UEFA-nın klub turnirlərində 2023-2024 mövsümünü 48 komanda davam etdirir: 1/8 final mərhələsində olan Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının hər birində 16 komanda var. Rusiya turnirlərdən kənardır, 35 UEFA üzvü təmsilçisiz qalıb, İtaliya itki verməyib.
Azərbaycan Avropa Liqasında “Qarabağ” komandası ilə təmsil olunur. 1/8 finaldakı potensial rəqiblər bunlardır: “Vest Hem”, “Brayton”, “Liverpul” (hər üçü İngiltərə), “Reyncers” (Şotlandiya), “Atalanta” (İtaliya), “Vilyarreal” (İspaniya), “Slaviya” (Çexiya), “Bayer” (Almaniya).
Çempionlar Liqasındakı 8 komandanın turnirdə zəfəri var. 1955-ci ildən keçirilən, 1991-ci ilə qədər Çempionlar kuboku adlanmış yarışda “Real” 14, “Bavariya” 6, “Barselona” 5, “İnter” (İtaliya) 3, “Portu” 2, PSV, “Borussiya” (Dortmund) və “Mançester Siti” 1 titul əldə edib.
Avropa Liqasında yer alan 3 komanda turnirə möhür vurub. 1971-ci ildən keçirilən, 2008-ci ilədək UEFA kuboku adlanmış yarışda “Liverpul” 3, “Bayer” və “Vilyarreal” 1 uğur qazanıb.
2021-ci ildən keçirilən Konfrans Liqasında “Roma” və “Vest Hem”in 1 zəfəri var. Hər iki komanda Avropa Liqasında yarışır.
Azərbaycan 55 üzvü olan UEFA-nın klub reytinqində 27-ci pillədə göstərilir. Reytinq turnirlərin son beş mövsümündə qazanılan əmsala əsaslanır. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-heçə yarım xal, sonrakı raundlarda qələbə 2 xal, heç-heçə 1 xaldır. Qrup mərhələsindən finaladək bonus xalları da var. Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır. Azərbaycan bu mövsüm 5,625 əmsal əldə edib.