Rəsmi statistikaya görə, Azərbaycanın ümumi təhsil müəssisələrində müəllimlərin 80 faizindən çoxu, orta ixtisas təhsil müəssisələrində 80 faizə, ali təhsil müəssisələrində 60 faizə qədəri, həkimlərin üçdə ikisi, elmi işçilərin 60 faizindən çoxu, dövlət qulluğunda çalışanların 29,7 faizi qadınlar, ümumi təhsil müəssisələri şagirdlərinin 45 faizindən, orta ixtisas təhsili müəssisələri tələbələrinin 60 faizindən, ali təhsil müəssisələri tələbələrinin 50 faizindən çoxu qızlardır.
125 üzvü olan parlamentin 26 deputatı qadındır, onların biri – Sahibə Qafarova sədr postunu tutur.
Ölkədə ən yüksək vəzifəli qadın birinci vitse-prezident Mehriban Əliyevadır.
Nazirlər Kabineti üzvləri arasında bir qadın var: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova.
Prezident Administrasiyasında iki yüksək post qadınlara tapşırılıb: Cəmilə Abbasova dövlət başçısının köməkçisi, Fərəh Əliyeva humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiridir.
Konstitusiya Məhkəməsinin doqquz hakimindən ikisi qadındır: Sona Salmanova (sədr müavinidir) və Humay Əfəndiyeva.
Dövlət İmtahan Mərkəzinə qadın (Məleykə Abbaszadə) rəhbərlik edir.
Ombudsman postunda da qadın çalışır: Səbinə Əliyeva.
2025-ci ilin əvvəlinə ölkə əhalisinin ümumi sayında qadınların xüsusi çəkisi 50,2 faiz göstərilib.
Martın 8-i tarixə qadınların hüquq bərabərliyi uğrunda mübarizədə beynəlxalq həmrəyliyi günü kimi düşüb. Sosialist qadınların 1910-cu ildə Kopenhagendə keçirilmiş beynəlxalq konfransında həmin günün bayram edilməsi haqqında qərar çıxarılıb.
1965-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasında martın 8-i iş günü hesab olunmayan bayram günü elan edilib. Azərbaycan 1991-ci ildə müstəqillik əldə edəndən sonra martın 8-i bayram statusunu saxlayıb, Qadınlar Günü kimi qeyd olunur.