Prezidentin təqdimatını nəzərə alan Milli Məclis 23 fevral iclasında Fikrət Məmmədovu Konstitusiya Məhkəməsinin hakimi təyin edib.
Novator.az bildirir ki, Fikrət Məmmədov 1955-ci il iyulun 1-i Bakıda doğulub. Moskva Dövlət Universitetinin hüquq fakültəsini və Bakı Ali Partiya Məktəbini (Dövlət İdarəçilik Akademiyası) bitirib. 1977-ci ildən prokurorluq orqanlarında məsul vəzifələr tutub, o cümlədən Baş Prokurorluğun Hüquqi Təminat İdarəsinin rəisi, Sumqayıt şəhər prokuroru, baş prokurorun müavini olub. 2000-2024-cü illərdə ədliyyə naziri (2005-2023-cü illərdə eyni zamanda Məhkəmə-Hüquq Şurasının sədri) postunda xidmət edib. Ədliyyə general-polkovnikidir.
1998-ci il iyulun 14-də yaradılmış Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir. Sədr vəzifəsini Fərhad Abdullayev, sədr müavini postunu Sona Salmanova tutur. Digər hakimlər bu şəxslərdir: Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov, Kamran Şəfiyev.
Konstitusiya Məhkəməsinin hakimləri 15 il müddətinə təyin edilir. Təkrarən təyinat yasaqdır. Vəzifədə olmanın yaş həddi 70 yaşdır. 70 yaşına çatmış hakim yeni hakim təyin olunanadək vəzifədə qalır. Sədrin və sədr müavininin təyinatı prezidentin səlahiyyətindədir.