Azərbaycanın 11 aylıq xarici ticarət statistikası açıqlanıb. Novator.az bildirir ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2023-cü ilin yanvar-noyabr aylarında 200 ölkə ilə ticarət aparılıb, 31,5 milyard dollarlıq ixrac, 15,8 milyard dollarlıq idxal rəsmiləşib, büdcəyə 5,7 milyard manat vəsait ödənib.
İxracın 90,4 faizi neft-qaz sektoruna aid olub, idxalda ən böyük pay maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələrini əhatə edib: 19,9 faiz.
11 ayda 3 milyard 33,7 milyon dollarlıq qeyri-neft məhsulu ixrac olunub. Meyvə-tərəvəz ixracı 641,2 milyon, plastmas və ondan hazırlanan məmulatlar ixracı 427,8 milyon, elektrik enerjisi ixracı 379,3 milyon, kimya sənayesi məhsulları ixracı 222 milyon, alüminium və ondan hazırlanan məmulatlar ixracı 180 milyon dollarla ilk beşlikdə göstərilib.
Maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri üzrə 3,1 milyard dollar, nəqliyyat vasitələri və onların hissələri üzrə 2,6 milyard dollar, yeyinti məhsulları üzrə 1,9 milyard dollar, qara metallar və onlardan hazırlanan məmulatlar üzrə 1 milyard 2,8 milyon dollar, əczaçılıq məhsulları üzrə 520,5 milyon dollarlıq idxal qeydə alınıb.
Məlumata əsasən, ixracın 4,7 faizi MDB ölkələrinə, 64,4 faizi Avropa İttifaqı ölkələrinə, 30,9 faizi başqa ölkələrə yönəlib, idxalda MDB-nin payı 27,5 faiz, Avropa İttifaqının payı 17,4 faiz, başqa ölkələrin payı 55,1 faiz olub.
İxracda əsas üç tərəfdaş mövqeyində İtaliya, Türkiyə və İsrail, idxalda Rusiya, Çin və Türkiyə qərar tutub.