Tarif (qiymət) Şurası Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətlərini artırıb. Qərara görə, iyulun 1-dən Aİ-92-nin litri 1 manat 10 qəpik, dizelin litri 1 manat olur.
Aİ-92-nin litri 1 manat, dizelin litri 80 qəpik idi.
2005-ci ildə yaradılan Tarif Şurası prezidentin müəyyən etdiyi hallar istisna olmaqla dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının, yığımların dövlət tənzimlənməsini həyata keçirən kollegial orqandır. Şuraya iqtisadiyyat naziri sədrlik edir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin açıqlamasına əsasən, iyulun 1-dən şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında və metroda gediş haqqı 40 qəpikdən 50 qəpiyə qalxır.
Hazırda əhali qrupu üzrə əsas tariflər belədir:
Təbii qaz
1200 kubmetrədək (1200 kubmetr daxil) istehlak – kubmetri 12 qəpik;
1200-2500 kubmetr istehlak – kubmetri 20 qəpik;
2500 kubmetrdən çox istehlak – kubmetri 25 qəpik.
Elektrik enerjisi
200 kilovat-saatadək (200 kilovat-saat daxil) istehlak – kilovat-saatı 8 qəpik;
200 kilovat-saatdan 300 kilovat-saatadək (300 kilovat-saat daxil) istehlak – kilovat-saatı 9 qəpik;
300 kilovat-saatdan çox istehlak – kilovat-saatı 13 qəpik.
Su təchizatı və tullantı sularının axıdılması
Kubmetri Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 1 manat;
digər inzibati ərazi vahidlərində – 90 qəpik.
İstilik təchizatı
1 kvadratmetr yaşayış sahəsi üçün ayda 15 qəpik.
Bərk məişət tullantılarının yığılması və daşınması
1 nəfər üçün Bakı şəhərində – ayda 1 manat;
digər inzibati ərazi vahidlərində – ayda 70 qəpik.
Ev telefonu üçün aylıq abunə
3 manat 50 qəpik.