Böyük Britaniyanın “Teleqraf” (“The Teleqraph”) qəzetində Kanadanın baş naziri Castin Tryudonun istefa qərarından şərh dərc olunub.
1971-ci il təvəllüdlü Castin Tryudo 2013-cü ildən Liberal Partiyasının lideri, 2015-ci ildən baş nazirdir. Bu il yanvarın 6-da o, hakim Liberal Partiyasının liderliyindən çəkiləcəyini, bununla həm də baş nazir kürsüsündən, bütövlükdə siyasətdən gedəcəyini açıqlayıb.
“Teleqraf” qəzetindəki şərhin müəllifi kanadalı siyasətçi, Xalq Partiyasının sədri, 2007-2008-ci illərdə ölkənin xarici işlər naziri olmuş Maksim Bernyedir. O qeyd edir ki, Castin Tryudo bir vaxt sol mərkəzçi mövqeyi ilə məşhurlaşmış Liberal Partiyasını Kanadanı fəlakət həddinə gətirən siyasi qüvvəyə çevirib: “Castin Tryudonun qlobalizm ideologiyasını bölüşməyən kanadalılar onun siyasətdən getmək qərarını məmnunluqla qarşıladı. Ancaq bu, qətiyyən sevinc sayılmaz. Castin Tryudo ağılsız solçu siyasəti ilə Kanadanın bütün mümkün səviyyələrdə məhvinə yol açıb, Liberal Partiyasını praqmatik sol mərkəz qüvvə kursundan uzaqlaşdırmaqla ağır nəticələrə səbəb olub: böyük xərclər, qıtlıq, inflyasiya, yox səviyyəsində artım, dövlət borcunun ikiqat çoxalması, dayanıqlı olmayan yeni sosial proqramlar, rifahdan danışmağa yer qoymayan həyat səviyyəsi… O, aqressiv multikultural siyasətlə kanadalıları müflis olmuş etnik tayfalara bölüb”.
Maksim Bernyenin fikrincə, Castin Tryudonun ən ağır mirası fəlakətli dərəcədə kütləvi miqrasiya, Kanadaya böyük köç siyasətidir: “2015-ci ilə qədər Kanada ildə orta hesabla 250 min mühacir qəbul edirdi. Bu, o zaman 30-35 milyon nəfər əhalisi olan ölkə üçün heç də kiçik rəqəm deyildi. Liberal Partiyasının 2015-ci ildə hakimiyyətə gəlışi ilə əhalinin sayında artım sürətləndi, inteqrasiya problemləri isə dərinləşdi. Təkcə 2025-ci ildə ölkənin yarım milyon nəfər yeni sakin qəbul etməsi gözlənirdi, ancaq hakimiyyət cəmiyyətin neqativ reaksiyası fonunda bu niyyətindən əl çəkməli oldu… Liberallar bu illər ərzində ölkənin qapılarını müvəqqəti rezidentlər – çalışanlar, tələbələr, sığınacaq istəyənlər üçün geniş açıb. Onların çoxu sonradan Kanadada daimi yaşamaq hüququ əldə edib və 2023-cü ildə ölkənin əhalisi birdən-birə az qala 1,3 milyon nəfər çoxalaraq 41 milyon nəfərə çatıb. Kanadalılar bu mühacir sunamisindən çox əziyyət çəkərək gözlərini açıblar və yalnız prosesin dayanmasını yox, bu bədnam dalğada ölkəyə gəlmiş şəxslərin deportasiyasını arzulayırlar. Castin Tryudo siyasi səhnəni tərk etməyə hazırlaşarkən Kanada bu durumdadır. Onun xələfi yanlış kursun qəlpələrini yığışdırmalı olacaq. Heç də asan iş deyil”.