Hikmət Sabiroğlu
Ermənistanın baş naziri Nikol Paşinyan müşküldədir. Əldəqayırma qüruru yerlə bir olmuş soydaşları onu satqın sayır, ruslar bic övlad kimi tələf eləməyə çalışır. Belə boğanaqda Qərbin nəfəsliyi çarə olmaz, bizə möhtacdır Paşinyan.
O, zəlil təbliğatla yol azıb hər yanı qana çalxamış, özü də qərq olmuş xalqını Azərbaycanla sülh bağlayıb xilas eləməyə çalışır. Bunun bizə də faydası var.
Burnu ovulmasa, yenə Şuşada yallı gedərdi Paşinyan. İndi ayıq başla oynayır.
Onun 2018-ci il inqilabı bizə uduş gətirdi. Azərbaycanın altıda birini tutub rahat oturmuşdu düşmən. Rusiya yanında, Qərb arxasında. Gücümüz 2016-cı ildə də vardı, düşməni 22 günə diz üstə qoya bilərdik. Alınmadı. Bilirik niyə.
Paşinyanın savaş zərbələrindən salamat çıxması da bizə düşdü. Dözməyib yıxılsa, indiki xoş mənzərə bəlkə də çətin olardı.
Onun indiki müşkülü bizə sərf eləmir. Divara dirənib gedər, qarşımızda bir ayrı “yan” görərik. Yanında Rusiya. Arxasında Qərb.
Ağır itkilərə başa gəlib qələbəmiz. Arxayınlıq yeri deyil, ona görə ayıq-sayığıq, silahı unutmuruq, diplomatiya da diş göstərir. Amma vaxt itirməyin də yeri yoxdur. Bəli, Ermənistan Konstitusiyasında Azərbaycan torpağına dolayı iddia var, mütləq aradan qalxmalıdır. Konstitusiyanı isə bir göz qırpımında dəyişmək mümkün deyil.
Şərtimiz ədalətli olsa da, vaxt gedir. Vaxt itkisi xeyir gətirməz.
Paşinyan tələsir. Sürətin bizə də faydası var.
“Qarabağ söhbətləri”:
Başqa Qarabağ yazıları: