Hikmət Sabiroğlu
Azərbaycan-Ermənistan sülhünü əngəlləyən tək bir qüvvə var – Rusiya. İki ölkə anlaşsa, təhlükədən qurtulub əməkdaşlıq yoluna çıxar. Erməni görər ona nə Azərbaycandan zaval var, nə Türkiyədən. Azərbaycanlı da başqa problemlərin həllinə köklənər. Xalqları qırdıra-qırdıra bölgəni qəbiristanlığa döndərən Rusiya buna dözərmi?
Çoxu Rusiyaya bağlı erməni millətçilər Nikol Paşinyan hökumətini satqınlıqda ittiham edir, Azərbaycanla hər anlaşmanı gözdən salır. Başına əmud yenməsə, Paşinyan da Azərbaycan torpaqlarını şəllənmək istəyərdi. Şəllənə bilməyib ayıldı və ölkəsini girdabdan çıxarmağa çalışır.
Biz nə edirik? Hakimiyyətin sülh məsələsində ehtiyatlı davranışını anlamaq olur. Rusiyanın başının üstündən iş görməyə çəkinir. Elə pis əməl yoxdur deyəsən Rusiya buna getməz.
Cəmiyyətə gəlincə, bir çoxu reallıq hissini itirib, düşünür ki, Ermənistanı şumlaya, Göyçə-Zəngəzuru tuta, İrəvana gedib çıxa bilərik. Qırx ili döyən bu son milli davada başından bir tük əskik olmayanlar top-tüfənglə oynamasın. Dövlətin rəsmi mövqeyinə zidd bu zopa havasında biz yalnız hansısa Kreml agentinin Ermənistanda hakimiyyətə gəlməsinə yardım edə bilərik. Adil sülh olsa, dədə-baba torpaqlarına top-tüfəngsiz də yiyə durarıq, Göyçə-Zəngəzurda da sözümüz keçər, İrəvanda da.
Azərbaycan qanla həll olunmalı məsələyə nöqtə qoyub. Vətən azaddır. Qalan iş dinc çözülməlidir. 1988-ci ilin fevralına – düşmənçiliyin yenidən alovlandığı günə olan son xəritəni ortalığa qoyub sərhədləri dəqiqləşdirməliyik. İşğaldakı səkkiz kəndin taleyinə də sakitcə aydınlıq gəlməlidir. O kəndlərin dördü Ermənistan ərazisi ilə əhatə olunmuş vəziyyətdədir. Bizim də əlimizdə Ermənistanın elə bir kəndi var. Qarşılıqlı güzəşt mümkündür. Ya da prezident İlham Əliyevin dediyi kimi, bütün anklavlar qaytarılmalı, onlara gedən yollarda şərait olmalı və didərginlər öz yurdlarına dönməlidir.
Nə qədər inanılmaz görünsə də, Ermənistanla Azərbaycan Rusiyanın yüz illərlə qanla suvardığı bu bataqlıqdan əl-ələ verib qurtulmalıdır.
Uyğun yazılar: