Yanvarın 29-na təyin olunmuş bələdiyyə seçkiləri müstəqillik dövrünün 28-ci ümumxalq səsverməsidir. 1991-ci ildən ölkədə 6 referendum, 9 prezident seçkisi, 7 parlament seçkisi, 5 bələdiyyə seçkiləri keçirilib.
İlk ümumxalq səsverməsi 1991-ci il dekabrın 29-da olub. Avqustun 30-da parlament dövlət müstəqilliyinin bərpası haqqında bəyannaməyə səs verib, oktyabrın 18-də dövlət müstəqilliyi haqda konstitusiya aktı qəbul edib, dekabrın 29-da həmin sənəd referendumla təsdiqlənib.
İkinci referendum 1993-ci il avqustun 29-da prezidentə etimadla bağlı olub, parlamentin iyunun 24-də çıxardığı qərar – Əbülfəz Elçibəyin dövlət başçısı səlahiyyətindən məhrum edilməsi rəsmiləşib.
1995-ci il noyabrın 12-də, parlament seçkisi ilə eyni gündə keçirilmiş referendumda konstitusiya qəbul edilib.
2002-ci il avqustun 24-ü, 2009-cu il martın 18-i və 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumlar konstitusiyaya dəyişikliklərə yönəlib.
İlk prezident seçkisi 1991-ci il sentyabrın 8-də olub, Ayaz Mütəllibov dövlət başçısı mandatı alıb.
1992-ci il iyunun 7-də keçirilmiş növbədənkənar seçkidə Əbülfəz Elçibəy prezident seçilib.
1993-cü il oktyabrın 3-də keçirilmiş növbədənkənar seçkini və 1998-ci il oktyabrın 11-də keçirilmiş seçkini Heydər Əliyev udub.
2003-cü il oktyabrın 15-də və 2008-ci il oktyabrın 15-də keçirilmiş seçkilərdən İlham Əliyev qalib çıxıb.
2009-cu ildə iki dəfədən çox prezident seçilmək yasağı götürülüb və 2013-cü il oktyabrın 9-da keçirilmiş prezident seçkisində də İlham Əliyev qalib elan olunub.
2016-cı ildə prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılıb, həmçinin növbədənkənar seçki mexanizmi işə düşüb, İlham Əliyev 2018-ci il aprelin 11-də və 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar seçkilərdə postunu qoruyub.
1995-ci il noyabrın 12-də, 2000-ci il noyabrın 5-də, 2005-ci il noyabrın 6-da, 2010-cu il noyabrın 7-də və 2015-ci il noyabrın 1-də parlament seçkiləri keçirilib.
2016-cı ildən parlamentin buraxılması qaydası qüvvədədir: 2020-ci il fevralın 9-da və 2024-cü il sentyabrın 1-dəki parlament seçkiləri növbədənkənar olub.
Bələdiyyə seçkiləri bu tarixlərdə gerçəkləşib: 12 dekabr 1999-cu il, 17 dekabr 2004-cü il, 23 dekabr 2009-cu il, 23 dekabr 2014-cü il və 23 dekabr 2019-cu il.