İranın Evin zindanından çıxan italiyalı jurnalist Sesiliya Sala ölkəsinə qayıdandan sonra məşhur “Che Tempo Che Fa” tok-şou proqramına müsahibə verib.
Sesiliya Sala 2024-cü il dekabrın 19-da paytaxt Tehranda həbs olunub, islam respublikasının qanunlarını pozmaqda ittiham edilib. Jurnalist diplomatik və kəşfiyyat kanalları vasitəsilə aparılan danışıqlar nəticəsində 2025-ci il yanvarın 8-də azadlığa buraxılıb.
Sesiliya Salanın həbsi Tehrana pilotsuz uçuş aparatlarının hissələrini ötürməkdə günahlandırılan iranlı Məhəmməd Abedininin həbsindən bir neçə gün sonraya təsadüf edib. İtaliya dövlətinin ABŞ-ın tələbi ilə Milan şəhərində tutduğu Abedini Sesiliya Sala azadlığa çıxandan dörd gün sonra, yanvarın 12-də sərbəst buraxılıb.
Novator.az-ın məlumatına görə, İtaliyanın “Nove” kabel televiziyası ilə yayımlanan tok-şou proqramına müsahibəsində Sesiliya Sala Evin zindanında üzləşdiyi təzyiqlərdən danışıb. Jurnalist deyib ki, onun başına örtük keçirib, üzü divara oturdub 10 saat durmadan sorğu-suala tutublar: “Dindirmələrin birində huşumu itirdim, özümə gəlməyim üçün mənə dərman verdilər. Müstəntiq mənim iradəmi qırmaq üçün ən müxtəlif psixoloji təzyiq metodlarından istifadə edirdi… Onlar bəzən səni ələ almaq üçün mükafat kimi görüş verə və ya siqaret təklif edə bilərlər. Bəzən isə sınasan, sarsılasan deyə pis xəbərlər çatdırırlar”.
Jurnalist tez bir zamanda azadlığa çıxacağını heç vaxt ağlına gətirmədiyini vurğulayıb: “İran dini dövlət olandan (İran İslam Respublikası 1979-cu ilin fevralında qurulub – red.) bəri ilk dəfə idi əcnəbi məhbus bu sürətlə – 21 günə azad edilirdi. Mən İrana bələd olan bir jurnalist kimi bunu yaxşı bilirəm”.
Sesiliya Sala deyib ki, onu döşəksiz, içəridə daima parlaq ağ işıq yanan təkadamlıq balaca kamerada saxlayıblar: “Gözümə yuxu getmirdi. Elə bil hissiyyatımı itirmişdim.
Həbsimin ilk günündə ingilis dilində “Quran” istədim. Fikirləşdim ki, müqəddəs kitabı verməkdən imtina etməzlər. Amma vaxtımı barmaqlarımı saymaqla, çörək torbasının üstündə məhsulun tərkibi haqda yazılanları oxumaqla və vurma cədvəlini təkrarlamaqla keçirməli oldum.
Təcrid – təkcə kamerada tənha qalmaq deyil, həm də diqqəti yayındıran bir məşğuliyyətin olmaması deməkdir. Siz tək olmayanda belə təksiniz. Çünki siz dindirmə zamanı da yalnız divara baxırsınız. Gözətçilərin də üzü örtülü olurdu”.
Sesiliya Salanın sözlərinə görə, o, qonşu kameralarda özünə xətər yetirmək istəyən məhbusların çığırtısını da eşidirmiş: “Bir qız vardı, o cür kiçik kamerada qəsdən o yan-bu yana elə qaçırdı ki, başı qapıya dəysin. Dəhlizdən gələn səs-küy adamın ürəyini dağlayırdı. Ağlayan kim, qusan kim, özünə qəsd etmək istəyən kim…”
Mənbə: Politico.eu