Hikmət Sabiroğlu
Siyasətdən çox uzaq, amma ayıq-sayıq mamam oğlu var. Rusiya Ukrayna torpaqlarına əl qoyan gündən qırırdıq bir-birimizi. Deyirdim Qərbin basqıları Rusiyanın dizini qatlayar, camaat qalxıb Putini qovar. Qayıdırdı siz demokratlar rusu tanımırsınız, imperiyanı qoyub çörəyə qaçmaz rus, heç qərbliləri də tanımırsınız, bərkdə əlləri yoxdur…
Qarabağ mübahisəmiz daha uzun çəkib mamam oğlu ilə. Deyirdim əvvəl demokratiya qurular, sonra Qarabağa bayraq sancılar. Qayıdırdı xəyalpərəstsiniz, reallığı görmürsünüz, Qarabağı rusa bir köynək yaxın olub ala bilərik, ayrı heç cür…
Bir başqa mamam oğlu sovet dövründən Moskvada yaşayır. 2008-ci ildə toya gəlmişdi. Söz-sözü çəkdi, dedim bu-gün sabah gürcü girib Cənubi Osetiyanı şumlayacaq, Abxaziya da təslim olacaq. Qayıtdı Qərb başınızı xarab eləyib, rus gəlib Tiflisi tutar…
Deyəsən, bizim başımız gerçəkdən yaxşı işləmir…
Ukraynaya baxırsan… Savaşdan yarımcan çıxmalı, zorakı atəşkəsə razılaşmalı olacaq. Təcavüzkarın qana bələdiyi ölkənin başçısının müttəfiq diyardan qovulub yardımdan məhrum edilməsi başqa yol qoyurmu?
Deyə bilərik çox səhvə yol verilib. Məsələn, Ukrayna toplumu güclü dövlət qurmamışdı, bunun acısını Krımı (27 min kvadrat kilometrlik vətən torpağını!) bir güllə atmadan buraxanda çəkdi, çəkir.
Ya da 2004-cü ilin dinc inqilabını xatırlaya bilərik. Prezident seçkisinin birinci turunu demokrat Yuşşenko ilə Rusiyaya bağlı Yanukoviç adlamışdı. İkinci turda Yanukoviç qalib elan olundu, xalq ayağa qalxdı, ikinci turun təkrar səsverməsinə (üçüncü tura) gedildi, Yuşşenko prezident kürsüsünə oturdu. Nə oldu Yuşşenkonun axırı? Beş il sonrakı prezident seçkisini beşinci yerdə bitirdi, Yanukoviç taxta çıxdı. Çünki demokratlar hər şeyin bitdiyini zənn edib arxayınlaşmış, beş il bir-birinin ətini yemişdilər…
İndi Ukrayna savaşına milyardlar xərcləyir Qərb. Vaxtında (elə Yuşşenko dövründə) qat-qat az pula Ukraynanı ayağa qaldırmaq mümkün idi. Məqamı tuta bilmədilər, marığa yatıb fürsət güdən Rusiyanı nəzərə almadılar. Sanksiya lazım gələndə bəyanatla, silah lazım gələndə sanksiya ilə illəri bada verdilər. İllər cəhənnəm, gözəl bir ölkə tar-mar oldu. 2014-2024-cü illərdə əhalisi 13 milyon nəfər azalmış Ukrayna. İndi o ölkənin liderinə Vaşinqtonda “milyonların həyatı ilə qumar oynayırsan” deyirlər. Yanan da Ukrayna olur, yaman da…
Ukrayna xəmiri çox su aparır. Qərbdə hakimiyyətlər çökür, yönlər dəyişir. Yorulublar. Təcavüzkar gözünü qırpmır amma. Kiyevə atdığı bombaların havasına Tiflisi də ələ keçirir, gürcünün arzusunu gözündə qoyur.
Bir çoxunun artist saydığı Zelenskinin kədərinə baxırsan… Görürsən döyüşün bu partiyası bitir. Ukrayna dayanmalı olur. Yerdə qalan Ukrayna naminə…