Sentyabrın 23-də yeni Milli Məclisin ilk iclası keçirilib, parlament rəhbərliyi formalaşıb: Sahibə Qafarova sədr, Əli Əhmədov sədrin birinci müavini, Ziyafət Əsgərov, Rafael Hüseynov və Musa Qasımlı sədr müavini seçiliblər.
1955-ci il təvəllüdlü Sahibə Qafarova filologiya elmləri doktoru, professor, əməkdar müəllimdir. 2010, 2015, 2020-ci illərdə Milli Məclisin deputatı seçilib.
2020-ci il martın 10-dan Milli Məclisə sədrlik edib.
Sentyabrın 1-də keçirilmiş parlament seçkisində 102 saylı Şəmkir şəhər dairəsindən mandat alıb.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
1953-cü il təvəllüdlü Əli Əhmədov fəlsəfə elmləri doktoru, professordur.
Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsi müdirinin müavini, Xətai Rayon İcra Hakimiyyətinin başçısı olub. 2000, 2005, 2010-cu illərdə Milli Məclisin deputatı seçilib. 2013-cü ildən baş nazirin müavini postunu tutub.
Sentyabrın 1-də keçirilmiş parlament seçkisində 25 saylı Nizami ikinci dairəsindən mandat alıb.
Yeni Azərbaycan Partiyası sədrinin müavinidir.
1963-cü il təvəllüdlü Ziyafət Əsgərov hüquq elmləri namizədi, professordur.
1995, 2000, 2005, 2010, 2015, 2020-ci illərdə Milli Məclisin deputatı seçilib. 2000-ci ildən parlament sədrinin müavini, 2005-2020-ci illərdə sədrin birinci müavini olub.
Sentyabrın 1-də keçirilmiş parlament seçkisində 1 saylı Şərur-Sədərək dairəsindən mandat alıb.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
1954-cü il təvəllüdlü Rafael Hüseynov filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Ədəbiyyatı Milli Muzeyinin direktoru, əməkdar incəsənət xadimidir.
2000, 2005, 2010, 2015, 2020-ci illərdə Milli Məclisin deputatı seçilib.
Sentyabrın 1-də keçirilmiş parlament seçkisində 63 saylı Hacıqabul-Kürdəmir dairəsindən mandat alıb.
Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür.
1957-ci il təvəllüdlü Musa Qasımlı tarix elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Qafqazşünaslıq İnstitutunun direktorudur.
2010, 2015, 2020-ci illərdə Milli Məclisin deputatı seçilib.
Sentyabrın 1-də keçirilmiş parlament seçkisində 75 saylı Yardımlı-Masallı dairəsindən mandat alıb.
125 nəfərlik Milli Məclisin səlahiyyət müddəti 5 ildir. 1991-ci ildə dövlət müstəqilliyi bərpa olunandan bəri ölkədə 7 parlament seçkisi keçirilib. 1995-ci ilin seçkisi noyabrın ikinci bazar gününə, 2000, 2005, 2010 və 2015-ci illərin seçkiləri noyabrın birinci bazar gününə düşüb.
2016-cı ildə prezident Milli Məclisi buraxmaq səlahiyyəti alıb. 2019-cu il dekabrın 5-də beşinci parlament buraxılıb və altıncı parlament növbədənkənar səsvermədə – 2020-ci il fevralın 9-da seçilib.
2024-cü il iyunun 28-də altıncı parlament buraxılıb, sentyabrın 1-də növbədənkənar seçki keçirilib. Yeni Azərbaycan Partiyası seçkidə 68, Vətəndaş Həmrəyliyi Partiyası 3, Ədalət, Hüquq, Demokratiya Partiyası 2, Böyük Azərbaycan Partiyası, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Ana Vətən Partiyası, Milli Cəbhə Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası 1 mandat götürüb, 44 mandat partiyasız şəxslərə qismət olub.