta bilmədiyi ərazilərdən Ukrayna qoşunlarının geri çəkilməsini yaxın buraxmayıb.
Novator.az bildirir ki, sorğu mayın 15-dən iyunun 3-dək Ukraynanın nəzarətindəki bölgələrdə, yaşı 18-dən yuxarı 2004 respondent arasında telefonla aparılıb, onların 38 faizi müəyyən ərazi güzəştini mümkün sayıb.
Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını tutaraq Krım Respublikası və Sevastopol şəhəri adları ilə özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsində işğalçı rejimlər qurub.
2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk rejimlərini “müstəqil dövlətlər” kimi tanıyıb, fevralın 24-dən Ukraynada total hərbi əməliyyatlar apararaq ölkənin cənub-şərq bölgəsini qismən ələ keçirib.
Sentyabrın 29-da Rusiya Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyıb, oktyabrın 5-də həmin bölgələri, eləcə də Donetsk və Luqansk vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.
Rusiya Krım bölgəsini danışıqlarda ümumiyyətlə müzakirə etmir, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin tuta bilmədiyi ərazilərinin boşaldılması tələbi qoyur.
Mənbə: Kiis.com.ua