Apreldə Türkiyədə istehlak qiymətləri 2024-cü ilin eyni ayına nəzərən 37,86 faiz artıb. Hesabatı yayan Statistika Qurumu bildirir ki, 143 əsas mal, məhsul və xidmətin 121-də bahalaşma, 18-də ucuzlaşma qeydə alınıb, 4-də qiymət dəyişməyib.
Azərbaycan Mərkəzi Bankı mayın 5-də 100 Türkiyə lirəsini 4 manat 41 qəpiyə satır.
2021-2024-cü illərdə 100 lirənin rəsmi kursu 22 manat 91 qəpikdən 4 manat 85 qəpiyə düşüb, 2025-ci il 4 manat 81 qəpiklə başlayıb.
1 ABŞ dollarının rəsmi qiyməti 38,4 lirəni ötür.
Gürcüstanın Milli Statistika Xidməti isə apreldə ölkənin istehlak bazarında qiymətlərin 2024-cü ilin eyni ayı ilə müqayisədə 3,4 faiz artdığını bəyan edib. Səhiyyə xidmətlərində bahalaşma 9,2 faiz, ərzaq və spirtsiz içkilərdə 7 faiz, mehmanxana və ictimai iaşə xidmətlərində 6,1 faiz, təhsil sahəsində 4,9 faiz, spirtli içkilər və tütün məmulatlarında 3,3 faiz, kommunal xidmətlərdə 1,1 faiz, geyim və ayaqqabılarda 0,3 faiz, əyləncə və mədəniyyət sektorunda 0,1 faiz göstərilir.
Açıqlamaya görə, rabitə xidmətləri 12,4 faiz, mebel və məişət avadanlıqları 2,7 faiz, nəqliyyat xidmətləri 2,2 faiz ucuzlaşıb.