Hikmət Sabiroğlu
1995-ci il. Fevral sazağı. Fəlakətli Qarabağ müharibəsində atəşkəsin onuncu ayı. ATƏT-in Minsk qrupundakı ABŞ elçisi Cozef Pressel cızdağımızı çıxarır: “Azərbaycan Şuşa və Laçın kimi xüsusi arzularından əl çəkməlidir”. Beləcə deyir. Gözünü qırpmadan.
Minsk qrupu Ermənistan-Azərbaycan sülhünə hazırlıq üçün yaradılmışdı. 1992-ci il mayın 1-də. Başımıza ələnən Qarabağ odu Şuşa və Laçını kül eləməmişdi hələ. 1995-ci ildə isə Azərbaycanın altıda biri düşmən əlində idi. Masadakı barış planı Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilana yol açsa da, Şuşa və Laçının taleyi qaranlıq qalır, Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin adı tutulmurdu.
“Xüsusi arzular” xəbərdarlığından iki il sonra Minsk qrupunun başına Rusiya-Fransa-ABŞ üçlüyü gəldi, Amerikadan ilk həmsədr… Cozef Pressel oldu.
Vasitəçilərin 1997-1998-ci illərdə təklif etdiyi sülh variantlarında Dağlıq Qarabağ bölgəsi az qala Azərbaycana bərabər dövlət kimi rəsmiləşirdi. Bir ustad yazar həmin planlara dəqiq diaqnoz qoymuşdu: “Dağlıq Qarabağ tərkibində Azərbaycan”.
1999-2001-ci illərdə ərazi mübadiləsi planı havada uçurdu. Bu variantda Azərbaycan Dağlıq Qarabağ və Laçınla biryolluq üzülüşür, Naxçıvana quruca bir yol əldə edirdi.
Sonrakı planların ən yaxşısında Kəlbəcər və Laçın Dağlıq Qarabağın “müstəqilliyinə” möhür vurulana qədər girov qalırdı.
Azərbaycanda puça çıxan “xüsusi arzularsız” sülh indi Ukraynanın qapısını kəsdirib. ABŞ-ın dövlət katibi Marko Rubionun sözləridir: “Müharibəni dayandıran istənilən razılaşma Ukraynadan ərazi güzəşti tələb edəcək”.
Tanış plandır. Vətən torpağını Vətən torpağına dəyişmək planı.
Planı pozan Zaman da var amma.