Natiq Cəfərli Respublikaçı Alternativ (REAL) Partiyasının sədri seçilib. Qərar partiyanın Siyasi Komitəsinin 21 sentyabr iclasında çıxarılıb. Əvvəlki sədr İlqar Məmmədov sentyabrın 11-də istefa verib.
REAL Partiyası 2018-ci ildə Respublikaçı Alternativ Hərəkatının bazasında yaradılıb, 2020-ci ildə dövlət qeydiyyatına alınıb, 2023-cü ildə qeydiyyat yenilənib.
1970-ci il təvəllüdlü İlqar Məmmədov 2008-ci ildə Respublikaçı Alternativ Hərəkatını yaradaraq ona rəhbərlik edib, 2018-ci ildən eyniadlı partiyanın sədri olub.
1972-ci il təvəllüdlü Natiq Cəfərli Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur, Avropa Şurasının Siyasi Biliklər Məktəbini, ABŞ Dövlət Departamentinin Liderlik Proqramını bitirib. REAL Hərəkatının və eyniadlı partiyanın qurucularındandır.
REAL Partiyası Milli Məclisdə bir mandatla təmsil olunur. Siyasi Komitənin üzvü Erkin Qədirli 2020 və 2024-cü illərdə parlamentə 16 saylı Yasamal dairəsindən mandat alıb.