Birinci Qarabağ müharibəsinin veteranı, hüquqçu Yavər Hüseyn bir qrup şuşalının yeni müraciətini yayıb. Prezidentə, baş nazirə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinə, Şuşa rayonunda prezidentin xüsusi nümayəndəsinə ünvanlanan müraciətdə qeyd olunur ki, şəhərdəki bərpa və quruculuq işləri, köçkünlərin bir qisminin yurdlarına dönməsi sevinc doğurur, amma həllini gözləyən məsələlər də var: “Bir neçə dəfə Şuşa şəhərində şəhidlər məzarlığının abadlaşdırılması məsələsini qaldırmışıq. Şuşanın azad olunmasından 4 ilə yaxın vaxt ötür, lakin şəhidlər məzarlığında geniş abadlaşdırma işlərinə başlanmayıb. Vətənin müdafiəsi və işğaldan azad olunması uğrunda canını fəda etmiş şəhidlərimizə böyük ehtiram əlaməti olaraq Cıdır düzü ərazisində şəhidlər xiyabanının salınması vacibdir.
Kol-kos içində qalmış Mirzə Həsən və Cıdır düzü məzarlıqlarının abadlaşdırılması da çoxdankı arzumuzdur.
Bir xahişimiz də o olub ki, bərpa və quruculuq işlərində Şuşanın yerli mütəxəssislərindən və işçi qüvvəsindən istifadə olunsun. Biz uzun illər öz doğma vətənimizdə çalışmağı arzulamışıq. Bu, işlə təmin olunaraq məskunlaşmağımız nöqteyi-nəzərdən də əhəmiyyətli ola bilərdi. Ancaq bu xahişimizə çox da məhəl qoyulmur. Şuşa fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərimiz üçün də keçilməzdir. Ən müxtəlif bəhanələrlə onların iş qurmasına imkan verilmir, əvəzində müəyyən bir inhisarçı çevrə bütün obyektləri ələ keçirməklə faydalanır, həm də bu səbəbdən şəhərdə qiymətlər kəllə-çarxa qalxır.
Digər bir məsələ şuşalıların məskunlaşdırılmasıdır. Şəhərdə yeni layihələr əsasında tikinti işləri aparılır və buna görə də salamat qalmış xeyli bina və həyət evləri də sökülüb. Halbuki evlərin bir qismi müəyyən təmir işlərinin aparılması ilə müasir standartlara cavab verərdi və həmin evlərdə məskunlaşdırma aparmaq olardı. Çox istərdik ki, məskunlaşdırma qanunvericiliyin tələblərinə uyğun və ədalətli olsun. Sakinlərimiz əvvəlki ev və mənzillərinin yerində və yaxud ona yaxın ərazilərdə inşa edilmiş ev və mənzillərlə təmin edilsinlər, bu mümkün olmadığı təqdirdə isə sakinlərimizə hökumətimizlə razılaşdırılmış layihələr əsasında ya evlərini bərpa etmək və yaxud da yenisini tikmək icazəsi verilsin. Qeyri-rəsmi məlumatlara görə, şəhərin mərkəzi hissəsində sökülmüş bina və həyət evlərinin yerində tikilən və tikilməkdə olan evlərin yüksək bazar qiymətlərinə satışa çıxarılması nəzərdə tutulub, bu da bizi narahat etməyə bilmir.
Şəhərin yuxarı hissəsində Şuşa əhalisinin məskunlaşdırılması üçün inşa edilən yaşayış binalarında qeyri-Şuşa sakinləri də var, onların Şuşada qeydiyyatı və yaşayış sahəsi olmayıb. İndi onların bir qismi əldə edilən yaşayış sahələrini kirayəyə verir. Hazırda yaşayış üçün olduqca əlverişsiz yerlərdə qalmaqda olan şuşalıları nəzərə alanda belə mənzərə acı təəssüf doğurur.
İşğala məruz qalana qədər Şuşada müalicəvi əhəmiyyətli sanatoriyalar və istirahət evləri fəaliyyət göstərib. Həmin sanatoriya və istirahət evlərinin fəaliyyətinin bərpa olunmasını məqsədəmüvafiq sayırıq. Bu layihə çərçivəsində şəhid ailələri və qazilərimiz üçün ödənişsiz və yaxud güzəştli müalicə və istirahət mərkəzlərinin yaradılması da olduqca önəmlidir.
Biz Şuşamızın özünə qayıtmasını, dünyaya dahilər bəxş etmiş şəhərimizdə əvvəlki yaşam tərzinə və mədəni dəyərlərə söykənən yurd qurmaq istəyirik. Bunun üçün də şəhərimizin taleyində (bərpa-quruculuq işlərində, idarəçiliyində, iqtisadiyyatının və xidmət sahələrinin qurulmasında, eləcə də mədəni-kütləvi tədbirlərində) iştirakımızın yetərincə təmin olunmasını, ədalətli şəkildə məskunlaşdırılmağımızı, şəhid və qazi ailələrinə xüsusi diqqət ayrılmasını istəyirik”.