Novator.az saytı Böyük Britaniyanın “Fayneşnl Tayms” (Financial Times) qəzetinin Suriyadan yaydığı reportajı ingilis dilindən çevirib təqdim edir.
Bəşər Əsəd devriləndən Suriya xarici mallarla dolub-daşır. Dolların istifadəsinə qoyulan məhdudiyyətin götürülməsi, əsassız rüsumların ləğvi vətəndaş müharibəsi dövründə rəflərdən yoxa çıxmış malların kütləvi dönüşü ilə nəticələnib.
Silahlı islamçılardan ibarət “Həyat Təhrir əş-Şam” qruplaşmasının Əsədi yıxıb hakimiyyəti ələ almasından az vaxt ötür və artıq Suriyanın dükan-bazarları qonşu ölkələrdə, eyni zamanda Qərbdə istehsal edilmiş məhsullarla dolub-daşır.
Paytaxt Dəməşq ətrafındakı dükanlarda Türkiyə istehsalı olan qablaşdırılmış içməli suların, Səudiyyə Ərəbistanından gətirilmiş bulyonların, Livanda hazırlanan quru südün, “Tviks”, “Snikers” kimi məşhur Qərb şokoladlarının əlindən tərpənməyə yer yoxdur. Paytaxt mərkəzində yerləşən bir supermarketdə divar boyu bütöv bir rəf tamamilə Amerikanın “Prinqlz” markalı kartof çipsisinə ayrılıb.
Həmin supermarketin işçilərindən biri deyir: “Gördüyünüz xarici malların hamısı yenicə gətirilib. Buna qədər yalnız yerli məhsulları satırdıq. Adamları ən çox kubşəkilli, yastı pendirlərin və “Pepsi” kimi içkilərin rəflərə qayıtması şövqləndirir”.
2013-cü ildə Bəşər Əsəd Suriya funtunu gücləndirmək üçün xarici valyutadan istifadəni yeni cinayət məsuliyyəti müəyyənləşdirməklə məhdudlaşdırdı. Rejim yerli gəlirləri artırmaq məqsədilə gömrük rüsumlarını da qaldırdı. Məsələn, “iPhone” telefonuna tətbiq edilmiş rüsum ötən ilin sonunda təxminən 900 dollar olub.
Suriyalılar yerli məhsulların ümidinə qalmışdı. Ölkədə istehsal edilməyən, tutalım, soya sousu kimi məhsullar isə qaçaqmal yolla, əsasən Livandan gətirilirdi. Beynəlxalq aləmin Əsəd rejiminə qarşı sanksiyaları təcrid vəziyyətini daha da dərinləşdirmişdi, hərçənd sanksiyalar qida və dərman vasitələrinə aid deyildi.
Xarici malların hamısı piştaxta altında gizlədilir və nə soruşacağını bilənlərə gizlicə satılırdı. Hüquq mühafizə orqanlarının reydləri qarşısında (belə reydlər ya həbslə, ya da iri məbləğdə rüşvət alınması ilə nəticələnirdi) qorxu o qədər güclü idi ki, suriyalılar çox vaxt ümumiyyətlə “dollar” sözünü işlətmir, əvəzində “cəfəri” sözü kimi kodlardan istifadə edirdi.
“Həyat Təhrir əş-Şam” qruplaşmasının formalaşdırdığı yeni hökumət artıq dollarla əməliyyatlara icazə verib, vahid gömrük rüsumları elan edib, beləliklə, gömrük yığımını 50-60 faiz aşağı saldığını açıqlayıb. Hökumətin rəyinə görə, xammal idxalına qoyulan rüsumların aşağı salınması yerli istehsala təkan verəcək.
Daxili ticarət naziri Mahir Xəlil əl-Həsən SANA rəsmi informasiya agentliyinə deyib ki, indi əsas vəzifə iqtisadiyyatın damarına təzə qan vurmaq, müəssisələri qorumaq, vətəndaşlara xidmət etməkdir.
Dəməşqdə Əsədi devirib hakimiyyəti ələ alana qədər “Həyat Təhrir əş-Şam” ölkənin şimal-qərbindəki İdlib əyalətinə nəzarət edirdi. Həmin illərdə İdlibə mallar Türkiyədən gətirilirdi, sonra ölkənin qalan hissəsinə də ötürülürdü. Bundan başqa Livan sərhədində avtomobil yoluna nəzarət zəif olduğundan buradan da Suriyaya məhsul keçirilirdi.
