UEFA Çempionlar Liqasının 2025-2026 mövsümünə 84 komandanın buraxılması gözlənir. Azərbaycan təmsilçisi “Qarabağ” turnirə çempionlar yolunun birinci mərhələsində başlamalıdır. Komandanın mümkün rəqiblərindən bunlar bəllidir: “Kayrat” (Qazaxıstan), “Differdanj” (Lüksemburq), “İberiya 1999” (Gürcüstan), “Vikinqur” (Farer adaları), “Şelburn” (İrlandiya), “Virtus” (San Marino).
Birinci mərhələdə ələnənlər Konfrans Liqasına, sonrakı üç mərhələdə ələnənlər Avropa Liqasına köçür. Liqa mərhələsində 36 komandanın iştirakı nəzərdə tutulur, 9-24-cü yerləri tutanlar 1/16 finala, ilk 8 pilləni tutanlar 1/8 finala çıxır.
Turnir 2025-ci il iyulun 8-də start götürür. Final 2026-cı il mayın 30-na (Budapeşt) təyin olunub.
1951-ci ildə Ağdam şəhərində yaradılan “Qarabağ” (“Məhsul”, “Şəfəq” və “Kooperator” adları da daşıyıb) 1 dəfə Azərbaycan SSR-in, 12 dəfə müstəqil Azərbaycanın çempionu olub, 8 dəfə Azərbaycan kubokunu qazanıb.
Komanda 11 mövsüm UEFA-nın klub turnirlərinin əsas mərhələlərində yarışıb, iki mövsüm Konfrans Liqasının 1/16 finalına, bir mövsüm Avropa Liqasının 1/8 finalına qədər irəliləyib.
6 mövsümdə “Qarabağ”la oynamış komanda finala çıxıb: Avropa Liqasının 2014-2015 mövsümündə “Qarabağ”la eyni qrupda yarışmış “Dnepr” (Ukrayna) finalda oynayıb; Çempionlar Liqasının 2017-2018 mövsümündə “Qarabağ”la eyni qrupda mübarizə aparmış “Atletiko” (İspaniya) Avropa Liqasına ələnərək turnirin qalibi olub; Avropa Liqasının 2018-2019 mövsümündə “Qarabağ”la eyni qrupda oynamış “Arsenal” (İngiltərə) komandası finala çıxıb; Avropa Liqasının 2019-2020 mövsümündə “Qarabağ”la eyni qrupda yer almış “Sevilya” (İspaniya) kuboku başı üzərinə qaldırıb; Avropa Liqasının 2020-2021 mövsümündə “Qarabağ”la eyni qrupda oynamış İspaniya “Vilyarreal”ı turnirin qalibi olub; Avropa Liqasının 2023-2024 mövsümündə “Qarabağ”a həm qrupda, həm də 1/8 finalda rəqib olmuş “Bayer” (Almaniya) finalda yer alıb.
Avropa Liqasının 2024-2025 mövsümünün liqa raundunda “Qarabağ”a rəqib olmuş “Tottenhem” (İngiltərə) və “Bode-Qlimt” (Norveç) komandalarından birinin finala çıxacağı dəqiqləşib.
2008-ci ildən “Qarabağ”a Qurban Qurbanov baş məşqçilik edir. 1972-ci il təvəllüdlü Qurban Qurbanov Azərbaycanın “Daşqın”, “Turan”, “Kür-Nur”, “Neftçi”, “İnter”, Gürcüstanın “Mertsxali”, “Alazani”, Rusiyanın “Dinamo” (Stavropol), “Fakel”, “Baltika”, “Volqar” klublarının və Azərbaycanın milli komandasının hücumçusu olub, “İnter”də idman direktoru, “Neftçi”də baş məşqçi və idman direktoru vəzifələrini tutub.
Qurban Qurbanov 2017-ci ilin noyabr ayından 2018-ci ilin dekabr ayınadək Azərbaycan milli komandasının da sükanı arxasında dayanıb.