FİFA milli futbol komandalarının oktyabrın 24-nə olan reytinqini açıqlayıb. Azərbaycan yığması 118-ci yerdə göstərilir.
İran 210 milli arasında 19-cu, Ukrayna 25-ci, Türkiyə 26-cı, Rusiya 34-cü, Özbəkistan 58-ci, Gürcüstan 67-ci, Belarus 97-ci, Ermənistan 99-cu, Qırğızıstan 103-cü, Tacikistan 105-ci, Qazaxıstan 107-ci, Estoniya 124-cü, Latviya 137-ci, Litva 141-ci, Türkmənistan 144-cü, Moldova 150-ci pillədədir.
FİFA reytinqi oyunların əhəmiyyəti, rəqiblərin oyuna qədər olan mövqeyi nəzərə alınmaqla əldə edilən nəticələr əsasında tərtib edilir.
Rəsmi yoldaşlıq oyununun əmsalı ən azı 5, ən çoxu 10, beynəlxalq turnirdə oyunun minimum əmsalı 15, maksimum əmsalı 60-dır.
Əsas və əlavə vaxtda qələbə 1 xal, penalti seriyasında qələbə 0,75 xal, həmin seriyada məğlubiyyət 0,5 xaldır.
Beynəlxalq turnirlərə 1994-cü ildən qatılan Azərbaycan millisi dörd Avropa çempionatının seçmə mərhələsini qrupda sonuncu, dördünü sondan əvvəlki pillədə bitirib.
Dörd dünya çempionatının seçmə mərhələsində yığma qrupda sonuncu, ikisində sondan əvvəlki, birində axırdan üçüncü pilləni tutub.
Yığma bir yol UEFA Millətlər Liqasının ən aşağı liqasında qrup ikincisi olub, sondan yuxarı liqasında bir yol üçüncü, bir yol ikinci yerdə qərarlaşıb.
Milli komanda Millətlər Liqasının 2024-2025 mövsümündəki dörd oyununun hamısında yenilib. C liqasının 1-ci qrupunda yarışan yığma finişə iki tur qalmış 4 komanda arasında sonuncu pillədə qərar tutub.