Suriyada yerli brendlərin qiyməti xarici brendlərdən xeyli aşağı olaraq qalır. Məsələn, “Dollys” markalı yerli ketçupun bir şüşəsi yenə 14 min Suriya funtuna (təxminən 1 dollar) satılır, Amerikanın “Heinz” markalı ketçupunun dükanlardakı hazırkı qiyməti isə 78 min funtdur.
Ancaq xaricdən gətirilən digər qida məhsullarını almaq indi həm asandır, həm də ucuz başa gəlir. Satıcılar deyirlər ki, vətəndaş müharibəsi zamanı Livan bananı defisitə çevrilmişdi və yalnız imkanlıların onu almağa gücü yetirdi, indi isə Suriyada Livan bananı həm bol, həm də daha ucuzdur.
35 yaşlı meyvə-tərəvəz alverçisi Mahmud deyir ki, son bir ayda satdığı bütün məhsullar ucuzlaşıb – istər yerli olsun, istər xarici. O, xaricdən gətirilən ananası əvvəlkindən beş dəfə, yerli kartofu isə dörd dəfə ucuz satdığını söyləyir.
Mahmud bu ucuzlaşmanı ilk növbədə Əsəd hakimiyyəti dövründə geniş yayılmış rüşvətxorluğa, talançılığa son qoyulması ilə əlaqələndirir. Deyir ki, o vaxt fermerlər məhsullarını topdansatış məntəqələrinə aparanda hərbçilərin, əsasən Bəşərin qardaşı Mahirin bədnam 4-cü diviziyasının nəzarət etdiyi keçid məntəqələrində yoxlanırdılar. Belə yoxlamalar isə bir qayda olaraq fermerlərdən bac-xərac alınması ilə nəticələnirdi. Əlavə xərcə düşən fermerlər də becərdikləri məhsulun qiymətini artırmaqla üzləşdikləri itkini kompensasiya etməyə çalışırdı.
“Fermerin həddi nə idi onlara nəsə desin! Dolana bilmək üçün hərbçilərin dediyi ilə razılaşmaq məcburiyyətində qalırdı” söyləyən Mahmud qeyd edir ki, o özü dəfələrlə əsgər və zabitlərə kisə-kisə müftə mal verib.
Düzdür, indi onun Dəməşqin mərkəzində yerləşən məşhur əl-Şaalan bazarındakı dükanına gəlib-gedən azdır, çünki maaşlar gecikdiyinə görə suriyalılar hələ bazara axışmağa imkan tapmayıblar. “Ancaq özümü təhlükəsiz hiss edirəm. Artıq yol gedəndə xoflu-xoflu yan-yörəyə boylanmağa, səni izləyənin olub-olmadığını dəqiqləşdirməyə ehtiyac qalmayıb” deyir Mahmud.
Neçə-neçə suriyalının uşaqlığı qabının üstündə gülən inək şəkli olan, elə özü də “Gülən inək” adlanan ərimiş fransız pendiri, daha dəqiqi, bu pendirin dilimlərindən hazırlanmış buterbrodla keçib. İndi nostalji oyadan bu yastı pendirin dükan-bazara qayıtması internet məkanında özünəməxsus zarafatlara da gətirib çıxarıb. “Bu gülüşü sonuncu dəfə nə vaxt görmüsünüz?” – bir suriyalı “İnstaqram”da yaydığı videoda pendir qabını əlində tutub soruşur və əlavə edir: “Ulaq getdi, inək qayıtdı”.
Qeyd: Suriyada 2011-ci ilin mart ayında hakimiyyətə qarşı başlanan xalq hərəkatı sonradan vətəndaş müharibəsinə çevrilib. 2020-ci ildən ölkədə kövrək atəşkəs qüvvədə olub. 2024-cü il noyabrın 27-dən müxalif qüvvələrin hakim rejimə qarşı yeni hərbi həmləsi başlayıb, dekabrın 8-də paytaxt Dəməşq ələ keçirilib, prezident Bəşər Əsəd ölkəni tərk edərək Rusiyaya sığınıb.
Bəşər Əsəd prezident postunu 2000-ci ildən tutub. 1971-2000-ci illərdə isə Suriyaya onun atası Hafiz Əsəd prezidentlik edib.
Mənbə: Ft.com