Milli Məclisin 23 fevral iclasında “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliklər ilk oxunuşdan keçib. Təklifə görə, Məhkəmə-Hüquq Şurası məhkəmə statistikasının aparılması, məhkəmələrdə kargüzarlığın təşkili, hakimlərin əmək və sosial hüquqlarının təmin edilməsi, məhkəmələrdə icra və əmək intizamına riayət edilməsi üçün tədbirlər görmək səlahiyyəti alır. Şuraya birinci və apellyasiya instansiyası məhkəmələrində bu sahələr üzrə işin təşkili vəziyyətini yoxlamaq, habelə birinci instansiya məhkəmələrində sədr və sədr müavini öz vəzifələrini yerinə yetirə bilmədikdə və ya sədr və sədr müavini vəzifələri vakant olduqda onların vəzifələrinin icrasını müvəqqəti olaraq həmin məhkəmənin hakimlərindən birinə həvalə etmək hüququ da verilir.
Layihəyə əsasən, birinci instansiya məhkəməsinin hakimi öz vəzifələrini yerinə yetirə bilmədikdə və ya hakim vəzifəsi vakant olduqda Məhkəmə-Hüquq Şurası həmin məhkəməyə digər müvafiq məhkəmənin hakimini onun razılığı ilə 1 ilədək müddətə ezam edə bilər. Həmçinin Məhkəmə-Hüquq Şurası öz təşəbbüsü ilə birinci, apellyasiya və kassasiya instansiyaları məhkəmələrinin hakimləri haqqında intizam icraatına başlaya bilər.
Yeniliyin 2024-cü il iyunun 1-dən tətbiqi nəzərdə tutulur.
2005-ci ildə fəaliyyətə başlayan Məhkəmə-Hüquq Şurasının hakim vəzifələrinə seçkinin təşkili, hakimlərin fəaliyyətini qiymətləndirmək, onları intizam məsuliyyətinə cəlb etmək, hakimlərin iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi təqdimatları vermək səlahiyyətləri var.
15 üzvdən ibarət Məhkəmə-Hüquq Şurası belə təşkil olunur: hakimlərin konfransının seçdiyi 9 hakim (3-ü Ali Məhkəmə hakimi, 3-ü apellyasiya məhkəmələrinin hakimi, 3-ü birinci instansiya məhkəmələrinin hakimi); Konstitusiya Məhkəməsinin təyin etdiyi hakim; Milli Məclisin təyin etdiyi şəxs; Ədliyyə Nazirliyinin təyin etdiyi şəxs; Vəkillər Kollegiyasının təyin etdiyi vəkil; Azərbaycan Milli Elmlər Akademiyasının təyin etdiyi hüquqşünas alim; hakimlərin konfransının seçdiyi hüquq ictimaiyyəti nümayəndəsi. Şuraya Ali Məhkəmənin sədri İnam Kərimov sədrlik edir. Qurumun inzibati binası Bakının Zahid Xəlilov küçəsində (540-cı məhəllə) yerləşir.