31 may səhəri bir telefon zəngindən başlamışdı…
***
Biz ötən dövrün uşaqlarıyıq, ona görə hər yığışanda zəmanəyə heç bənd olmarıq, hey o zamandan danışarıq. Mayın son günündəki görüş də belə keçir.
***
İndinin məktəbində fərqli təqvim işləyir. Biz öz təqvimimizlə gedərik: sentyabrın 1-i dərs ilinin ilki, mayın 31-i sonudur. Bir 10-cu (sonuncu) sinifdə yekun mayın 25-nə düşüb. Son zəngimiz. Hər vaxt dünən kimi gəlir.
…Əlimdə 86 nəfərlik siyahı var. Şuşanın 4 nömrəli məktəbinin uşaqları. Bunun 41-i 1973-cü ildə mənimlə eyni sinfə qədəm basmış və sonradan bizə qoşulmuş uşaqlardır.
5-i həyatda deyil.
Paralel iki sinfin 45 uşağı yadımdadır. Bəziləri ilə 9-10-u birgə oxumuşuq.
11-i dünyadan köçüb.
Uşaqların üçdə birinə əlimiz çatır hər dəfə. Uzaqda olanı, yaxında olub uzaq duranı, heç cür imkan eləməyəni var. Kimsədən incimərik, heç kimi siyahıdan silmərik.
***
…31 may məclisində çox görmək istədiyimiz bir qıza da sevinirik.
Xəlfəlidəndir, 8-i bitirib gəlmişdi bizim məktəbə. Yaxşı oxuyan, canında əsl kəndli qızı gəzdirən uşaq.
Yenə onun ad gününə yığışmağımız yada düşür… Dəstə-tifaq Xəlfəliyə hazırlaşanda dedim kənddə televizor Moskvanı (mərkəzi televiziyanı) tutmursa, gələn deyiləm, SSRİ kubokunun finalını buraxa bilmərəm.
Futbol xəstəsi olduğum hər kəs kimi ona da bəlli idi:
– Vallah, tutur, çox yaxşı göstərir…
1983-cü il mayın 8-i. Xəlfəlidə gözəl bir gün keçirdik. Finalı da buraxmadım.
Tarixə bir də baxın: mayın 8-i. Kim deyərdi doqquz il sonra mayın 8-i başımıza uçar və düz 28 il yarım o yükün altında əzilərik…
…O qız üçün 8 may zülmü bitməyib. Balaca qardaşı Şuşa işğal olunan gün itkin düşüb, hələ də sorağı yoxdur…
Eyni taleyi başqa bir qızımız da yaşayır. Biz bu məşəqqətin uşaqlarıyıq həm də…
…Qış məclisimizdən sonra Xaqani azarlamışdı. Şükür, indi yaxşıdır. Sinfimizin sütunlarından biridir Xaqani. Hər məclisdə sinəsini hamıdan qabağa verər, bircə söz deyər:
– Sən uşağı yığ, başqa heç nədən nigaran olma, qaqan ölməyib…
Canı ağrımasın heç kimin. Səbuhi qoltuqağacını buraxıb, çəliyə keçib, bir az özünə baxsa, çəliyi də evdə qoyar.
Ona hər şeyi bəyəndirə bilməzsən, bu dəfə narazı qalmır.
Əsədov Bəxtiyar Rusiyadan telefonla qoşulur məclisə. Bir müddət əvvəl infarkt keçirib, bir az üzgün görünür, danışdıqca həm üzü gülür, həm qəhərlənir.
Şakirin də surəti-səsi Rusiyadan gəlir. Baş-göz ağarıb, heç də hamını ilk baxışdan tanımır.
8 il birgə oxuduğum qızı metroda tanımamağım yadıma düşür…
Komandir – Elxan hər məclisdə mənə bir irad tutar. Hamımızdan balacadır, sonbeşikdir. Amma balaca oğlan deyil Elxan, başımızın tacıdır, onun sözünü çevirmək olmaz. Komandirdir – qazi, qazi atası, dirəyimiz.
…Oqtaya dayanmadan zəng gəlir məclis boyu. Başqa bir məkanda qrup yoldaşları toplaşıb. Axırda deyir mən hələ orta məktəbi qurtarmamışam, son zəngdir…
Vidadi günü səhv salıbmış. Məclisin ortalarına doğru özünü yetirir. Yeri görünərdi.
…Məclis boyu tez-tez 60 yaş söhbəti dövrəyə girir. Hamı o yaşın həndəvərindədir. Qızlar yaxın buraxmır. Heç biz də.
Uşaqlardan biri anasının şəklini göstərir mənə. Şuşada, çayın qırağında oturub. Baxıram, 17 yaşım içimi oyur. Necə də diri qalıb qadın, nə qədər sevimlidir…
…Sinifkoma nəzər yetirirəm. İllər o qıza nələr yaşadıb. Amma çöhrəsində-səsində həmin məhrəmlik qalıb. Nə vaxt yığsan, cavabı eyni olar:
– Hay can!
Mənim də bir sözüm var hər sinif yoldaşımın səsi gələndə:
– Başına dönərəm…
Başına döndüklərimdən heç doymursan. Hər görüşdə yeni görüşün planı cızılır. 31 may görüşü də eləcə bitir.
Ürəyimdə deyirəm:
– Sağlıq olsun. Təki sağlıq olsun…
Sübh tezdən gələn zəngi düşünürəm.
Sadiqin oğlu yığmışdı:
– Əmi, dedim bir hal-əhval tutum…
Canım əsmişdi:
– Başına dönüm, Ayxan, gör nə vaxt zəng vurmusan, uşaqlarla görüşə hazırlaşıram, Allah ataya rəhmət eləsin…
Ayxanın ani sükutdan sonra bircə söz deməyə gücü çatmışdı:
– Qismət…
Hikmət Sabiroğlu