BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) qısaltmasının ingilis dilindən tərcüməsi “Tərəflər Konfransı” deməkdir. Tərəflər Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqandır. Burada tərəflər konvensiyaya üzv olan 198 ölkədir.
Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk görüşü 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir. Sədrlik rotasiya əsasında BMT-nin 5 regionu – Afrika, Asiya, Latın Amerikası, Karib hövzəsi və Avropa (Mərkəzi, Şərqi, Qərbi və digər) arasında dəyişir və illik COP görüşləri də həmin regiondan olan ölkələrin birində keçirilir. Bu ilin noyabrında Bakıda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə mübarizə və bütün dünya ölkələri üçün dayanıqlı gələcəyin təmin edilməsi üzrə qlobal səylərdə mühüm rol oynayacaq.
Bu gün dünyanı narahat edən qlobal problemlərdən ən önəmlisi məhz iqlim dəyişmələridir. Ölkəmiz də qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmayıb. Bu problemlə mübarizəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Prezidenti cənab İlham Əliyev 25 dekabr 2023-cü ildə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncam iqlimlə əlaqəli qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında Azərbaycanın olduğunu bir daha sübut edir. Sənəddə qeyd edildiyi kimi, Azərbaycan Respublikası beynəlxalq aləmin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Beləliklə, COP29-un Azərbaycanda keçirilməsi və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu ilin ölkəmiz üçün çox əhəmiyyətli bir il olacağını göstərir.
Gördüyü işlərlə bərabər ölkəmiz COP29 zamanı dünyanın diqqətinin Bakıda olmasından istifadə edərək iqlim dəyişmələri sahəsində gördüyü işləri geniş təbliğ edə bilər və edəcək.
Azərbaycan 2020-ci ilin 44 günlük müharibəsi və 2023-cü ilin bir günlük antiterror əməliyyatı ilə öz ərazi bütövlüyü və suverenliyini bərpa edib. Azad edilmiş ərazilərin ekologiyasına da düşmənin ağır zərbələr vurduğu bəllidir. Buna görə Azərbaycanın qarşısında həmin ərazilərin ekoloji bərpası kimi çətin vəzifə də durur. COP29 tədbiri ölkəmizin burada gördüyü quruculuq işlərini də geniş təbliğ etməyə imkan verir.
“Yaşıl dünya naminə həmrəylik ili” dövründə işğaldan azad olunmuş ərazilər (Qarabağ və Şərqi Zəngəzur), eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Əsas məsələlərdən biri azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması, düşmənin vandalizminə və barbarlığına məruz qalmış zəngin meşələrin bərpa edilməsidir. “Ağıllı kənd”, “ağıllı şəhər” kimi müasir innovasiyalı layihələrin tətbiq edilməsi ekosistemə yeni yanaşmadır. Azərbaycan 2050-ci ilə kimi Qarabağ bölgəsini “sıfır emissiya” zonasına çevirmək öhdəliyini də üzərinə götürüb.
Belə çətin məsələləri ayrılıqda nə hökumət, nə də cəmiyyət həll edə bilər. Yalnız birgə səylərlə Azərbaycanda ekoloji durumun yaxşılaşdırılmasına nail ola bilərik. Tənliyin vacib iştirakçılarından biri də Azərbaycanda get-gedə genişlənən özəl sektordur. “AzGerneft” Azərbaycanın özəl sektorunun bir parçası olaraq ölkə və cəmiyyət qarşında öz məsuliyyətini yaxşı anlayır və müvafiq addımlar atır.
“AzGerneft” MMC-nin təşkilatçılığı ilə 2024-cü ilin COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyinə uyğun olaraq 198 nömrəli tam orta məktəbdə müəllim və şagirdlərin iştirakı ilə intellektual oyun formatlı tədbir təşkil olunub. Tədbirin əsas məqsədi COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində şagirdlərin maariflənməsini artırmaq idi.
Daha bir vacib istiqamət ağacəkmə aksiyalarıdır. “AzGerneft” MMC-nin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib, aksiyalarda meyvə və bəzək ağacları əkilib. Bu tədbirlər demokratik bir mühitdə keçirilib, tədbirlərdə şirkət rəhbərliyi və sıravi əməkdaşlar birgə iştirak ediblər, aksiya ümumi motivasiya, komanda ruhu və birliyin gücləndirilməsinə xidmət edib. COP29-un Bakıda keçirilməsi qərarı qəbul edilməsindən əvvəl də “AzGerneft” yaşıllaşdırma və abadlaşdırma fəaliyyətləri həyata keçirib. Sadəcə COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” kampaniyaları bu fəaliyyətlərə əlavə enerji verib.
“AzGerneft” MMC-nin qəbul etdiyi ekoloji siyasətə uyğun olaraq son illər ərzində keçirilən yaşıllaşdırma tədbirləri zamanı mindən artıq Eldar şamı ağacı və bir o qədər də Taflan kolları əkilib.
Hazırda qamışlıq ərazilərin təmizlənməsi, abadlaşdırma işləri, mancanaq dəzgahları və neft rezervuarlarınin rənglənməsi davam edir.
Neft və neft məhsulları ilə çirklənmiş ərazilər təmizlənir, məişət tullantılarının idarə edilməsi yaxşılaşdırılır, əməkdaşların və əhalinin ekoloji maarifləndirilməsi davam edir. Dərs ili başlanan kimi məktəblərdəki fəaliyyətlər də davam etdiriləcək. COP29 yaxınlaşdıqca bütün fəaliyyətlərin intensivləşməsi də gözlənilir.
Yuxarıda sadalanan işlər hazırda da davam etdirilir. Bu tədbirlər şirkətin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konfransının 29-cu görüşünə Azərbaycanın ümumi töhfəsinin bir hissəsidir.
Sevinc Abdullayeva,
“AzGerneft” MMC-nin Ətraf Mühitin Mühafizəsi Xidmətinin ekoloqu