Yanvarın 6-da prezident İlham Əliyev 25 dekabr 2024-cü ilin təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan təyyarə bələdçiləri ilə görüşüb.
“Azərbaycan Hava Yolları”nın (AZAL) “Embraer 190” sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də paytaxt Bakıdan Rusiyanın Qroznı şəhərinə uçub. Qroznı yaxınlığında təyyarə raket hücumuna və radioelektron müdaxiləyə məruz qalıb, normal idarəetməni itirib. Qroznıya və yaxın Rusiya şəhərlərinə enə bilməyən təyyarə Qazaxıstana yön almağa məcbur qalıb, Xəzər dənizini keçərək Aktau şəhəri yaxınlığında qəza enişi edib. Hadisədə 38 nəfər həlak olub, 29 nəfər xəsarət alıb.
Rusiya prezidenti Vladimir Putin dekabrın 28-də dövlət başçısı İlham Əliyevlə telefon danışığında üzrxahlığını ifadə edib. Bir gün sonra Azərbaycan Televiziyasına müsahibə verən İlham Əliyev Rusiyanı günahkarları cəzalandırmağa, cinayət məsuliyyətinə cəlb etməyə, Azərbaycan dövlətinə, zərərçəkən sərnişinlərə və ekipaj üzvlərinə təzminat ödəməyə çağırıb.
Dekabrın 29-da prezident qəza enişində şəhid olan təyyarə komandiri İqor Kşnyakini, pilot Aleksandr Kalyaninovu və bələdçi Hökumə Əliyevanı Azərbaycanın Milli Qəhrəmanı adı ilə, sağ qalan bələdçilər Zülfiqar Əsədov və Aydan Rəhimlini 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edib.
6 yanvar 2025-ci il görüşündə İlham Əliyev deyib ki, pilotların peşəkarlığı, qəhrəmanlığı, fədakarlığı nəticəsində təyyarə Aktau şəhərində qəza enişi edə bilib. Araşdırmaların getdiyini vurğulayan dövlət başçısı qeyd edib ki, Qroznı şəhərində hava sahəsinin bağlanması əməliyyatı təyyarə yerdən vurulandan sonra elan edilib: “Bu, bir daha onu göstərir ki, burada çox ciddi cinayət tərkibli məsələlər var. Adətən hər hansı bir ölkənin hava məkanında təhlükə yaranırsa, dərhal o ölkənin hava məkanı bağlanır. Əgər Rusiyanın hava məkanı üçün təhlükə var idisə, dərhal təyyarə kapitanına bu barədə məlumat verilməli idi. Dərhal hava məkanı bağlanmalıydı və təyyarə geri dönməli idi. Baş vermiş qəzadan təqribən 10 gün əvvəl oxşar hadisə Qroznı şəhərinin yaxınlığında baş vermişdi. AZAL-a məxsus təyyarə yarı yoldan geri dönmüşdü. Nə üçün bu dəfə təyyarə ekipajına xəbərdarlıq edilməmişdi?”
İlham Əliyev deyib ki, təyyarənin “qara qutu”ları təhlil olunur, ancaq indi də bəlli olan məsələlər var: “Təyyarə radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınıb, yerdən açılan atəş nəticəsində zədələnib. Ancaq nə üçün təyyarə Aktau istiqamətinə göndərilib? Bu barədə bizdə hələ ki, məlumat yoxdur. Bu, yerli dispetçerlər tərəfindən qəbul edilmiş qərar əsasında baş verib, yoxsa pilotlar özləri başa düşərək ki, artıq Rusiyanın hava məkanında radioelektron mübarizə vasitələri onlara eniş etmək üçün imkan verməyəcək və özləri bu seçimi ediblər. Bu barədə hələ ki, bizdə məlumat yoxdur. Təbii ki, “qara qutu”lar açılandan sonra bütün bu məlumatlar olacaq”.
Prezident əlavə edib ki, Qroznı şəhəri öz ərazisində Rusiyanın hava məkanının bağlanması üzrə vaxtında tədbirlər görsəydi, yerüstü xidmətlərin bütün qaydalarına əməl olunsaydı, həmçinin Rusiya silahlı qüvvələri və mülki xidmətləri arasında koordinasiya olsaydı, onda bu faciə də baş verməzdi: “Əminliklə deyə bilərəm ki, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya nümayəndələrinin üzərindədir. Biz ədalət tələb edirik, günahkarların cəzalandırılmasını tələb edirik, tam şəffaflıq və insani davranış tələb edirik”.