Vahid Qazi
Bu yazı həm azərbaycanca, həm də İsveç dilində dərc olunacaq. Qəsdim caz-muğamın banisi, bəstəkar, pianoçu Vaqif Mustafazadəni İsveç əhlinə, onun tale əkizi – isveçli cazmen, bəstəkar, aranjimançı Yan Yohanssonu bizə tanıtmaqdır.
Niyə onları tale əkizləri saydığımı deməzdən əvvəl cazın bir sehrindən söz açmaq istəyirəm. Caz küləyi xatırladır: bəzən həzin düşüncələrinlə birgə səni kəpənək qanadında xatirələrin isti qucağına aparan titrək meh olur, bəzən də xəzan yarpağını sonu bilinməyən ünvanlara uçuran fırtına. Caz çarəsizlikdə haraya gələn ümidin səsidir! Lui Armstronqun ifasında “Dallas Blues” bluz mahnısını dinləyin: qüssə içində sevinc boy verir…
…Fikrim Amerikanın pambıq tarlalarında bluz oxuyan qullara gedir. Görən, o mahnıları oxuyanda hansı hissləri keçirirdilər? Ağıllarına gələrdimi o kədərli bluzlar sonra caz musiqisinə çevrilib dünyaya yayılacaq, milyonların qəlbini fəth edəcək?
…Mustafazadənin musiqisini təsvir etməyimi istəsəniz, belə deyərdim: Yay səhəri üzü Xəzərə günəşin doğuşuna baxırsan, kürəyini ilıq gilavar oxşayır, bütün hüceyrələrinlə duyursan onu, bir də doğulursan sanki. Qəfil tanış səs gəlir, çoxdan Tanrı dərgahına köçmüş ananın məhrəm səsinə bənzəyir. Sevinib heyrətlə səsə çevrilirsən – gilavar indi də üzünə sığal çəkir. Ana nəvazişi kimi… Arxa planda Mustafazadənin “Səhər” (“Morning”) kompozisiyası.
Yan Yohanssonun ifalarını Yutub-da tapıb dinləyin, məsələn, “Utanmiradan baxış” (“Visa från Utanmyra”) əsərini. Sonra bu mənzərəni təsəvvür edin: İsveçin yüz min gölündən biri – dörd yandan meşəylə dövrələnmiş göl. Əksi suya düşən yarpaqların ləpələrdə titrəyişinə tamaşa edirsən. Meşəylə gölün ünsiyyəti iki sevgilinin söhbətinə də oxşayır, qoynundakı körpəyə layla çalan ananın pıçıltısına da. Yohanssonun “İsveçcə caz”ı (“Jazz på svenska”) o layla-söhbəti müşayiət edir.
İndi bu iki caz ustasını niyə tale əkizi adlandırmağıma keçək.
Tale onları 1966-cı ildə Sovet İttifaqının Tallin şəhərində keçirilən caz festivalında bir araya gətirir. Bu, Stalin repressiyasından sonra yumşalma (“Ottopel”) dövrünü yaşayan Sovet İttifaqına xarici musiqiçilərin ayaq açmasına imkan yaranan vaxtlar idi.
26 yaşlı Vaqif Mustafazadə Tallin-66 caz festivalının laureatı adını qazanır. Yan Yohansson da öz triosu ilə uğurla iştirak edir. Məhz o tanışlıqdan sonra Yohansson Mustafazadə haqda bu sözləri deyir: “Onun musiqisi həm son dərəcə müasirdir, həm də nəsillər boyu şairlərin tərənnüm etdiyi əsrarəngiz Qafqaz melodiyalarının sehrini əks etdirir. Sanki Şəhrizadın 1002-ci gecədə danışdığı bir nağıl kimidir!”
Bu sözlər Mustafazadənin Bakıdakı ev-muzeyində divardan asılan lövhədə yazılıb.
Sonralar Mustafazadə dünyanın məşhur cazmenləri ilə yanaşı Yan Yohanssonla ünsiyyətin də onun yaradıcılığına böyük təsir göstərdiyini etiraf edir.
Onları tale əkizi edən ən başlıca cəhət musiqilərində klassik cazı xalq musiqisi və ənənəvi ritmlərlə birləşdirmək bacarığıdır.
Mustafazadə cazla muğamı birləşdirib yeni bir üslub – caz-muğam yaratdı. O, bütün əsərlərində – həm kompozisiyalarda, həm də improvizasiyalarda Azərbaycan xalq musiqisindən, xüsusən də muğamdan bəhrələnib. “Bayatı-Şiraz” muğamından ilhamlanan eyniadlı kompozisiyası Azərbaycan cazının şah əsərlərindəndir.
Yohansson isə İsveç xalq musiqisini caz versiyalarında aranjiman etməklə tanınıb və Avropanın digər xalq mahnıları üzərində də improvizasiyalar edib. Onun 1964-cü ildə çıxan “Jazz på svenska” (“İsveçcə caz”) albomu İsveçin ən çox satılan caz albomudur. Albomda “Polska från Medelpad” və “Polska efter Höök Olle” kimi polyak xalq musiqisi ritmləri üzərində yazılan əsərlər də yer alıb. Daha sonra o, “Jazz på ryska” (“Rusca caz”, 1967) və “Jazz på ungerska” (“Macarca caz”, 1968) albomlarını da yazdırır.
1960-cı illər nəslinin bu iki virtuoz caz ustası bir müddət vətəndən kənarda yaşamalı olublar. Ömrün Kopenhagen illərində Yohansson iki albom yazdırıb. Mustafazadə isə Tiflisdə yaşadığı dövrdə “Qafqaz” caz-triosunu yaradıb.
Onlar şəxsi həyatlarındakı oxşarlıqlarla da tale əkizi idilər. Hər ikisinin həyat yoldaşının adı Elza idi. Hərəsinin iki övladı var, bu övladlar da indi məşhur musiqiçidirlər. Yohanssonun oğulları Anders və Yens rok musiqisi sahəsində tanınırlar. Mustafazadənin qızları isə pianoçudurlar: Lalə Parisdəki Grand Operada çalışır, Əzizə isə atası kimi ömrünü caza həsr edib, onu “Caziza” çağırır, caz ilahəsi adlandırırlar.
Tale əkizləri yaradıcılığın zirvəsində, gənc yaşlarında vəfat ediblər. Yan Yohansson 1968-ci ildə, 37 yaşında avtomobil qəzasında həlak olub. Vaqif Mustafazadə isə 1979-cu ildə Daşkənd səhnəsində, qızı Əzizəyə həsr etdiyi “Əzizəni gözləyərkən” kompozisiyasını ifa edərkən ürək tutmasından dünyasını dəyişib.
Qısa ömürlərinə baxmayaraq onlar bütün əbədiyaşar klassik əsərlər kimi həmişə müasir qalacaq musiqilər yaradıblar.
Fevral 2025, İsveç